Əvvəla, ali məktəblərə qəbul olunan bütün tələbələri ürəkdən təbrik edir, onlara gələcək təhsillərində bol-bol uğurlar, seçdikləri ixtisasın peşəkarı olmalarını arzu edirəm!

 

Tələbə olmaq təkcə universitetə gedib-gəlməkdən, yüz vərəqli dəftərləri yazıb-doldurmaqdan, qalın kitabların şəkilsiz səhifələrindəki mətnləri gecə-gündüz əzbərləməkdən, diplom almaqdan ibarət deyil; tələbə olmaq, həm də, kitabxanalara, sərgilərə, etiraz aksiyalarına (!) gedib-gəlməkdən, forumlarda, görüşlərdə, konfranslarda və təhsillə, elmlə bağlı bu kimi yığıncaqlarda iştirak etməkdən, beynini biliklə doldurmaqdan, qalın kitabların şəkilsiz səhifələrindəki mətnləri araşdıraraq dərk etməkdən ibarətdir. Tələbə olmaq, əlbəttə, təkcə bunlarla kifayətlənmir, bunun istirahəti, əyləncəsi, macərası da qaçılmazdır və tələbə həyatı yaşayanlar üçün bütün bunlar normaldır.

 

Tələbə gələcəyin müəllimi, həkimi, hakimi, mühəndisi, alimi, diplomatı, incəsənət xadimi, bir sözlə, gələcəkdir, gələcəyin özüdür, gələcəyin danışan dili, görən gözüdür (əlbəttə, əgər məcazi mənada lal və kor deyilsə). O gələcəyin bu indikindən daha yaxşı olması üçün keyfiyyətli təhsil alan bilikli, savadlı, aktiv, mübariz, siyasətə qarışan, tənqid edən, tələb edən tələbələr lazımdır.

 

Yeri gəlmişkən, Bəşir Əhmədovun “Etimologiya lüğəti”nə görə, ərəb sözü olan “tələbə” – “tələb edən” deməkdir.

 

Elə isə, hanı bizim tələb edən tələbələrimiz?..

 

2018-ci ildə “Yeni Yol”un 64-cü sayında gedən “Görünməyən tələbələr” yazısındakı fikirlərimi yenidən təkrarlamaq istəmirəm. Üzərindən beş il ötsə də heç nə dəyişməyib...

 

Bizim tələbələri axtarıb tapmaq universitetlərin həyətindən neft axtarıb tapmaqdan çətindir. Nə tədbirlərdə görsənərlər, nə tamaşalara, sərgilərə gedərlər, nə etiraz aksiyalarına qoşularlar, nə kitabxanalarda gizlənərlər... Bizim tələbələrə rast gəlsən, uzağı, paytaxtdan rayona gedib-gələn “marşrutkalarda” rast gələrsən – əllərində smartfon, qulaqlarında qulaqcıq...

 

Niyə bizim tələbələrin tələbə təşkilatları yoxdur? Niyə bizim tələbələr təşkilatlanmırlar, bir araya gəlmirlər? Ölkə bir yana qalsın, təhsil aldıqları universitetlərin sosial, siyasi həyatında heç bir rol oynamırlar, qayda və qanunlara heç bir təsirləri yoxdur, heç nəyə qarışmırlar. Nəinki təhsil aldıqları universitetlərin həyatında, heç həyətində də düz-əməlli görsənmirlər.

 

Danışanda ağzımıza çullu dovşan sığmır – ay nə bilim, üç mindən çox tələbəmiz var, gürcü dilini bilən tələbələrin sayı ildən-ilə artır; ay nə bilim, tələbələr dövlət strukturlarında işlə təmin edilirlər və sair və ilaxır... Hanı bəs? (Qohumluqla, tanışlıqla nələrəsə nail olanların, nepotizm “qurbanlarının” bura dəxli yoxdur. Bunu sağ olsaydı nənəm də bacarardı. Allah ölənlərinizə rəhmət eləsin!)

 

Real aləmdə bizimkilərə aid heç bir tələbə təşkilatı tapa bilməyib, keçdim virtual aləmə. Feysbukda Azərbaycan dilində eyni məzmunda adı olan beş qrupa rast gəldim. Qruplardan dördü məxfi, yəni qapalı, paylaşımları yalnız üzvləri görən, biri isə açıq idi, yəni paylaşımlarını qrupun üzvü olmayanlar da görə bilirlər. Kaş bu da qapalı olaydı; təhsilə, tələbəliyə, elmə dəxli olmayan paylaşımları, bu çal-çağırı, reklamı, propaqandanı, yerlibazlığı, bu biabırçılığı görməyəydim... Nə isə...

 

Tarixi vərəqləsək görərik ki, dünyanın sosial, siyasi, iqtisadi, mədəni həyatında edilən 180 dərəcəlik dəyişikliklərdə tələbə təşkilatlarının, tələbələrin böyük rolu olub həmişə. Tələbə təşkilatı olmayan cəmiyyətlərdə tələbələr də yox kimidirlər, görsənmirlər, görsənməyəcəklər də. Və ya varsa da və müstəqil, azad düşüncəli, bilikli, əqidəli, ədalətli, mövqeli, mübariz tələbələrin deyil, hansısa siyasi partiyanın, xarici ölkənin, səfirliyin, qeyri-hökumət təşkilotusunun, dini qurumun təşəbbüsü, dəstəyi, əli ilə yaradılıbsa, bu, daha betərdir. Elə olmaması olmasından daha xeyirlidir. Bundansa gürcü tələbələrin yaratdıqları mövcud müstəqil, təpədən dırnağa tələbələrə aid olan tələbə təşkilatlarına qoşulmaq, əməkdaşlıq eləmək də olar.

 

Bəşir Əhmədovun “Etimologiya lüğəti”nə görə, latın dilində olan “student” sözü isə “cəhd göstərən” deməkdir.

 

İnanıram ki, nə zamansa öz biliyinə, savadına, gücünə arxalanaraq, heç bir siyasi partiyanın, xarici ölkə səfirliyinin, qeydi-hökumət təşkilotusunun, dini qurumun dəstəyini qəbul etmədən, təhsil, elm, mübarizə, azadlıq məşəlini yandırıb başının üstünə ucaldaraq görünməyən tələbələrimizi işıqlandırıb üzərə çıxarmaq, bir araya toplayıb tələbə təşkilatı qurmaq üçün kimsə mütləq cəhd edəcək... Əvvəlcə biri cəhd edəcək ki, sonra minlərləsi tələb edə bilsinlər. İnanıram.

 

Müəllif: Azər Musaoğlu