Deyirəm, mart ayı bayram ayıdır. Analar günü, 8 Mart, Novruz bayramının çərşənbələri, Novruz bayramının özü... Bu bayramların içində eləsi var ki, mən deyərdim, öz mənasını itirib. İlk baxışda bunun Novruz bayramı olduğunu düşünənlər var ki, məhz Novruz bayramı əvvəlki kimi təmtəraqlı keçirilmir, adət-ənənələrimiz itib-batır.

 

Martın 8-i isə Ümumdünya Qadınlar Günüdür. Çox insan, əsas da qadınlar bu günün tarixi əhəmiyyətini başa düşmürlər, daha doğrusu, bilmirlər. 8 Mart deyəndə ağıllarına gül buketləri, bahalı zinət əşyaları, ətirlər və bunu kimi başqa şeylər gəlir. Əslində 8 Mart 1857-ci ildə Amerikanın Nyu-York şəhərində işçi qadınların uzun iş vaxtı, az əmək haqqı, əlverişsiz çalışma mühiti və səsvermə hüquqlarının bərpası uğrunda etdikləri etiraz aksiyası ilə bağlıdır. Bir sözlə, 8 Mart bir qadının hədiyyə gözlədiyi bir gün deyil, öz haqq və hüquqlarını bərpa etdiyi gündür. Ancaq, təəssüf ki, öz mənasını itirir.

 

İndi təsəvvür edin ki, on iki il məktəb, sonra dörd il universitet, iki il magistratura oxuyursunuz. Təhsilinizi başa vurduqdan sonra karyera xəyalları ilə başlayırsınız işləməyə. Bir müddət işlədikdən sonra ailə həyatı qurursunuz. Bir də baxırsan, karyeran ancaq xəyal olaraq qalıb. Yoldaşın bir tərəfdən, ailənin o biri üzvləri digər tərəfdən başlayırlar “qadın nədir, işləmək nədir, heç gəlin də işləyərmi” kimi dar düşüncələrini irəli sürməyə. Beləcə sən də o qədər təhsildən, xəyaldan sonra olursan evdar qadın. Bir də baxırsan, 8 Mart günü həyat yoldaşın əlində bir buket gül ilə gəldi ki, qadınlar günün mübarək. İndi bu günün nə mənası qaldı. Daha bu qadınlar bayramı yox, gül satanların bayramı oldu ki.

 

Əlbəttə, hədiyyə alınması, kiçik jestlər edilməsi qadınları xoşbəxt edir. Amma elə bunun üçün 8 martı gözləməyə ehtiyac yoxdur. Hələ qarşı tərəfi “silah gücünə”, “hədə-qorxu ilə” buna məcbur qoymağa, 23 fevralda alınan hədiyyənin qarşılığını ödətdirməyə və ən önəmlisi, sosial şəbəkələrdə “ürəyimin mənim üçün aldığı 8 Mart hədiyyəsi” başlığı altında paylaşmağa nə ehtiyac var? Onsuz da biz ən böyük hədiyyəni – öz hüquqlarımızı etiraz aksiyası zamanı almışıq. Daha onu bir buket gülə, bahalı hədiyyələrə dəyişəndə nə mənası qalır. Qaldı ki yuxarıdakı evdar qadın məsələsi, təbii ki, evdar qadın olmaq pis deyil. Bütün qadınlar ali təhsil sahibi olmalıdır deyə bir qayda yoxdur. Amma gərək evdar qadın da öz haqqını bilsin, kölə olmasın. Uzun illər əsarətdə olmuş bir ölkə üçün müstəqillik nə ifadə edirsə 8 Mart da gərək bütün qadınlar üçün o mənaya gəlsin.

 

Həə, bir də onu deyim ki, 8 Mart elm ocaqlarında da müxtəlif cür qeyd edilir. Amma onu açıb ağartmıram. Qorxudan yox, utandığımdan. Bəzi savad öyrədənlər 8 Martın nə üçün bütün dünyada qeyd edildiyini, nə ilə bağlı olduğunu öyrətmək yerinə, ondan başqa cür istifadə edirlər. Əminliklə deyə bilərəm ki, onların içində eləsi var bu günün hansı münasibətlə qeyd olunduğunu bilmir, amma hamıdan əvvəl gözünün qabağında İvane Cavaxişvilinin, Akaki Seretelinin, İlya Cavcavadzenin və başqalarının şəklini canlandırır (pulun üzərindəki şəklini). Hələ yaxşı ki, Benjamin Franklinin şəkli səviyyəsinə yüksəlməyiblər. Day iş belə olanda yetişən nəsil nə etsin? Onsuz bu belə davam etsə hələ gül satanlar qadınlardan daha çox sevinib, daha çox pul qazanacaqlar. 8 Marta rüşvət donu geyindirmək, sovet dövründən qalmış hər hansı bir günün əvəzini çıxmaq üçün hədiyyə alınan bir gün kimi baxmaq əvəzinə, ona öz əhəmiyyət kəsb etdiyi dəyəri verək.

Çiyalə Osmanova

 Qardabani 3 saylı ictimai məktəbin 12-ci sinif şagirdi