Heç kimə, hətta öz övladlarına, nəvə-nəticələrinə belə etibar etməyən qocalar haqqında bir hekayət oxuyacağınızdan əmin olun. O səbəbdən də, dəli sözü, qulağınız məndə olsun.

 

Bu mövzunu banklardan birinə yönüm düşərkən qamarladım. Və düşündüm ki, hazır halva bir mövzudur, elə gördüklərimi yazsam əməlli-başlı bir yazı alınar. Elə bu ümidlə də başladım klaviaturanın təpəsinə taqqıldatmağa.

 

Bankda xeyli sıxlıqdır. Tünlüyün yaranması bu gün müştərilərin arasında təqaüdçülərin çoxluğu ilə bağlıdır. Bu gün qocaların əllərinin, ciblərinin sevinən günüdür. Ayda bir gün də olsa onların da sevinmək, ailə büdcəsinə yardımda bulunmaq, bu yardımdan dolayı özlərini yararlı saymaq haqlarını kimsə dana bilməz. Niyə ayda bir gün məsələsinə də bir qədər sonra aydınlıq gətirməyə çalışacam.

 

Qocaların çoxu köməksiz nə yeriyə, nə də ayrı bir hərəkət edə bilir. Ya gərək kimsə onların qoluna girə, bu da olmasa, gərək əlağacına dirənələr. Yaşı səksəni, hətta doxsanı keçmiş bu qocaların başqa cür hərəkət etmələri mümkünsüz görünür. Damarları çıxmış əlləri ilə əlağacından elə möhkəm yapışırlar ki, deyərsən, tutduqları bu quru ağac onları həyata bağlayan yeganə vasitə, bədənlərinin ayrılmaz bir parçasıdır.

 

Allaha ağır getməsin, bu günlük, sabahlıq ixtiyarları buralara gətirib çıxaran nədir? Axı onların alacaqlarını almaq bu qədərmi müşküldür? Elə onları buraya gətirən yaxınları – oğlu, qızı, nəvəsi, nəticəsi, ya elə qonum-qonşusu onların təqaüdlərini ala bilməzlərmi? Ala da bilərlər, hətta anrı da keçərlər. Onların bu bir qırıq pulu almaqlarına heç nə mane olmur, qadağan-filan da yoxdur ki, sən niyə kiminsə pulunu bankomatdan çıxarırsan. Bəs səbəb nədir ki, bu qoca-qoltuqlar ayda bir dəfə bankın yolunu tuturlar? Heç əksəriyyəti bankomatdan pulu necə çıxarmağın yönünü-yöntəmini də bilmir. Onların əvəzinə bu əməliyyatı ya bank işçilərindən biri, ya yanında gələn müşayiətçi, ya da banka yolu düşən müştərilərdən biri yerinə yetirməli olur. Kənar adamların hərdən bu qocaları aldatmaları, pullarının arasına keçmələri kimi xəbərlər də qulağımıza dəyir. Bu da bir ayrı dərddir.

 

Düzdür, bu ixtiyarların bir qisminin pensiyalarını almağa adamları yoxdur. Oğul-uşaq onları dörd divarın arasında, damın altında taleyin ümidinə buraxaraq, qazanc dalınca gedib. Onlar da məcburiyyətdən öz müşküllərini özləri çözməli, uşaq yerinə də, böyük yerinə də özləri yüyürməli olurlar.

 

Bu ixtiyar qocaların, yaşlı qadınların oğul-uşağa etibar etməmələrinin min bir səbəbi var. Nəvəyə-nəticəyə etibar edib bank kartlarını verəcəklər, nəvə-nəticələri da aparıb qoyacaqlar mərc oyunlarına, oyun aparatlarına. Ya da qulaqlara qurğuşun, ekstaza, transa getmək üçün qara-quraya. Ondan sonra gəl, ölünü qoy, dirini ağla. İt də gedəcək, ip də. Nənə-baba da oturub gözləyəcək ki, pensiyası bu gün gələcək, sabah gələcək. Gözləməkdən gözlərinin kökü saralacaq.

 

Oğula-qıza da heç etibar qalmayıb. Niyəsini deyimmi? Oğulun, qızın da yüz dərdi-azarı var. Ya işıq pulu ödəməlidir, ya qaz pulu. Hələ interneti demirəm. Hələ daha böyük azar olan bank kreditlərini yada salmıram. Sizin bəzilərinizin bu məqamda mənə çəp-çəp baxdığınızı hiss edirəm ha. Guya mən olmayan şeylərdən danışıram, siz də özünüzü elə aparırsınız guya heç belə şeyləri görüb eləməmisiniz.

 

Doğmalarının əllərinə çöplə çəyirtkə verdiklərini, əllərini quru yerdə qoyduqlarını öz acı təcrübələrindən bilən bu yaşlı, ixtiyar vətəndaşlarımızın yadlara, qonum-qonşuya etibar etmələri mümkündürmü? Əlbəttə, ilan vuran ala çatıdan qorxan kimi, dəfələrlə ağzı yanmış bu insanlarımızın hamıya şübhəylə baxmaları təbii görünməlidir.

 

Bu biçarələr aldıqları pensiyanı gorlarına aparası deyillər. Onsuz da ailənin əyər-əskiyinə xərcləyəcəklər. Bir az da gələcək qara günləri üçün gorluq-kəfənlik toplamağa niyyətləri var. Bunu da başlarına bir iş gələndə oğul-uşağın təntişməməsi, əl-ayağa düşməməsi məqsədilə etdikləri gün kimi aydındır.

 

İndi biz durub kimi qınamalıyıq? Sosial ehtiyaclar burulğanında boğulan oğulu-qızımı, yoxsa kisəsi boş qalan qocalarımı? Bizim bu məsələdə kimin tərəfini saxlamamız, kimə qahmar çıxmamız problemi həll etməkdən çox, daha da qəlizləşdirməzmi? Əmanətə xəyanətin yaxşı bir əməl olmadığını, halallığın müsbət insani keyfiyyət olduğunu da hamımız bilirik. Amma nə etməli, kapitalizmin acı gerçəklərindən biri alıb-aldatmağın qoçaqlıq sayılmasıdır. Atalarımız yalan ayaq tutar yeriməz desələr də, kapitalın dəyər sayıldığı indiki zamanımızda yalan nəinki ayaq tutub, hətta yeriyir də, yeri gələndə yüyürür də. Heç dalınca atlı salsan çata da bilməzsən.

 

Siz nə deyirsiniz?!.

Afiq MUXTAROĞLU