Yaşadığımız dövrdə hər şey çox sürətlə dəyişir. Artıq heç kim kitab oxumur, o kitabı başqaları ilə müzakirə etmir, bildiyini başqası ilə paylaşmır. Əvvəllər saatlarla danışılan mövzular indi cəmi otuz saniyəlik videolara sığışdırılır. Hətta xəbərləri belə uzun qəzet və məqalələrdən deyil, bir neçə saniyəlik videolardan öyrənirlər.

 

Beləcə sosial şəbəkələrə maraq və tələbat artır. Xüsusilə də “TikTok” kimi platformalar. Bu platformalar insanlar arasında yeni bir həyat tərzi formalaşdırır. Bununla yanaşı, sosial şəbəkələr insanlara əyləncə, populyarlıq və sürətli informasiya təqdim etsə də, eyni zamanda görünməyən bir yorğunluq da gətirir.

 

Bu gün bir çox insanın diqqəti dağınıqdır, səbirsizdir və daxili olaraq özünü tükənmiş hiss edir. Buna görə də “TikTok nəsli” ifadəsi sadəcə sosial şəbəkə istifadəçilərini deyil, sürətli yaşamağa çalışan bir nəsli də ifadə edir.

 

“TikTok” platformasının insan həyatına ən böyük təsirlərindən biri, getdikcə hər kəsin diqqət müddətinin azalmasıdır. İnsan beyni davamlı şəkildə qısa videolara alışır və uzunmüddətli heç bir işə yönələ bilmir.

 

Bir çox insan mütaliə edərkən, dərs hazırlayarkən və ya ciddi bir mövzu haqqında düşünərkən tez sıxılır. Çünki onların beyni daima sürətli görüntülərə, dəyişən kadrlara və saniyələr içində gələn yeni məlumatlara öyrəşir. Nəticədə, insanlar həyatın normal axarını belə darıxdırıcı hesab etməyə başlayırlar.

 

“TikTok” nəsli sürətli həyatı sevir. Çünki hər şey bir toxunuş qədər yaxındır. Bu sürət bir müddət sonra insanların duyğularına da təsir edir. İnsanlar artıq gözləməyə öyrəşmir. Hər şeydən tez sıxılır, tez bezir və “nə olacaqsa dərhal olsun” istəyir. Halbuki həyat sosial şəbəkə videoları kimi deyil. Həyatda uğur qazanmaq, münasibət qurmaq, insanı tanımaq, özünü inkişaf etdirmək zaman və səbir tələb edir.

 

Sürətə alışmış bir insan isə səbir göstərməkdə çətinlik çəkir. Ona görə dostluqlar saxta, sevgilər yalan olur. Çünki yaranan münasibətləri də “TikTok” videoları kimi qısa yaşamaq istəyirlər. Münasibət qurduğu şəxsə vaxt ayırmaq, bərabər keyfiyyətli zaman keçirmək – bütün bunlar “TikTok” nəslinə uzaq anlayışlardır.

 

Ən təhlükəli tərəflərindən biri də insanların tək qalmaqdan qorxmağa başlamasıdır. Bir çox insan sakitlik içində otura bilmir. Telefon əlindən düşən anda özünü boşluqda hiss edir. Çünki sosial şəbəkə artıq sadəcə əyləncə vasitəsi deyil, insanların reallıqdan qaçış yerinə çevrilib. İnsan yorulduğunu hiss etsə belə, dayanmaq əvəzinə daha çox video izləyir. Bu isə həm zehni, həm də emosional yorğunluğu artırır.

 

Müasir dövrdə insanlar fiziki olaraq deyil, daha çox psixoloji olaraq yorulurlar. Daim nəyəsə çatmağa çalışmaq, geri qalmamaq qorxusu, sosial şəbəkədə görünmək istəyi insanları içdən-içə çox yorur. Ən qəribəsi isə budur ki, bir çox insan yorğun olduğunu başa düşür, amma bu sürətli həyatın içindən çıxa bilmir. Çünki artıq bu sürət normal həyat kimi qəbul olunur.

 

“TikTok” nəsli sürətli yaşayan, amma daxildə yorulan bir nəsildir. Onlar hər gün yüzlərlə görüntü görür, minlərlə məlumat qəbul edir, amma bəzən öz daxili səslərini eşitməyi unudurlar. Həyatın həqiqi gözəlliyi isə sürətdə deyil, bəzi anları hiss edərək yaşamaqdadır. İnsan bəzən dayanmalı, telefondan uzaqlaşmalı və öz ruhunun səsini dinləməyi bacarmalıdır. Çünki ən böyük yorğunluq bədənin deyil, ruhun yorğunluğudur.

 

Nəticə olaraq, problem texnologiyanın və ya sosial şəbəkənin özündə deyil. Problem insanların həyatla texnologiya arasındakı ölçünü itirməsindədir. Sosial şəbəkələr düzgün istifadə ediləndə faydalı ola bilər. İnsan həm məlumat ala, həm də özünü inkişaf etdirə bilər. Lakin həyat yalnız ekranlardan ibarət olduqda insan zamanla öz hisslərindən, düşüncələrindən və hətta özündən uzaqlaşmağa başlayır.

 

Unutmayaq ki, texnologiya insan həyatını asanlaşdırmaq üçün yaradılıb, insanı həyatdan uzaqlaşdırmaq üçün yox. Həqiqi xoşbəxtlik bir ekranın içində deyil; sevdiklərinlə edilən səmimi söhbətdə, hiss edilən duyğularda, yaşanan anlarda gizlidir. Çünki həyat paylaşmaq üçün çəkilən şəkillərdən deyil, həqiqətən yaşanan anlardan ibarətdir.

 

Afaq Azər