Tarixin hər bir dövründə yaşayan insan üçün öz dövrü, zamanı ən müasir zamandır. Çünki o zaman özündən öncəki dövrlərə nisbətən daha modern bir dövr hesab olunur. Son zamanlarda cəmiyyətimizdə gördüyüm bir çox hadisə məndə bu yazını yazmaq düşüncəsini oyatdı. Bu gün bizin dövrün insanları isə müasirliyi tam başqa məqsədlərlə istifadə edirlər. Bəli, bizim dövrümüz də bizə görə müasir dövrdür, keçmiş dövrlərə görə ən inkişaf etmiş çağdır. Əlbəttə, zamanla ayaqlaşıb müasir olmaq lazımdır. Elmlə, irfanla, ədəblə, əxlaqla müasirləşmək lazımdır. Digər insanları, inancları, əqidələri xor görmək, onları aşağılayaraq özünü üstün tutmaq müasirlik deyil. Müasirlik digərlərinin həyat tərzinə, dini inancına, mədəniyyətinə hörmət göstərərək öz həyat tərzini də yüksəltməkdir. Bu gün cəmiyyətimizdə müasirlik sözü dini inanclardan uzaqlaşaraq soyunmaq, içki məclislərində zaman keçirmək, qumarxanalarda ömür sürmək kimi qəbul edilir.

 

Yuxarıda da vurğuladığım kimi, müasirlik elmlə, inkişafla irəli getməkdir. Müasirlik ictimai yerlərdə, camaat içərisində utanmadan, arlanmadan bəzi xanımların bədən üzvlərini göstərərək buram silikonludur, oramı aldırmaq istəyirəm, filan yerimi şişirtmək istəyirəmlə olmur. Bəziləri də islam dininə mənsub olan dindarları xor görərək, ibadətləri və bəzi dini ritualları xor görərək gerilik zənn edirlər. Ancaq oxusalar görərlər ki, elə islamın müqəddəs kitabı olan Quranın nazil olan ilk ayəsi oxumağı əmr edir, bir çox ayəsində insanı düşünməyə, ağlını istifadə etməyə çağırır. Yəhudilərin başlarına qoyduqları kipa adlı geyimi görən kimsə səsini belə çıxarmaz, amma müsəlmanların təkkə və ya fəs adlanan papağı geyinənlərə gerilik kimi baxırlar. Özünü müasir adlandıran və ya müasir baxışlı insan anlamalıdır ki, bu, hər hansı bir dinin nümayəndəsi olursa olsun onun simvolik bir geyimidir və ona onu xor görmə haqqını vermir.

 

Bir çox sosial media kanallarında və ya səhifələrində də namaz formasını və ya hər hansı bir dini ayini anladan videolar gördükdə başlayırlar ki, dünyada filan iş görülür, müsəlmanlarsa bununla məşğuldur. Heç başqa dinin dindarlarının nə işlə məşğul olduğunu görən yoxdur. Digər dinlərin nümayəndələri öz dindarlarını görəndə ona necə hörmətlə, ehtiramla yanaşdığını görmürsünüzmü? Heç bir fizikadan anlamayan bir fiziklə, riyaziyyatdan anlamayan bir riyaziyyatçı ilə mübahisə etmir, amma içkisindən, qumarından qalmayan hər kəs dini mövzuda başlayır ilahiyyatçı ilə mübahisə etməyə. Bilmirsən, bunların dinlə olan ədavəti nədir. Ancaq başlarına bir fəlakət gələndə başlayırlar dindar bir adamın axtarışına çıxmağa, dini mövzularda məsləhətlər almağa. Mən burada kiminsə tərəfini tutmağa çalışmıram. Əlbəttə, bir dindar olsa belə o da digər elmlərə bələd olmalıdır.

 

Müasirlik deyilincə biz orta məktəbi yarıda qoyub evlilik arxasınca düşməyi, hələ yetkinlik çağına çatmamış övladlarımızı sükan arxasına oturdub təhlükələr yaratmağı, erkən yaşda içki və siqaretə başlamağı anlayırıq; örtülü geyinən qızlarımızı içəri salıb, o paltarını çıxarıb, açıq-saçıq geyindirməyi, öz dilimizə biganə qalaraq ala-yarımçıq bildiyimiz rus və ya ingilis dilində danışmağa çalışarkən özümüzü biabır etməyi anlayırıq. Bax, bunun üçün də biz müasir ola bilmirik, ancaq bizi fəlakətə aparan səhv düşüncələrimizin əsiri oluruq.

 

Görəsən biz nə zaman müasirliyin sinif otaqlarında söz atmaqla deyil, dərs oxumaqla, kompüter arxasında oyun oynamaqla deyil, məlumat axtarmaqla, zamanını qumarxanada deyil, kitabxanada keçirməklə əldə olunduğunu anlayacağıq?

 

Hacı BƏKİROĞLU