İnsaf dinin yarısıdır. Elə hey günahı onda-bunda axtarsaq da, özümüz də az aşın duzu deyilik ha, günahın yekəsi də elə özümüzdə olur çox vaxt. Başqalarını günahlandırmaq məsuliyyəti öz üzərindən atmaqdır. Biz də günahlarımızı özgələrin boynuna qoymaqla məsuliyyətdən canımızın qurtardığını yəqin edirik. Elə bilirik ki, süddən çıxmış ağ qaşıq bizik. Amma təəssüf ki, qaş qayırdığımız yerdə gözü də çıxarırıq.
Özümüz öz “həqiqətlərimizə” o qədər iman edirik ki, inanmaq istəməyənləri, şübhə edənləri, beyət etməyənləri “yad ünsür” adlandıraraq elə özümüz də linç edirik. Elə linç edirik ki, adının yadından çıxması bir yana, əslini, kökünü belə xatırlamaq istəmir, unudur adam. Sonra da yaddaşsızlıqdan, unutqanlıqdan şikayətlənirik.
Başımızı yaran doğma daşların yanında yad daşlar yalan olur. Yalançının yaddaşı olmaz axı. Özümüzə yaddaş uydurub gələcək nəsillərə əzbərlətdiririk. Əzbərləyə-əzbərləyə əzbərçi olduq, hansı səhnəyə çıxdıq, hansı studiyaya çağırıldıq, hansı verilişə dəvət olunduq küncdə-bucaqda, qarşımızda mütləq bir suflyor oldu: “Bax ha, birdən yanılıb özündən nəsə danışarsan, pozarsan “yaddaşımızın” ahəngini, gözün daim suflyorda olsun...” Bizim milli suflyorumuz da unutduğumuz sözü yadımıza salmaq üçün deyil, öz sözlərini diqtə edib tutuquşu kimi təkrar etdirmək üçündür.
Onsuz da əli smartfonlu milli suflyorlarımızın xorundan ağız deyəni qulaq eşitmir son vaxtlar. Mövqeləri, fikirləri, zikirləri dirijorun çubuğunun istiqamətindən asılı olan milli suflyorlarımız dünyanın hər yerində könüllü, könülsüz “fəaliyyət” göstərirlər, dirijorun xoşuna gəlmək üçün daha bərkdən gücənib oxuyurlar (oxudurlar). Sonra da özgələri günahlandırırıq.
İnsaf dinin yarısı olsa da, bizimçün İnsaf kasıb kişi adıdır. Necə ki, Həqiqət qeybətcil qadın adı, Ədalət isə söyüş söyən aşıq adıdır...
Bizim milli suflyorlarımız bir əsrdən çoxdur doğulub boya-başa çatdıqları, pasportunu ciblərində daşıdıqları, vergisini verib, pensiyasını aldıqları və nəhayət, öləndə torpağının iki metr dərinliyində çürüdükləri vətənin vətən torpağı olsalar da, vətən daşı ola bilmirlər, bir vətəndaş kimi daşlaşa bilmirlər. Əyri otursaq da gəlin düz danışaq, bunun günahkarı həm də özümüzük.
Özümüz boya-başa çatdığımız, pasportunu cibimizdə daşıdığımız, vergisini verib, pensiyasını aldığımız və nəhayət, öləndə torpağının iki metr dərinliyində çürüdüyümüz vətənə ögey yanaşırıq, soyuq yanaşırıq, qürbət kimi yanaşırıq, ana deyə bilmirik, oğul olub qayasında mamır kimi bitə bilmirik, dərdinə, matəmlərinə ürəkdən kədərlənə, şadlığına ürəkdən sevinə bilmirik, bayramlarını qeyd edə bilmirik, bayrağını dalğalandıra bilmirik, dilini bilmirik ki, danışaq, dərdləşək...
Sən özünü yad, ögey kimi aparacaqsansa, öz evinin xeyirini, şərini qoyub qonşularının xeyirində, şərində iştirak edəcəksənsə, öz evində kirəkeş kimi yaşayacaqsansa adın qonaq olacaq, gəlmə olacaq, diaspora olacaq. Çünki bu adı özün özünə dedirdirsən, günah da özündədir, sənin yadından çıxan sözləri yadına salmaq əvəzinə sənə özünün sözlərini diqtə edən milli suflyorlardadır günah.
Öz teatrının səhnəsinin aktyoru olanlara, öz sözlərini – nə demək istədiyini, necə demək istədiyini, hansı tamaşaçıya demək istədiyini yaxşı bilənlərə isə suflyor lazım deyil. Gedin başqa yerdə suflyorluq edin. Bizə nə milli suflyorlar, nə də ümummilli dirijor lazımdır. İmkan verin vətəndaşlaşaq.
Azər Musaoğlu