Hər bir millətin özünün inkişaf sahəsi var. Bizim millətin inkişaf sahəsi isə falçılıq, cadugərlik, baxıcılıqla bağlıdır.

 

Falçı adlandırılanların əksəriyyəti insanları aldatmaqla məşğuldurlar. Keçmişdən xəbər versə də, heç bir falçı insanın gələcəyini dəyişə, onu xoşbəxt edə bilməz. Bunu bacaran olsaydı, əvvəlcə özünə çarə qılardı. Axı falçıların bizim kimi dərdi yoxdurmu?

 

“Bu gecə mənə vergi verildi, ay camaat, daha mən də baxıcı oldum”, deyə hər gün ortaya yeni fala baxanlar çıxır. Biznes yaradıblar. Hər falçının da cadusunun öz qiyməti var. Ağız, dil “bağlatmaq” ayrı, ər-arvadı boşatmaq ayrı, kimisə vəzifəsindən eləmək ayrı qiymətədir. Kofe içirsənsə qiymət artır, kartla baxdırırsansa stabildir, şəkillə baxdırırsansa onun da öz qiyməti var imiş.

 

Yeni falçılar isə öz bizneslərini müasirləşdiriblər. Deməli, hər şeyin onlayn rejimə keçdiyi ərəfələrdə, falçılar da bundan geri qalmadılar. Daha onların evlərinə, iş kabinentlərinə getməyə ehtiyac yoxdur. Tik-tokda müəyyən sayda bir izləyici kütləsinə sahib olan falçı və baxıcılar öz hesablarında “ödənişi zəhmət olmasa bu kart nömrəsinə edin” başlığı altında canlı yayım açaraq, canlı yayımda izləyicilərin falına baxır, suallarına cavab verirlər. Onlara inananlar da pulu köçürüb canlı yayımda adını, soyadını, yaşını və bir neçə vacib məlumatları yazıb başlayırlar diqqətlə qulaq asmağa. Falçı da kartları-filan düzür və həmin adamın keçmişini, onu gələcəkdə nə gözlədiyini deyir. İzləyənlərin çoxu da gəlin bacılardır. “Görəsən həyat yoldaşım məni daha çox sevəcəkmi” düşüncəsi ilə falçıya, baxıcıya pulu göz qırpmadan köçürürlər. Get o pulla evinə bazarlıq elə, həyat yoldaşına bir az xoş sifət göstər, onun üçün bir şey elə ki, səni daha çox sevsin. Niyə falçıdan, baxıcıdan mədət umursan. Sonra da yaxşı bir şeymiş kimi oturub danışırlar. “Ay qız, filan molla çox düz deyir, nə dedi elədim, elə gözəlik, elə gözəlik”, deyə başlayırlar falçını tərifləməyə. 

 

Adətən falçılar yaxşı psixoloq olur, insanın etibarını qazanıb bir az tanıyandan sonra, onu müəyyən bir gələcək həyata bağlayırlar və insan falçının vəd etdiyi gələcəyi özü gerçəkləşdirməyə başlayır. Falçı deyəndə beş gün sonra xoş xəbər alacaqsan, sevinəcəksən, o beş günə ümidlənərək özlərini hazırlayırlar. Bunun fərqində ola bilməyəcək qədər də gözlərinə pərdə asılır. 

 

Ta qədim zamanlardan cadu təbiət qüvvələrinə qarşı istifadə olunsa da, zaman keçdikcə insanlar hər cürə işlərini caduyla həll etməyə başlayıblar: evlilik, boşanma, “ev yıxmaq”, “ev tikmək”, “bəxt açmaq”, “bəxt bağlamaq”, qayınana ilə dalaşmaq, ərin dilini, ağzını “bağlatdırmaq” və s. Bununla məşğul olanlar da “xalalardır”, o “xalalar” ki, hər şeydən xəbərdardırlar. Onlar kiməsə pislik etmək üçün, kiminsə bəxtini “bağlatdırmaq” üçün, zəhlələri gedən kim varsa pis günə qoymaq üçün falçıya gedirlər – paxıllıq oduyla yanaraq “Mənim qızım niyə yarımadı, onunku xoşbəxt oldu”, “Mənim oğlum niyə qazanmadı, onunku qazandı, bir cadu düzəltdirim, qiyməti nə olur olsun, təki onun uşağı da pis günə düşsün” deyənlər... Bir sözlə, bu “xalalar” çox təhlükəlidirlər. Onlarla gərək yaxşı dolanasan, yoxsa, bir də gördün “evdə qalmısan”, ya da həkimdən “altı ay ömrün qalıb” xəbərini eşidirsən...

 

Ən məşhur cadu isə ərə getməklə bağlıdır. Əgər ərə gedə bilmirsənsə, bu “xalaların” sözünə görə, sənə güclü cadu ediblər. Evdə qalmağın, pul qazana bilməməyin, ailədə dava olmasının, sən demə, günahkarı “cadu”dur. Artıq elə hal yaranıb ki, insanlar bir-birinin sevincinə sevinə bilmədikləri üçün caduya əl atırlar. Sən kiməsə cadu etdirməmisənsə niyə özün pis olan kimi ağlına ilk öncə “mənə cadu edilib” düşüncəsi gəlir. Hər kəs də buna görə qorxur, elə nə oldusa deyir: “aha, burada bir əməl var”.

 

Ailəni, xoş münasibəti qoruyan hansısa fırıldaqçının yalandan etdiyi cızmaqara deyil. Cadu etdirənlər də, əlbəttə, bir gün cavabını verəcəklər. Həyatın öz qanunları var. Nə yaşamalıyıqsa onu da yaşayıb görəcəyik. Üç gün sonramızı öyrəşib nə edə bilərik ki? Qarşısını ala biləcək yeganə qüdrət sahibi olan Allahdır. Biz ona sığınıb, ona sadiq bəndələrdən olsaq, hətta kimsə həqiqətən bizə cadu etdirmiş olsa belə, onun əsla təsiri olmaz.

Aytən Fətullayeva