19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində eqzistensializm adlanan bir fəlsəfi cərəyan yaradıldı. Bu fəlsəfi cərəyana görə, var olan hər bir şeyin – istər canlı olsun, istər cansız – bir məqsədi olmalı idi. Məsələn: kitabın məqsədi insanlara məlumat vermək; dəftərin məqsədi (yazılmaq) insanların bir çox məlumatlarını qoruyub saxlamaq; hər hansı bir heyvanın məqsədi həyatda qalmaq və nəslini davam etdirmək idi. Eqzistensialistlərin fikrinə görə, ancaq insan tamamilə fərqli idi. Eqzistensialistlərin fikrincə, insan dünyaya gələndə bütünlüklə məqsədsiz olurdu, ancaq insan dünyaya gəldikdən sonra öz məqsədini özü yaratmaq məcburiyyətində idi. Hər insan qarşısına məqsəd qoymalı idi: kimi ədəbiyyatçı olmalı idi, kimi həkim olub insanları müalicə etməli idi. Əsas məsələ də burada başlayır. Nədir bu məqsəd? İnsanın əsas məqsədi nə olmalıdır? İlk əvvəl, məqsəd və hədəfin fərqini müəyyənləşdirmək lazımdır. Kiminə görə, hədəfin məqsəddən fərqi onun uzun bir zaman kəsiyini ehtiva etməsidir, məqsədin isə daha qısa bir müddət ərzində gerçəkləşməsini qeyd edirlər. Kiminə görə isə, hədəf – çatılmaq istənən məqsədin son həddidir. Məsələn, əgər mən bir xarici dil öyrənirəmsə, bu dil öyrənmə prosesinin sonuna hədəf deyilir. Məqsəd isə bu dil öyrənmə prosesinin özüdür. Burada isə mən, hədəfdən və ya başqa bir şeydən deyil, məqsəddən bəhs edəcəyəm.
Bəli, biz qeyd etdik ki, insan doğulandan sonra öz məqsədlərini müəyyənləşdirməli və həyatına məna qazandırmalıdır. Hətta dində belə insanların ali bir məqsədlərinin olduğunu danışırlar və bu məqsəd hər şeyin yaradıcısına yaxınlaşmaq olaraq qeyd olunur. Ancaq insanın məqsədləri sadəcə bununla bitmir. Bir ömrü əhatə edən məqsəddən əlavə insanın bir çox xırda məqsədləri də olur.
“Yaşamağın məqsədi insanın özünü inkişaf etdirməsidir”, - deyə qeyd etmişdir Oskar Vayld (Oscar Wilde). Şəxsin özünü inkişaf etdirməsi din sahəsində də ola bilər, sənət sahəsində də, idman sahəsində də, elm sahəsində də... Əsas məsələ odur ki, insan hansısa bir sahədə özünü inkişaf etdirsin. Əslində məqsədi olmayan insan çox azdır desək, yanılmarıq. Ancaq baxır hansı məqsəd... bu məqsəd insanlara nə dərəcədə faydalı olacaq? İnsanlar tanıyıram dəbdəbəli bir evə, yaxud bahalı bir avtomobilə sahib olmaq üçün illərlə çalışır, çırpınır. Axırda məqsədinə nail olur da... bu da pis deyil. Ancaq bunun digər insanlara nə dərəcə faydalı olduğu da ayrı bir məsələ. Əvvəlcə qeyd etdiyimə uyğun olaraq, avtomobilin məqsədi insanları bir yerdən başqa yerə daşımaq (yəni bu məqsədi bahalı bir aftomobil də yerinə yetirir, ucuz bir avtomobil də), evin məqsədi isə insanlara sığınacaq olmaqdır və s. Bir də məqsədə çatmaq yolunda görülən işdən zövq almaq məsələsi var. İnsanlar var ki, məqsədə çatmaq üçün əzab-əziyyətlərə qatlanmalı olurlar, ancaq məqsədə çatdıqdan sonra bir müddət ərzində məqsədə çatmağın həzzini yaşayırlar, sonra hər şey öz əvvəlki vəziyyətinə qayıdır. Sahib olduqları şey artıq onlar üçün adi bir şey kimi görünür. Məqsədə çatan insan məqsədə çatmağın həzzini artıq uzun müddət davam etdirə bilmir və qarşısına xırdalı-böyüklü yeni məqsədlər qoyur. Ancaq bunun əksi də mövcuddur, onu da qeyd edim. Elə insanlar da var ki, qarşılarına məqsədlər qoyur və bu məqsədə çatmaq üçün çalışır. Bu insanlar təkcə məqsədə çatmağın zövqünü yaşamırlar, həm də məqsədə çatmaq üçün sərf etdikləri vaxt boyu həzz alırlar. Yəni onlar sadəcə məqsədə çatdıqdan sonra deyil, həm də məqsədə çatmaq prosesinin özündən zövq alırlar, məqsədə çatmaq üçün sərf etdikləri hər andan zövq alırlar.
Buna uyğun olaraq özüm barədə bir şeyi qeyd edim: məsələn, mən, dövlət dilimiz olan gürcü dilini öyrənməkdəyəm. Mən yalnız bu dili tamamən öyrənib qurtarandan sonra deyil, indinin özündə də, gürcü dilində öyrəndiyim hər sözdən ayrı-ayrı, qura bildiyim hər cümlədən ayrı-ayrı zövq alıram. Bu da mənim özümə olan inamımı gücləndirir.
Son olaraq, bu yazını oxuyan hər kəsdən xahiş edirəm. Universitetə qəbul olub təhsil almağa çalışanlar, fikirləşməyin ki, bir müddət sonra 4, yaxud 5 il gəlib keçəcək və diplomunuzu alıb bir işə təyin olunub işləyəcəksiniz. Çalışın oxuduğunuz hər dərsdən, öyrəndiyiniz hər yeni bilikdən zövq alın. Bahalı avtomobilə və yaraşıqlı evə sahib olmaq üçün çalışanlar, çalışın qazandığınız hər 5 manat pul üçün belə sevinin. Gözləməyin ki, bir müddət sonra bunlara sahib olacaq və sevinəcəksiniz. Övlad sahibi olub, bu övladı böyüdüb, evləndirib nəvə-nəticə sahibi olmaq istəyənlər, çalışın övlad sahibi olduğunuz üçün şükr edin və bu övladı sevməkdən, ona öyrədə bildiyiniz hər yeni şeydən zövq alın. 20-25 il sonrası üçün indidən əziyyət çəkməyin. Çalışın yaşadığınız hər dəqiqənin qədrini bilin, hər dəqiqədən zövq alın, yaşamağı, həyatdan zövq almağı müəyyən bir müddətdən sonraya saxlamayın. Unutmayın! Vaxt keçib gedir. Həyat isə qısadır.
Vüqar VƏKİLOĞLU