Danışmağa gələndə hamı danışır – işi bilən də, bilməyən də, məsələyə dəxli olan da, olmayan da; yaşlı da, cavan da, kişi də, qadın da; məsləhət verənə bax, yol göstərənə bax, təklif irəli sürənə bax, plan cızana bax... Deyirsən, ay maşallah, sabaha-birigünə problem həllini tapacaq, iş düzələcək, hər şey yağ kimi gedəcək. Səhər açılır, gəlirsən dünən təyin edilmiş saatda, dünən təyin edilmiş yerə, görürsən, bir ənni-cinni yoxdur, elə bil lələ köçüb, yurdu qalıb. Bir az gözləyirsən ki, bəlkə yatıb qalanı var, suyun kəsilməsinə görə hamamda yarımçıq qalanı var, küləyə görə dünəndən işığı sönüb köynəyini ütüləyə bilməyəni var, tıxacda ilişəni var, avtobusun bir saatdan bir ağzına kimi dolu gəlməsinə görə yolda qalanı var və sair. Bir-iki saat gözləyib zəng edirsən ki, aya, bəs harada qaldınız – biri cavab verir ki, dünən bir balaca külək əsən kimi işıqlar söndü, su kəsildi, kombimiz yanmadı; deyirsən, bunların məsələyə nə dəxli var, cavab verir ki, necə nə dəxli var, hamamda sabunlu qaldım, ev soyuq idi, temperaturum qalxdı. Biri cavab verir ki, dünənki çoban aldadan yağışa görə işıqlar söndü, internetimiz kəsildi, o biriləri ilə əlaqə saxlaya bilmədim. Biri cavab verir ki, iki saat avtobus gözlədim, gördüm gəlmir, qayıtdım evə. Biri ümumiyyətlə cavab vermir, telefonunu bağlayıb və sair və ilaxır.
Sən demə, axşamdan oduna gedən çox olarmış. Sən demə, dünən məsləhət verənlərin, yol göstərənlərin, təklif irəli sürənlərin, plan cızanların hamısı cırtqoz imiş. Danışanda ağızlarına cullu dovşan sığmayanlar iş görməyə, hərəkət eləməyə gələndə cinbata çəkilirlər, özlərini, sözlərini danırlar – dəvə gördünmü, heç qığını da görmədim.
Deyirsən, gəlin sizin bu su, işıq, avtobus probleminizi birdəfəlik həll etmək üçün yığılaq gedək meriyaya, su idarəsinə, işıq idarəsinə, yol departamentinə hamımız bir ağızdan şikayət edək, narazılığımızı bildirək, görək sonra hansı bəhanələriniz olacaq. Dünən səni Kufə camaatı kimi meydanda tək qoyanlar “imana” gəlirlər, yenə başlayırlar coşub-daşmağa, məsləhət verməyə, yol göstərməyə, təklif irəli sürməyə, plan cızmağa. Toplaşmaq üçün vaxt və məkan təyin olunur. Səhər açılır, yenə köhnə hamam, köhnə tas. Bu Kufə camaatı səni bufer kimi irəli verib, özləri yenə gizlənirlər.
Bir gün siçanlar toplaşıb pişiyin zülmündən xilas olmaq məsələsini müzakirə edirlər. Çox götür-qoydan sonra belə qərara gəlirlər ki, bir üsulla pişiyin yaxınlaşdığını əvvəlcədən müəyyən edə bilsələr, onun əlindən qaçıb qurtarmaq asan olar. Buna görə də bir böyük zınqırov tapıb pişiyin boynundan asmaq kifayətdi, siçanlar uzaqdan zınqırovun səsini eşidən kimi pişiyin gəldiyini duyub gizlənə bilərlər. Bu qərarı yekdilliklə bəyənib, qəbul edib arxayınlaşan siçanlardan biri qəflətən deyir: “Ay qardaşlar, qəbul etdiyimiz qərar çox yaxşıdır, amma bir şey məlum deyil: bəs zınqırovu pişiyin boynundan kim asacaq?
İndi bizim bu Kufə caamaatı da qərar qəbul etməkdə, təşəbbüs irəli sürməkdə, yol göstərməkdə, ağıl verməkdə, boş-boş danışmaqda mahirdirlər, iş görməyə gələndə isə hamısı gizlənməyə siçan deşiyi axtarırlar ki, bəs ağrımayan başımı niyə ağrıdım, beş-üç qəpik çörək pulundan niyə olum, kiməsə görə özümü niyə pis edim, tata nə, kürdə də o, bal alanın da, bəkbəz satanın da və daha nələr, nələr...
Elə buna görə də qeyri-müəyyən, dəqiq, konkret mövqeyi olmayan, passiv, qorxaq, ver yeyim, ört yatım, az aşım, ağrımaz başımla növünü davam etdirən bu amorf KÜTlə heç vaxt zınqırovu pişiyin boynundan asa bilməyəcək, ya qorxa-qorxa yaşayacaq, ya da it kölgəsinə sığınacaq.
Azər MUSAOĞLU