SOSİUM

11. HOLLAND TƏBƏSSÜMÜ

 

Oradan başlayım ki, hollandlar atcıl xalqdır. Onların at sevdalı olmasına dəfələrlə şahid olmuşam. Venloda isə bunu daha da dəqiqləşdirmişəm.

 

Ölkənin bu tərəflərində atçılıq təsərrüfatlarının tez-tez gözə dəyməsini də vurğulamaq gərəkdir. Kiçik at ilxılarına Niderlandın çox yerində rastlaşmama rəğmən, insanların at sevgisi barədə danışmaq fürsəti əlimə yenicə düşdü və mən də bu fürsətdən yararlanmağı sonraya saxlamadım. Düzdür, yuxarıda bir-iki yerdə atla bağlı nələrsə dediyimi də unutmamışam. Ölkədə ən çox Niderland İstiqanlı yarış atlarına (Dutch Varmbloed) rast gəlinir. Bu cinsin II Dünya müharibəsindən sonra alman atları ilə cütləşməsindən alındığı bəllidir. Niderland İstiqanlı atlarını dünya bazarına da çıxarır və bu atların müxtəlif yarışlarda rekordlar qırması da danılmaz faktdır. Bu atlar qonur, şabalıdı, açıq şabalıdı və boz rəngləri ilə seçilir, onların arasında alaca atlara da rast gəlinir. Ölkədə atların damğalanması yasaqlandığından onlara mikroçiplər yerləşdirilir.

 

Müharibəyə qədər Niderlandda Gelderland və Groningen qoşqu və yük atları da yetişdirilirdi. Bu cinslərin kənd təsərrüfatının mexanikləşdirilməsindən sonra sayca kəskin azaldığı da nəzərdən qaçmamalıdır. Elə, deyəsən, bu proses dünyanın hər yerində də getməkdədir.

 

Tez-tez kiçikboylu, uzunyallı, uzunkəkilli kürən, ala atlara da rast gəlmək mümkündür. Bu kiçikboylu atları poni adlandırmaq da insafdan deyil. Amma nə adlandırmağa da bir qərar verməyim lazımdır. Mən özümü dağa-daşa salmadan, heç bir dəqiqləşdirməyə gərək görmədən onları kiçikboylu, uzunyallı adlandırmağa üstünlük verirəm. Bu kiçikboy, uzunyal, uzunquyruq at cinsinin ərəb atları ilə cütləşməsindən meydana çıxdığı da söylənilir. Təlimlərə asanlıqla tabe olduqları, uşaq atçılığının inkişafında mühüm rol oynadıqları da məlumdur.

 

Ölkədə at yarışlarının keçirildiyini, atlı polis bölmələrinin olmasını da xatırlatdımmı hollandların atcıllığı barədə danışmağı başa vurmuş saymaq olar.

 

Hər həftə çalışdığım marketin arxasındakı ikimərtəbəli evin ikinci mərtəbəsində yaşlı holland qadının icra etdiyi sirli bir ayini izləməkdən özümü saxlaya bilmirdim. Bu izləməmin yaxşı bir şey olmadığını da bilirdim. Amma hər dəfə bu mənzərəni seyr etmək, nə baş verdiyini anlamaq üçün bu gizli müşahidəmi davam etdirmək marağımı yenə bilmirdim. Ayinin icrası təxminən bu ardıcılıqla baş verirdi. Qadın ayinə əllərini açıb, nəsə pıçıldayaraq başlayırdı. Hərçənd ki, onun nə pıçıldadığını dəqiq bilmirdim. Sadəcə güman edirdim. Onun dua etdiyindən, görməsəm də qarşısında ikona və ya “İncil”in olmasından əmin idim. Nədən ki, mənim onları görməm imkansız idi. Bir neçə dəqiqə davam edən dua mərasimindən sonra başlayan görüntü isə, ayinin ən maraqlı və yaddaqalan hissəsi olmalıdır. Qadın əlinə aldığı uzun, bu ayinin icrası üçün məxsusi olduğunu güman etdiyim bıçaqlarla hər tərəfə zərbələr endirməyə çalışırdı. Dalbadal sağına-soluna, arxasına-önünə zərbələr yağdırmaqla qadının gözəgörünməz qüvvələrə qarşı vuruşduğu, onlardan xilas olmağa çalışdığı anlaşılırdı. Havanı kəsən bu bıçaqların başqa bir işə yaradığını da düşünmürdüm. Əslində boşluqda havadan başqa kəsiləcək bir şey də gözə dəymirdi. Az-çox etnoqrafiyaya, mifologiyaya bələdliyim burada da köməyimə çatır. Nədən ki, itiuclu, kəsici alətlərin şər qüvvələri qovma, onlardan qorunma yöntəmi olduğunun bizim xalq inamlarımızda da varlığını xatırlayıram. Üstündə sancaq gəzdirməklə, yastığının altına bıçaq qoymaqla pisistər ruhlardan, axar suyu xəncərləyib zahı qadının ciyərlərini yuyaraq öldürmək istəyən əsatiri Hal anasından qorunmaq istəyi holland qadının icra etdiyi ayinlə, bir qədər fərqli də olsa, analogiya təşkil etmirmi? Yaşlı qadının hər həftə bu mistik ayini icra etməsi bizim cin çıxaranlarımızı, sonsuzlara övlad verməyi iddia edənlərimizi yadıma salırdı. Və mən coğrafiyanın fərqinə rəğmən, insanların bəladan qorunmaq üçün XXI yüzillikdə də təxminən eyni üsuldan istifadə etdiklərini sübut etmiş biri kimi rahat nəfəs alıram.

 

Bir nüansa da diqqət yetirək, lütfən. Mən Niderland insanının işgüzar, çalışqan olmasını bir neçə yerdə altını cızaraq yazmışdım. Buna bir az da fərqli yöndən baxaq. Avropalı işləməyi bacardığı qədər də, qazandığına qiymət verməyi, onun qədrini bilməyi də unutmur. Avropa insanı praqmatikdir, qənaətcildir, az qala qara sentinin qədrini biləndir. Avropalı bəzək-düzəyə, geyim-kecimə çox da baş qoşmaz. Adi günlərdə işinə-gücünə tələsən holland qadınlarının kosmetikadan istifadə etməsi nəzərə çarpmaz. Burada nəyəsə lazım olandan artıq pul xərcləməyə anormallıq kimi baxılır. Bu, onların simicliyi, xəsisliyi anlamına da gəlmir. Avropa insanı nə Molyerin Qarpaqonudur, nə də Mirzə Fətəlinin Hacı Qarası. Avropalının hər getdiyi toya və ya məclisə təzə bir paltarla təşrif buyurmaq kimi bir adəti də yox. Belə demək mümkünsə, istirahətinə düşkün insana avropalı deyilir. Bizim havaya səpələdiyimiz pullara qənaət edən avropalı dünyanı gəzmək, dəniz kruizinə çıxmaq kimi planlarını gerçəkləşdirir. Etiraf edək ki, hər şey Avropada həyat səviyyəsinin yüksək, maaşların çox olması ilə bağlı deyil. Daha çox avropalının düşüncəsilə bağlıdır.

 

Niderland insanı gerçəkçidir. Qurduğu xəyalları gerçəkləşdirəndir. Xəyallarının gerçəkləşməsi üçün üsul-yöntəm axtarandır. Kreativlik onun düşüncəsinin əsasıdır. Onun öz xəyallarını gerçəkləşdirməsi üçün bir meydan tapacağına da şübhə etməyək. Bizim əksər xəyallarımızı gerçəkləşdirə bilməməyimiz arzu və istəklərimizin qısırlaşmasına səbəb olur. Hər gün saatlarla çayxanalarda vaxt öldürməmizi, beynimizdən keçirdiklərimizi gerçəkləşdirmək üçün bir kiçik təşəbbüs belə göstərməmizi inkar edə bilərikmi? Mənim də sizlərdən biri olmam belə qənaətə gəlməmə yardımçı olur. Küçədə baş-başa verib laqqırtı vuran, tum çırtlayan, vaxtını boşa xərcləyən hollandlara rast gəlmək belə imkansız. Bunun tərsinə ərəb, kürd, türk gənclərinin saatlarla avaraçılıq etdiklərini addımbaşı müşahidə edə bilərik. Acı da olsa deməliyəm, bu, Şərqin Avropaya təqdim etdiyi biabırçı gerçəkliklərindən sadəcə biridir.  

 

Hollandlar sadə həyat keçirməyi daha üstün tuturlar. İmkanları olsa belə lazım olandan artıq pul qazanmağı düşünmürlər. Bədxərc deyillər. Məişət mərasimləri – toyları və yasları təmtəraqdan uzaqdır. Qəbiristanlıqlarda nəhəng məzar daşlarına, qəbirüstü abidələrə nadir hallarda rast gəlmək olar. Hər yerdə olduğu kimi məzarlıqlarda da bir səliqə-sahman, nizam hökm sürür, hər şeyə – torpağa, daşa qənaət edildiyi qabarıq şəkildə nəzərə çarpır. Yaxın dostların iştirakı ilə keçən toy əyləncə üçündür. Fotosessiyalarla yadda qalan bir mərasimdir. Elə düşünməyək ki, bu insanların dəbdəbəli keçən toy-düyündən xəbərləri yoxdur. Var, amma belə mərasimlərin baha başa gəldiyini, yeni evlənənlərin büdcəsinə ağır yük olacağını anladıqlarından dəbdəbədən, təmtəraqdan uzaq bir əyləncəyə üstünlük verirlər. Bəzən heç bu əyləncəyə də gərək qalmır. Yeni ailə quran cütlük uzaqbaşı iki-üç nəfərin iştirakı ilə evliliklərini rəsmiləşdirir. Tanıdığım cütlüyün – türk oğlanla surinamlı qızın məhz belə evlilik yöntəmi seçdiklərinə gözlərimlə şahid olduğumu da söyləyim. Bəzən heç rəsmi qeydiyyata da gərək görməyib, birlikdə yaşamağa qərar verirlər. Evlənməkləri belə, boşanmaqları da bundan sadə – səninki səndə, mənimki məndə. Nə bıçaq çıxartmaq, nə qan tökmək.

 

Niderland insanının sadəliyi fonunda bizim təmtərağa meyilli olmamız çox qabarıq görünür. Biz nə qədər desək də, tez-tez təkrarlasaq da gerçəklikdə əməl etmədiyimiz “dünya malı dünyada qalacaq” deyimimizin məna yükü mənasızlıq kimi görünür. Dilimizin səsləndirdiyi bu deyimin əksinə, sanki biz daha çox dünya malına bağlanırıq, bir az da fəlsəfi desək, mənəvidən maddiyə yuvarlanırıq. Və nə qədər qəribə olsa da, varlanmaq kimi bir ehtirası olmayan hollandla müqayisədə biz daha çox maddiyə bağlı, acgöz, tamahkar, hər şey mənim olsun deyən, közü öz qabağına çəkən təsiri bağışlayırıq. Bu o qədər üzdə olan, gözlə görünəndir ki, kimsənin bunu inkar edəcəyini də düşünmürəm. Bəs, hanı bizim dərviş könüllüyümüz? Bunu yalnız dilimizdəmi yaşadırıq? Bəlkə Avropa insanının gözü dünya malından doyub? Bəlkə müstəmləkələrdən illər uzunu daşınmış qızıl-gümüş avropalının maddiyə marağını öldürmüş, onu fərqli yapmışdır? Bəlkə yadellilərin olanımızı əlimizdən alması, bizi dünya malına tamarzı qoyması bu duruma düşməmizə, var-dövlət hərisinə çevrilməmizə nədən olub? Qara gün üçün pul toplamaq, son gününü düşünmək fəlsəfəsinə nə zaman gəlib çıxmışıq? Suallar çox, cavablar olsa da müxtəlif.

 

Niderland insanı sağlamlığına düşkündür. Sağlam və uzun ömür sürmək üçün hər fürsətdən istifadə edəndir. Uşaqlı-böyüklü, qadınlı-kişili bu fürsətləri dəyərləndirən yüzlərlə, minlərlə insan hər yerdə qarşına çıxa bilər. 80-90 yaşlı adamların idmanı hələ də öz həyatlarının ayrılmaz bir davranışı kimi yaşatmaları isə adamda qibtə oyadır. Bizim həmin yaşdakı qocalarımızın az qala linglə qalxdıqlarını gözüm önündə canlandıranda gördüyüm mənzərə hətta qibtəyə bir az da həsəd qarışaraq özünü göstərir. Futbol oynayanlar, qaçışda özünü sınayanlar hər yerdə var. Səkilərdə axşam-sabah, qış-yay demədən tək-tək, cüt-cüt, hətta bölük-bölük qaçanları müşahidə etmək sıradan bir hadisə. Axşam qaçışlarında xüsusi, fosforlu və ya işıqlı geyimlərdən istifadə olunur. Bu geyimlər ehtimal olunan təhlükələrdən onları qorumağa xidmət edir. Qollarına bağladıqları monometr onlara qan təzyiqlərini, ürəklərinin döyüntüsünü, nə qədər məsafə qət etdiklərini nəzarətdə saxlamağa imkan verir.

 

Bütün bu pozitiv hallara rəğmən ölkədə siqaret çəkənlərin çoxluğu da diqqətdən yayınmır. Burada siqaret nə qədər baha olsa da, məsələn, “L&M” markalı siqaretin qutusu 6,2 avrodur, ondan istifadə edənlərin sayı da kifayət qədərdir. Ölkədə ən çox açıq tütündən istifadə olunur. Bu tütündən bükmə və doldurma üsulu ilə siqaret hazırlamaq mümkündür. Belədə siqaret 3-4 dəfə ucuz başa gəlir. Bükmə siqaretlər bizim köhnə kişilərin bükdüyü maxorkaya bənzəyir. Tütün qutuları isə mənə qəlyan, çubuq çəkən köhnə kişilərimizin tütün torbalarını xatırladırdı. Siqaret tüstülədən qadınlara hər yerdə rast gələ bilərsən. Yetkinlik yaşına çatmamışlara tütün məmulatlarının satışı qadağan olunsa da, azyaşlıların və yeniyetmələrin siqaret çəkməsinə hər küncdə-bucaqda rastlaşmaq mümkündür. Marketlərin tütün məmulatları satılan bölümlərində mallar qapalı dolablarda saxlanılır və yalnız müştərilər istədikdə dolab açılır. Xüsusi tütün məmulatları mağazalarında isə məhsullar açıq təqdim olunur. Xüsusi avtomatlardan isə tütün məmulatlarını yalnız şəxsiyyət vəsiqəsini qeydiyyatdan keçirməklə almaq olar.   

 

Bütün bu sadaladıqlarımdan sonra mənim Niderlanda gəlməmişdən öncə, bu ölkənin özü və insanları barədə təsəvvürümdə yaratdığım görünüşcə sürreal rəsmləri xatırladan şəkilləri silib atmaqdan, onlar barədə düşüncələrimə utana-utana yeni çəki-düzən verməkdən başqa əlacım qalmadı.

 

Afiq MUXTAROĞLU

Niderland