Tarix identikliyi yaradan mühüm ünsürlərdən biridir. Cəmiyyət, millət olaraq insanların toplana bilməsi üçün ortaq dəyərin olması lazımdır. Bu dəyərlərin başında dil və tarix gəlir. Millətlər həmişə öz tarixləri ilə iftixar etmişdir. Bu hiss sanki insanoğlunun damarlarına hopur. Tarix elmi də elə keçmişə marağın, əvvəlki sivilizasiyaların insanda oyatdığı heyranlığın əsasında yaranmışdır. Hər toplumun keçmişi özünə xoşdur. Tarixinin iftixarını ən uca tutan millətlərdən biri də türk millətidir. Əsrlər boyu Çindən Avropaya qədər yayılan, uzun müddət dünyanın birinci gücü olan, vuruşqanlığı, cəsurluğu, ədaləti ilə seçilən bir qanın daşıyıcısı olmaq özünə türk deyən hər kəsin qürur mənbəyidir. Lakin bu qürur başqa millətlərə qarşı nifrət, kin oyatmamalıdır. Qarşılıqlı hörmət, sülh millətlərin əsas qayəsi olmalıdır. Millətini sevmək mənim qövmüm bütün qövmlərdən üstündür demək deyil. Buna görə də millətpərvərlik ilə irqçiliyi ayırd edə bilməliyik. Türk millətinin başqa millətlərə kini, nifrəti yoxdur.

 

Tarixi birliyin əsasında türk millətinin qəlbində Turan sevdası var. Bəs Turan nədir? Həqiqətdə bu ideologiyanın nəyi əks etdirdiyini bilirikmi? Turanın dünyanın rifahına zərəri varmı? Ötən əsrin əvvəllərindən başlayaraq Turan ideologiyasına separatizm, terrorizm, imperializm kimi damğalar vurulmağa başladı. Bu gün də Turandan danışanda bizə separatist gözü ilə baxanlar var. Turan dedikcə Gürcüstanda da mənə o qədər insan düşmən kəsildi ki, bu fikrə aydınlıq gətirmək istədim.

 

Turan ideologiyası bu gün var olan altı türkdilli dövlətin siyasi, mədəni, elmi, ticari, hərbi birliyi deməkdir. Avropa birliyinin Şərq versiyasıdır. Ekonomik, hərbi cəhətdən bərabər inkişaf etməmizin planıdır. Həmçinin ortaq dəyərlərimizin, dilimizin, dinimizin, kimliyimizin qorunmasının qarantiyası, özbəyi, qırğızı, türkməni, azərbaycanlını, türkü, qazağı başqa-başqa millət gözündə deyil, bir millət adı ilə tanıtma qayəsidir. Axı biz bir millətik. Niyə bir millətdən yaranan dövlətlərin öz aralarında birlik yaratması separatizm olsun? Maraqlıdır, niyə Avropa birliyi separatist, imperialist sayılmır, türk birliyi sayılır? Turan birliyi heç bir dövlətin işğalını, müharibəni, imperializmi hədəfdə tutmur.

 

Altı türkdilli dövlətin ortaq çatı altında toplanmasına, Şərq regionunda sülhün bərqərar olunmasına, gerçək imperialist, müstəmləkəçi güclərdən regionumuzun müdafiəsinə biz Turançılıq deyirik. İnsanlar həqiqətə gözlərini bilə-bilə yumurlar bəzən. Yaxın Şərqin altını üstünə gətirən Amerika dövləti imperialist sayılmır, Fələstində uşaqları vəhşicəsinə öldürən və açıqca “vəd olunan torpaqlar” adlı ideyanı dövlətin qarşısına hədəf qoyan İsrail dövləti imperialist sayılmır, “postsovet” ölkələrinə gün doğmağa qoymayan Rusiya imperialist sayılmır, amma türkdilli dövlətlərin öz mövcud sərhəddini, adını qoruyaraq, başqa dövlətlərin ərazi bütövlüyünə zərər vermədən siyasi cəhətdən bir olması separatizm, imperializm sayılır. Bunun kökündə ancaq türk millətinə olan nifrət, gerçək imperialistlərin imperiya hədəflərinə maneə yaranmasın deyə apardıqları təbliğatlar dayanır. Yoxsa, hamı yaxşı bilir ki, tarixdə olmadığı kimi, bu gün də türk milləti zülmün daşıyıcısı deyil, sülhün tərəfdarıdır.

 

Dünyada zülmə məhkum qalan millətlərin arasında ən yüksək rəqəmə sahib olan millətlərdən biri də türk millətidir. Çində milyonlarla türk tarixdə bənzəri olmayan zülmün qurbanıdır. İranda milyonlarla türkün ana dilində məktəbi yoxdur, Rusiyada milyonlarla türk assimilyasiya ilə üzbəüzdür. Bu insanları zülmdən qorumağa bizim haqqımız yoxdurmu? Sülh yolu ilə türk dövlətlərinin sərhəddi xaricində yaşayan türkün haqqını qorumaq separatizmdir bəyəm? Asiya ölkələrini və Azərbaycanı müstəmləkəyə çevirməyə Rusiya fürsət axtarır, Türkiyəni terrorla parçalamağa çalışırlar. Bu dövlətlər siyasi birlik yaradıb özünü müdafiə edə bilməzmi? Yoxsa, bu gerçək imperialistlərə sərf etmir? Bəs onda hansı demokratiyadan danışırıq?

 

Gerçək imperialistlərin təbliğatına uyub Turançılıqdan qorxanlar bilməlidir ki, türk nəsli heç bir milləti işğal etmək arzusunda deyil, öz varlığını, kimliyini, ərazisini şər qüvvələrdən qorumaq arzusundadır.

 

Cəlal Yadigarlı