“Məsuliyyət – sadəcə verilən tapşırığı icra etmək deyil, atılan hər addımın, deyilən hər sözün və tutulan hər yolun sonunu görə bilmək bacarığıdır. O, azadlığın ən ağır şərti, insan olmağın isə ilk qaydasıdır”. Bu cümlələr axtarış etdiyim bir neçə mənbənin və fikrinə baş vurduğum bir neçə ağsaqqalın və elm əhlinin vermiş olduğu ortaq nəticədir. Əgər bir cəmiyyətdə məsuliyyət hissi yoxdursa o cəmiyyətdə təhlükə baş qaldırmışdır deməkdir. Çünki məsuliyyətsizliyin bədəli çox vaxt sadəcə peşmançılıqla bitmir, hətta bərpası mümkün olmayan həyatlarla ödənilir.

 

Son zamanlar bölgəmizdən gələn xəbərlər ürəyimizi dağlayır. Artıq demək olar ki, hər açılan səhər yeni bir qəza, vaxtsız qırılan bir ömür və yarımçıq qalan arzuların xəbərçisinə çevrilib. İtirdiyimiz hər gənc, əslində, gələcəyimizdən qoparılan bir parçadır. Bəs bu faciələrin əsl səbəbi nədir? Tale, qismət, yoxsa sadəcə bir anlıq məsuliyyətsizlik?

 

Sükan arxasına keçən bəzi gənclərimiz üçün avtomobil idarə etmək sanki bir həyat tərzindən çox bir əyləncə növünə çevrilib. Sürət həvəsi, “mənə bir şey olmaz” arxayınlığı və o dəmir parçasını idarə edərkən nümayiş etdirilən süni cəsarət... Təəssüf ki, o yollarda sınanan təkcə sürət deyil, həm də başqalarının yaşamaq haqqıdır. Bir anlıq adrenalin hissi bir ömürlük peşmanlığa, sönən çıraqlara və qara geyinən anaların göz yaşlarına dəyirmi?

 

Məsələ təkcə yollarla da bitmir. Biz həyatın hər sahəsində o “sizlik” hissindən xilas ola bilmirik. İmtahana hazırlaşan tələbənin laqeydliyindən tutmuş, işinə barmaqarası baxan mütəxəssisə qədər, məktəbdə dərs keçməsi lazım olan müəllimin şagirdlərlə hədiyyə davasına qalxmasına qədər, hər yerdə eyni boşluq var. Məsuliyyət – insanın həm özü, həm də ətrafı qarşısında çəkməli olduğu ən ağır, amma ən şərəfli yükdür. Bu yükü çiyinlərimizdən yerə endirdiyimiz an cəmiyyət olaraq uçuruma doğru yuvarlanırıq.

 

Burada ən böyük pay isə valideynlərin üzərinə düşür. Hələ on səkkiz yaşına çatmamış övladına bahalı avtomobil almaqla, onun hər istəyini yerinə yetirməklə valideynlik borcu bitmir. Əksinə, əsl məsuliyyət o gəncin ruhuna “ehtiyat” və “hörmət” hissini aşılamaqdadır. Övladının hara getdiyini, kiminlə olduğunu, o sükanın arxasında özünü necə apardığını sorğulamayan hər bir valideyn fərqində olmadan o qəzaların görünməz iştirakçısına çevrilir. Tərbiyə təkcə nəsihət vermək deyil, həm də övlada həyatın bir oyun olmadığını anlatmaqdır.

 

Gəlin etiraf edək: Məsuliyyət hissi itəndə yerini bədbəxtliklər doldurur. Nə qədər ki, “məsuliyyətsizlik” xəstəliyindən özümüzü sağaltmayacağıq, yollarımızdan qan, evlərimizdən fəryad əskik olmayacaq. Hər birimiz – istər gənc, istər valideyn – addımımızı atarkən bir anlıq dayanıb düşünməliyik: Bu gün etdiyim hərəkət sabah kiminsə sonu ola bilərmi?

 

Gəlin məsuliyyətimizi mötərizədən çıxaraq. Çünki həyat mötərizəyə sığmayacaq qədər dəyərlidir.

 

Sonda hər zaman hörmətini saxladığım bir müəllimimin heç vaxt unutmayacağım bir cümləsi ilə nöqtəni qoymaq istəyirəm: “Unutmayın ki, məsuliyyətsiz adam əxlaqsız adamdır”.

 

Hacı Bəkiroğlu