Zaman çox sürətlə keçib gedir. Dəqiqəni saatlar, saatları günlər, günləri aylar, illər əvəz edərkən mövsümlər də bir-birini əvəz edir. Bu qaçhaqaç bəzən o qədər sürətli olur ki, necə keçdiyini belə dərk etməkdə insan çətinlik çəkir.

 

Keçici olan həyatı əbədiləşdirmək uğrunda yaşayırıq sanki yer üzündə. Ölümü unudaraq, çox vaxt da xatırlamaq belə istəmədən dalırıq dünya istəklərinə. Bitib-tükənməz işlərimizi yoluna qoymaqdan başqa düşüncəmiz də yoxdur. Yox, uşaqlar böyüyür, onlara ev alaq; yox, uşaqlar evlənəcək, onlara gözəl həyat verək; yox, maşın köhnəldi, yenisini alaq; ev təmir olunasıdır deyərkən bir də baxırsan ki aradan illər keçib, saç ağarıb, üz qırışıb... Bu dünya işlərindən zaman tapmırıq ki, bir düşünək, görək sabah öldüyümüzdə sonumuz nə olacaq? Bizi yaradan Allah bizdən nə istəyir? Axirətimiz üçün hansı yatırımları edirik? İbadət etmək ağlımızdan belə keçmir. Sadəcə bir düşüncəmiz olur ki, bu işimi də həll edim, ibadətə başlayaram. Ancaq düşünmürük ki, ölümün saatı yoxdur. Əzrayıl hər an, hər yerdə yaxamızdan tutub apara bilər.

 

İnsan hər zaman bu dünya üçün çalışdığı kimi axirəti üçün də sərmayə yığmalıdır. Heç kim demir ki, bu dünyadan əl üzüb sadəcə axirət üçün çalış. Həzrət Peyğəmbər bir hədisi-şərifində buyurur: “Sizin xeyirliniz dünyası üçün axirətini, axirəti üçün də dünyasını tərk etməyəndir” (Kənzu-Ummal, III/238, h.n: 6336). Başqa hədisdə isə “dünya axirətin tarlasıdır” buyurulur. Sözün sahibinin kim olduğunu bilmirəm, ancaq gözəl və mənalı bir deyim də var, buyurulur ki: “Heç ölməyəcəkmiş kimi bu dünya üçün, hər an öləcəkmiş kimi axirət üçün çalış”. Ancaq bu ikisinin arasında orta yolu tapmaq böyük məharət istəyir. Qeyd olunan hədislərdə və hikmətli sözdə istər dünya, istərsə də axirət üçün görüləcək işlərə ciddi yanaşmağın lazımlılığına işarə olunur. Sabah öləcəyini düşünən insan bütün dünya işlərini tərk edib, səmimi və ciddi şəkildə axirətə üz tutur. Əsla ölməyəcəyini düşünən insan isə gələcəkdə də görəcəyi işlərin sonsuz illər ərzində ona xeyirli olması üçün görəcəyi işin sağlam, davamlı və gözəl olmasının lazım olduğunu düşünür. Bu baxımdan bu hədislər həm dünya, həm də axirət işlərini ehtiyatla görməyin vacibliyinə diqqət çəkir. Onu da qeyd edək ki, buradan da anlaşıldığı kimi, islam dini insanı dünyadan uzaqlaşdırıb sadəcə axirəti düşünməyə imkan vermir. İslam dini orta yollu olmağı hədəfləyir. Dinin məqsədi dünyada qazandığı nemətlərin, var-dövlətin Allah tərəfindən ona verildiyini xatırlatmaqdır. Digər tərəfdən də sadəcə dünyalığı düşünən insan nəfsinin əsiri olaraq xəsisliyə tutulur. Axirət düşüncəsi olan insan isə bu sərmayəsini digər ehtiyacı olan insanlarla bölüşərək axirətinə də yatırım etmiş olur.

 

Yalnız dünyanı və dünyalığı düşünən insan əbədi olanı seçmək istəyir, əbədi qalana yatırım etməyi arzulayır. Ancaq düşünmək lazımdır ki, nə etsən də bu dünyadakı həyat bir gün sona çatacaq, uğrunda hər şeyini verdiyin mülkün bir müddət sonra başqalarının qisməti olacaq. Ancaq əbədi olanın isə Quran və hədislərdən də öyrəndiyimiz kimi, axirət həyatı olduğunu xatırlamalıyıq. Bunu xatırladığımız müddətdə də o əbədi olana sərmayə toplamağa çalışacağıq. Çünki bu əbədiyyət ya cənnət bağçalarından bir bağça, ya da cəhənnəm çuxurlarından bir çuxur olacaq. Həm dünya, həm də axirət üçün çalışmaq istəyiriksə o zaman həm halal yollarla qazanmağa, həm də qazandığımızın Allahın bir neməti olduğunu düşünərəkdən müəyyən bir hissəsindən kasıblara, ehtiyacı olanlara da verməliyik. Bunu etdiyimiz təqdirdə əbədi həyatdakı yerimizin cənnət bağçası olacağını Allah bizə vəd edir. Ancaq bu etdiklərimizi də Allahın razılığını qazanmaq niyyəti ilə etmək şərti ilə. Yoxsa, filankəsin nə comərd adam olduğunu görsünlər deyə edəriksə o zaman cənnət bağçasını cəhənnəm çuxuruna çevirmiş olarıq.

 

Dünyada gördüyümüz işləri axirət sərmayəsinə dönüşdürə bilmək ümidi ilə...

 

Müəllif: Hacı Bəkiroğlu