Deyir, şər deməsən xeyir gəlməz. Biz də şər deyək, bəlkə xeyir gəldi...

 

Dünyanın düz vaxtından əliəyri adamın əyri yol çəkdiyi günə qədər insanın şəriki olan şər heç də həmişə həppi endlə bitən Hollivud filmlərindəki kimi xeyirə məğlub olmur, virus kimi tez yayılır, çoxalır, imperiyaya çevrilir – şər imperiyasına, harada ki, xeyiri aşkara çağırmırlar, xeyiri güdürlər...

 

İki canavar haqqındakı pritçanı yəqin ki, bilirsiniz. Burada tirajlayım ki, bilməyənlər də oxusunlar. Bəlkə kiməsə xeyiri dəydi.

 

Deməli, günlərin bir günü qoca öz nəvəsinə deyir:

 

– Hər bir insanın daxilində iki canavarın mübarizəsinə bənzər mübarizə gedir. Canavarlardan biri paxıllıq, qısqanclıq, peşmanlıq, təkəbbür, lovğalıq və yalanı təmsil edir. Digər canavar isə sülh, məhəbbət, ümid, həqiqət, xeyirxahlıq və sədaqəti təmsil edir.

 

Babasının sözlərindən təsirlənən nəvə bir anlıq fikrə gedir, babasından soruşur:

 

– Bəs sonda hansı canavar qalib gəlir?

 

Qoca gülümsəyərək cavab verir:

 

– Sonda həmişə yemlədiyin canavar qalib gəlir.

 

Şərin yer üzündən kökünü kəsmək üçün, yəqin ki, hər kəs öz daxilindəki paxıllığı, qısqanclığı, təkəbbürü, lovğalığı, yalanı, kini, hərisliyi öldürməlidir, bu canavarı ac saxlamalıdır ki, gəbərsin. Təkcə bununla iş bitmir həm də. Pis canavarı öldürüb, yaxşı canavarı da yiyəsiz it kimi küçələrə buraxıb, ac saxlamaq da olmaz. Gərək sülhü, məhəbbəti, ümidi, həqiqəti, xeyirxahlığı, sədaqəti, mərhəməti təmsil edən canavarı da yaxşı yedirdəsən, yaxşı bəsləyəsən ki, o da quduzlaşmaya. Qabilin Habilə əl qaldırması ilə öldürmək feilinin yarandığı gündən son dəfə istifadə olunacağı günə qədər mövcud olan və olacaq şərin kökünü yer üzündən kəsmək haqqında danışmaq inandırıcı görünməsə də, nikbin olmaq istəyirəm. Ümid sonda ölür yəni.

 

Gecənin xeyirindənsə gündüzün şərini seçə-seçə şərə öyrəşdik. İçimizdəki şər canavarını özümüz yemləməsək də məktəblərdə yemləməyə başladılar. Tarix səhifələrində düşmənlərimizi əzbərlədik, insanların necə birgə yaşayaraq yaratdıqlarını yox, necə bir-biri ilə savaşaraq dağıtdıqlarını öyrəndik. Hesabı insanları milliyətinə, inancına, dərisinin rənginə, dilinə görə bölmək üçün, çıxmaq üçün öyrəndik. İkinci xarici dil olaraq nifrət dilini öyrəndik və cəmiyyət içində bir-birimizlə bu dildə danışdıq. Bütün bunları ali məktəbdə daha geniş, daha dərin öyrənməyə başladıq...

 

İçimizdəki şər canavarını özümüz yemləməsək də küçələrdə, çayxanalarda, toyxanalarda, mağazalarda, apteklərdə, xəstəxanalarda, dövlət idarələrində, siyasi partiyalarda yemlədilər. Canavar yal yeməsə də yala öyrətdilər canavarlarımızı. Yala hürən it yalan oldu, yala uladı canavarlarımız. Bir qarın yal üçün şər-şəbədə qoşaraq ona-buna şər atmağa başladıq. Şərəf sözündə birinci hecanı qoruduq...

 

Sonra “insan insanın canavarıdır” deyib öz şər əməllərimizə haqq qazandıraraq bir-birimizi daha çox didib-parçaladıq, bir-birimizin uğuruna, xoşbəxtliyinə, sağlamlığına, evinə, maşınına, uşaqlarına, işinə, eşinə paxıllandıq, qısqandıq, yalan danışdıq, lovğalandıq, oğurladıq, alçaltdıq, təhqir etdik, öldürdük... Beləliklə də içimizdəki şər canavarını daha çox yemlədik, bəslədik, bordadıq, özümüz canavara çevrildik...

 

Bəs siz daxilinizdəki hansı canavarı daha çox yemləyirsiniz?..

 

Azər MUSAOĞLU