Bütün dünya xalqları eyni kökdən başlasa da, öz dəyərləri onları xalqlara, millətlərə böldü. Hər millət öz  adət-ənənə, milli mədəniyyəti ilə bir-birindən fərqləndi. Buna milli dəyərlərimiz dedik. Bir milləti düşünəndə onlara məxsus atribut, geyim, rəqs, musiqi düşündük, bu dəyərlərlə tanıdıq, sevdik, hörmət etdik xalqalara, millətlərə. Bəzi dəyəri anlamayan dəyərsizlər bunu şovinistlik, millətçiliklə qarışıq saldılar – tamamilə fərqli məna, mənasız yanaşmadır.

 

Heç vaxt unutmayaq ki, öz kimliyini qiymətləndirməyən insana ətrafı da kimlik vermir. O, sıradan biri kimi sıralanır. Dünyanın hər yerində yaşayan və fəaliyyət göstərən hindlər qətiyyən nə libasını, nə rəqsini yaşadığı cəmiyyətdə mühit təsiriylə əritmədi, əksinə, mühiti öz milli dəyəriylə havalandırdı.

 

Bu gün guya müasirləşən bəziləri özündən uzaqlaşmaqla özünü təqdim etməyə çalışsalar da, unutmasınlar ki, özünü təqdim etməyi bacarmayanı özünə qiymət qoyan kəs qiymətləndirməyəcək!

 

Keçid dövrü adlandırdığımız illərdə bizim də çox dəyərlərimiz itib gedirdi. 2000-ci illərin əvvələrində Fazil Həsənovun sayəsində Marneuli şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdı. Borçalıda yeganə olan bu mərkəz nəsə etməyə çalışırdı, amma, əlbəttə, tək əldən səs çıxmayacaqdı. O zaman bu günkü zamandan çox fərqli idi, hər sahədə. Bax bu zamanın içində bir Cəmilə vardı. Sarvanda – Marneuli şəhərində rus dili müəllimi idi. Uşaqları kiçik idilər. Marneulidən məzun olub Bakıda tələbə olmuşdu. Musiqi məktəbini bitirib özü sərbəst milli rəqsləri öyrənmişdi. Qohum-qonşu arasında uşaqlıqdan yığıncaqlarda gözəl rəqsi, ifaları ilə tanınmışdı. Ətrafın “nə gözəl rəqslərimiz varmış” deyərkən bayağı rəqslər onu çox qırırdı. Beləcə, günlərin birində Mədəniyyət Mərkəzinin açılması ona təkan verdi ki, bəlkə rəqs ansamblı yarada. İlk məsləhətçisi həyat yoldaşı Vilayət həkim oldu. Onlar birlikdə bu fikri Fazil müəllimə dedilər. Çox böyük yekdilliklə razılaşdı. Hər işin başlanğıcı çətin olur, amma bu çətin bir başqaydı. Əvvəl uşaqlarının bağça, məktəb yoldaşlarından başladı. Sanki “qılıqlaya-qılıqlaya” valideyləri qrupa çəkdi. Təmənnasız, onların geyimini, lazımi əşyaları öz maddi vəsaitiylə təmin etdi. Axı özü də peşəkar deyildi. Həvəskar kimi başladı. Ansamblı təşkil etmək çətin idi. Valideynin məsuliyyətindən asılı idi. Məşq üçün otaq belə yox idi. Fazil müəllim öz şəxsi obyektini onlara məşq otağı vermişdi. Milli rəqs paltarları üçün bir neçə yerə müraciət olunsa da, tam təmin olunmurdu. İlk illərdə maddi və mənəvi çətinliklər çəkdi. Nə qədər çətin olsa da bacardı.

 

Bir neçə il keçdi, artıq Gürcüstan mədəniyyət sıralarında Kvemo Kartlidə fəaliyyət göstərən “Sarvan” ansamblı tanınmağa başlamışdı. Cəmilə xanımın milli dəyər sevgisi ansambla qavallı, sazlı, özünəməxsus rənglər qatırdı.

 

YUNESKO-nun təşkilatçılığı ilə Mtsxetada keçrilən rəsmi folklor festifalı idi. Ansambl onlara çox maraqlı gəldi. Cəmilə xanım özünün rəqs təhsili olmadığını deyəndə onu özlərinin “CIDA” rəqs şöbəsində oxumağa dəvət etdilər. Beləliklə, yorulmaz insan özünü daha da təkmilləşdirdi.

 

Bundan sonra uğur qapısı açılmağa başladı. Atrıq nəinki Gürcüstanda folklor tədbirlərində, hətta ölkədən qırağa çıxış başladı. 2012-ci ildə Türkiyədə, İzmirdə təşkil etdiyi “Borçalı gecəsi” bir tarix yazdı. Buradan bir sıra mədəniyyət xadimi tədbirdə iştirak etdi. Möhtəşəm bir layihə ilə sazlı-sözlü çıxış etdilər.

 

Türkiyədə, Gürcüstanda artıq tanınan ansambl öz təbliğat işlərini davam etdirirdi. Cəmilə xanımın uşaqlıq yaddaşında bir tarix də vardı – dağ yaylağı. Sarvanın çiçəkli dağlarındakı yaddaşı yenilədən bir hadisə isə 2015-ci ildə oldu. Böyük bir ssenari hazırlandı. Cəmilə xanım da müəlliflərdən biri idi. Sarvanoba – Sarvan dağlarında yaylaq günü təntənəli surətdə qeyd olundu. Xeyli rəsmi şəxsləri, mədəniyyət xadimlərini, hətta Azərbaycandan da tarixçi, alim, filoloq dəvət etdi. Barmaqsızın – Zalqanın illərin ətalətdə olan yaylaqları at kişnərtisi, zurna səsi, saz havası, rəqs havalarıyla lərzə gəldi. Pərvanə gölü pərvazlandı, buludlar sevindi, Günəşə yol verdi. Beləcə bir ənənəyə başlanğıc verdi Cəmilə xanım. Bundan sonra Sadaxlıoba, Dmanisoba ənənələri yarandı. Nə gözəl!

 

Artıq Cəmilə xanım Gürcüstan Rəqs Federasiyasının üzvü idi, festivallara, tədbirlərə qatılırdı. Kifayət qədər tanınan bir ansamblın rəhbəri idi.

 

Ən yadda qalan isə əcnəbi münsiflərin seçim etdiyi rəqs festifalında “Sarı gəlin” rəqsi qran-pri aldı, solo rəqqasə isə qızıl medalla təltifləndi. Bu artıq 20 illik əziyyətli bir yolun kulminasiya nöqtəsi idi.

 

Bu gün Cəmilə xanım öz sözünü demiş biridir. Ona bu yolun çınqılını, daşını, hətta bəzən sal daşlarını  təmizləməyə çox az adamlar dəstək oldu, amma bacardı, kimsədən dəstək görmədən bacardı. Öz ətrafına özü kimi düşünən insanları yığmağı bacardı. Pərakəndə yığılan, yalvara-yalvara yığdığı qrup indi özü yığılır. Bir sözlə, o bacardı, bütün cəhdlərin sonu kimi.

 

Gürcü milləti öz dəyərlərinə qiymət verən millətdir. Dəyərini qiymətləndirənləri də qiymətləndirir. Gəlin özümüzə dəyər verək!

 

P.S.

 

Cəmilə xanım evinin bir küncündə Novruz guşəsi təşkil etmişdi. Ailəlikcə milli geyimdə, milli atributlarla nəvələri Batur və Hiranurla, babalı, nənəli milli geyimdə bayram qarşılayırdılar.

Həmişə dəyərli olasınız, Cəmilə xanım!

 

Esmira ƏLƏKBƏRLİ