SOSİUM

11. HOLLAND TƏBƏSSÜMÜ

 

Qarşılaşdığın əksər hollandın sənə bəxş edəcəyi ən gözəl şey təbəssümdür. Heç nə verə bilməsə də, holland insanı sənə bir təbəssüm payı ayırmağı heç vaxt sonraya saxlamaz. Həmin an sənə bəxş edər.

 

İnsan hər yerdə insandır. Arzuları, ağrıları, sevincləri, qorxularıyla. Sadəcə keçdiyi tarixi yol, yaşadığı coğrafiya, düşdüyü mühit insanların fərqli olduğu qənaətinə gəlməmizə, bəzən də düzgün nəticə çıxarmamağımıza nədən olur. İstənilən cəmiyyətin yaxından müşahidəsi isə, bizim yanıldığımızı, həmin toplum barədə səhv təsəvvürlərə malik olduğumuzu təsdiqləyir. Mən bu qənaətlərin, təsəvvürlərin yanlışlığına Niderlandda yaşadığım kifayət qədər böyük zaman dilimində – 15 ayda bir daha inandım.

 

Hələ tələbəlik illərindən Bakıda oxuyan zəncilərlə tez-tez qarşılaşdığımı, onlara bir qədər təəccüblə, bir qədər də qorxu ilə baxdığımızı yaxşı xatırlayıram. Niderlandda hər gün rastlaşdığım, təmasda olduğum onlarla afrikalının da bizi kimi insan olduqlarını, yalanı sevmədiklərini, verdikləri sözə əməl etmək üçün bütün çətinliklərə mərdliklə dözdüklərini, ailələri üçün hər cür zəhmətə sinə gərdiklərini, qloballaşan dünyada öz milli adət-ənənələrini qorumaq üçün mücadilə etdiklərini gördükcə sovet dönəmindən beynimdə formalaşmış təsəvvürlərə görə, xeyli xəcalət çəkdiyimi də demədən keçmək istəmirəm.

 

Niderland insanının ilk baxışda fərdiyyətçi, özünə qapalı və ya tənhalığa meylli olduğu barədə düşünə bilərsən. Ancaq bir qədər tanışlıqdan sonra, bu fikrini, bu ilkin qənaətini kənara qoymalı olursan. Bu cəmiyyətin hər bir fərdinin ailəsinə, dost-tanışına vaxt ayırdığını kənardan müşahidə etmək o qədər də çətin deyil. İlkin uşaqlıqdan sosial mühitə düşən bu fərdlər kollektivlə, ətrafdakılarla ünsiyyət qurmağa adətkardırlar. Müxtəlif kütləvi tədbirlərdə, bayramlarda, idman yarışlarında onların necə əlbirliyi ilə hərəkət etdiklərini görmək mümkündür. Ancaq bunlarla yanaşı hər bir insan özünə vaxt ayırmağı, özü ilə baş-başa qalmağı, yalnız özünə aid olan maraqların təmini üçün təklənməyi də yaddan çıxarmır. İdman meydançasında top oynayan bir uşağın məşqçinin ona tapşırdıqlarını təkbaşına öyrənmək, futbol vərdişlərinə fərdi qaydada yiyələnmək istəyi başa düşüləndir. Bağçasına təkcə qulluq edən, bir kənara çəkilib kitab oxuyan, nohur kənarında su quşlarına yem verərək, onlarla söhbət edən insanları biz adamayovuşmazlıqda suçlaya bilmərik. İnsanın hərdən özü ilə baş-başa qalması gərəkdiyini biz öz təcrübəmizə dayanaraq da, söyləyə bilərik. Çayxanalarda saatlarla boş vaxt keçirməkdənsə, öz-özüylə tək qalmağın, öz-özüylə dərdləşməyin nəyi pisdir?    

 

İnsanların mağazada alış-veriş edərkən, bağçasında çalışarkən öz-özünə danışması, öz-özü ilə məsləhətləşməsi adi haldır. Bu cür səsli düşüncə tərzi bizdə nadir hadisədir. Nədən ki, biz belə adamların başının o söz olduğunu düşünürük. Mağazaya alış-verişə tək gəlmiş holland özündən nədən nə qədər alması barədə soruşub, özü də cavab verə bilər. Hollandın öz-özü ilə mükaliməsi o qədər təbii görünür ki, kənardan baxanlar bunun mütləq belə olması gərəkdiyini düşünürlər. Məsələn, holland müştəri özünün “alma alaqmı-almayaqmı” sualına “alaq, soyducuda yer var” kimi bir cavab verməsi ətrafdakılar tərəfindən normal qarşılanır. Bu mənzərəni müşahidə edən bir əcnəbi, elə biri də mən, hollandın daxili məninin həmişə oyaq olduğunu, onun öz səsilə suallarını cavablandırdığını düşünə bilər. Hərdən bizim də özümüzlə dialoqumuz olmurmu? Olur. Amma biz daxili mənimizin səsini kiminsə eşidəcəyindən ehtiyatlanıb, səsimizi içimizdə boğmağa tələsirik. Hollandlar isə daxili məninə sərbəstlik verir, onu kiminsə eşitməsindən əndişələnmir.

 

Niderlandda fit çala-çala ərzaq seçən, özünə əyin-baş bəyənən yüzlərlə adama rəst gələ bilərsiniz. Qadın, kişi fit çala bilər. Ətrafdakıların bir qulağının eşidib, bir qulağının eşitməyəcəyi tərzdə çalınan bu fitin insanın fikrini toparlaması məqsədilə çalındığı da bəllidir.  Sözarası deyim ki, rəhmətlik nənəm qız uşaqlarını fit çalmağa qoymurdu, saçınız tökülər deyirdi. Oğlan uşaqları fit çalanda, fışqırıq çalanda yaşlılarımız evin bərəkətinin qaçacağını söyləyirdilər. 

 

Həqiqətin ortaya çıxması üçün mübahisəsevərlik hollandların xarakterik xüsusiyyətlərindəndir. Sözü göyərtmədən, qarşısındakının haqqını çeynəmədən mübahisə edən insanları müşahidə etmək çox xoşdur. Kiminsə söyüş söydüyünü, qarşısındakını təhqir etdiyini görməzsən. Senzuradan kənar, invektiv söz bu cəmiyyətə yaddır. Kiminsə əl-qol ataraq, hansısa problemi həll etməyə çalışdığını müşahidə etməzsən. Yumruqla, bıçaqla nəyisə çözməyə çalışmazlar. Bunun üçün dövlətin qanunlarının olduğunu bir an da olsun unutmazlar. Holland haqsızlığa dözməz. Yerindəcə buna qarşı çıxmağın lazım olduğunu bildiyindən müdaxiləsini sonraya saxlamaz. Koronavirusa görə insanların 1,5 metrlik məsafə saxlamağa məcbur qaldıqları o məşum günlərin birində gül mağazasına girmək üçün bayırda növbəyə durmuş adamlar arasında baş verən kiçik münaqişəni misal kimi verim. Növbəni pozan, sir-sifətindən hindli olduğu bilinən bir kişinin hərəkətinə bir holland qadının irad tutması az qala böyük münaqişəyə çevriləcəkdir. Nədən ki, hindlinin əsəbi davranışı, qaba hərəkəti, kobud sözləri münaqişəni daha da qızışdırdı. Dəliyəm, güclüyəm buna deyirlər. Növbədə duran yaşlı hollandın onu sakitliyə dəvət etməsi belə hindlini sakitləşdirmədi. O, əl-qolunu ölçərək, yenə də işində idi, bildiyini babasına vermək istəmirdi. Məsələyə heç bir aidiyyatı olmayan, kənardan keçən gənc bir hollandın sərt şəkildə ətrafdakılara hörmət etməsini tələb edən dəvəti hindlinin oradan uzaqlaşması üçün yetərli oldu. Elə həmin gün digər bir hadisə ilə də qarşılaşdım. Əsasən ucuz mallar satılan, Niderlandda böyük şəbəkəyə malik, əsasən aşağı təbəqənin tez-tez üz tutduğu “Action” mağazasında kassa önündə 1,5 metrlik məsafəni saxlamaqla ilgili, Niderlanda xas olmayan nizamsız bir növbə var idi. Mən alış-veriş arabamla kassaya necə yaxınlaşacağımı düşünərkən, saçları qar kimi bəyaz yaşlı bir holland təkidlə məni irəli buraxdı və mən bir anda kassanın qabağına düşdüm. Həmin adama bir neçə dəfə təşəkkür etməyi də unutmadım. Bu misalla hollandların güzəştə getmək, yardım etmək kimi xüsusiyyətlərə də malik olduqlarını vurğulamaq istəyirəm.

 

Niderland insanı yalanı sevməz. Ümumiyyətlə, bu cəmiyyətdə yalana yer yoxdur. Yalançı cəmiyyətin qeyri-qanuni övladıdır. Üzürlü bir səbəb olmadan verdiyin vədi yerinə yetirməmən hollandın səni həyatından kəsib atacağı anlamına gələcək. Bu vaxta qədər münasibətlərinizin yaxşı və ya pis olması da köməyinə gəlməyəcək. Bilərəkdən danışdığın yalan, etdiyin saxtakarlıq bu münasibətlərin sonu deməkdir. Sənə heç bir izahat vermədən, sənin yalan danışdığın barədə sənə bir kəlmə söyləmədən, dostun olsa belə, holland münasibətlərinizin kəsilməsinə qərar verəcək. Səndən ayrılmaq onun üçün çətin olsa da, holland bu addımı atmağı sonraya saxlamayacaq. Sən də, insansan, yəqin ki, hesabını götürüb, özünə çəkiləcək və yalanlardan islah olmağa çalışacaqsan. Və bu, zənnimcə, ən doğru yöntəmdir.

 

Niderland insanı yardımsevərdir. Fürsət düşərkən sənə yardımçı olacağını, bunu adi bir insani borc kimi məmnunluqla edəcəyini də qeyd edim. Evindəki artıq ona gərək olmayan, istifadə etmədiyi, amma yararlı bir əşyanı, geyimi, uşaq arabasını sənə pulsuz vermək holland üçün adi bir şeydir. Düzdür, belə əşyaları satanlar da var. Alqı-satqı elanlarında yüzlərlə əşyanın pulsuz təklif edildiyini öz gözlərinlə görə bilərsən. Bunun üçün internetə girmən yetərlidir. Ölkənin istənilən yerindən uşaq geyimlərini, oyuncaqlarını, arabalarını, velosipedlərini poçt vasitəsilə öz hesabına sənə göndərən adamlara da rast gələ bilərsən. Hollandlar bununla həm başqalarına yardım edir, həm də evlərində onlara mane olan, artıq onlara lazım gəlməyən əşyalardan canlarını qurtarırlar. Gözəl örnəkdir, mənimsəməyə dəyər.

 

Bir məqamı da qeyd edim. Niderlandda poçt xidməti çox dinamikdir və insanların bu xidmətdən hər zaman istifadə etdiyini görmək olar. Sifarişlərin poçt vasitəsilə göndərilməsi adi haldır. Velosipedli poçtolyonlar vətəndaşların adına gələn bağlamaları gecikdirmədən ünvanlarına çatdırırlar. Evdə kimsə olmasa poçtalyon gətirdiyi bağlamanı qonşulardan birinə təslim edir. Ənənə belədir. Ən maraqlı məqam isə ondan ibarətdir ki, qonşu bağlamanın kimdən, haradan gəldiyini, içində nə olduğunu belə soruşmadan əsil sahibinə təqdim edir. Onun belə marağının olmadığı hər halından bəllidir. Ümumiyyətlə, kimin nə aldığı, nə satdığı, nə apardığı, nə gətirdiyi, kimin evləndiyi, kimin boşandığı bu adamların maraq dairəsindən kənarda baş verən hadisələrdir. Bu cür dedi-qoduları söhbətinin gözünə qatan, manşetə çıxarıb həvəslə tirajlayan bizim toplumdan fərqli olaraq, hollandların söhbətlərinin əsasını texnoloji sahədə, mədəniyyətdə, idmanda baş verən yeniliklər təşkil edir. Adama elə gəlir ki, Niderland cəmiyyətini nə ölkənin daxili, nə də xarici siyasəti maraqlandırmır. Amma əslində bunun belə olmadığı da bəllidir. Nədən ki, hollandların necə vətənsevər olduqları artıq bizə bəllidir. Sadəcə sıravi vətandaş siyasətlə siyasətçilərin məşğul olduğunu dərk edə bilir, özünün öhdəsinə düşən işi vicdanla yerinə yetirməyə çalışır, əlindən gələni edir, yalançı iddiadan uzaqdır.  

 

Mənim tanıdığım, əslində müşahidə etdiyim deməm daha doğru olar, hollandlar da sevinməyi, təəssüflənməyi, qorxmağı, ağrımağı ən azı bizim qədər bacarırlar, elə bu hisslərini bizi kimi də ifadə edirlər. Bunu onların üz-gözündən oxumaq üçün mütəxəssis olmağa da gərək yox. Göz qəlbin aynasıdır demirlərmi? Elə qarşındakının gözlərinə baxmaqla onun ruhi halının necəliyi barədə nəticə çıxara bilərsən. Aşağıda vermək istədiyim bir-iki örnəklə də bunları anlatmaq niyyətindəyəm.

 

Holland qadınları da bizim qadınlar kimi, marketdən aldıqları ərzağı, meyvə-tərəvəzi qaldırıb-salmağı, o üzünə bu üzünə çevirməyi, irdələyib seçdikdən sonra almağa üstünlük verirlər. Deyəsən, bu, dünyadakı bütün qadınları ortaq məxrəcə gətirən bir vərdişdir. Görünür bütün qadınların alış-veriş zamanı eyni cür hərəkət etmələri özündə ilkin yığıcı əcdadlarından hansısa əlamətləri yaşatmaqdadır. Birində az, digərində çox.  

 

Avropalı həftəsonlarının – şənbə-bazar günlərinin yaddaqalan olmasına çalışır. Həftəboyu eyni işi görməyin, eyni şeyi təkrarlamağın yaratdığı yorğunluğu, həftəiçi monotonluğu yalnız bu yolla aradan qaldırmağı doğru yol sayır. Uikend elə təşkil olunmalıdır ki, onun abu-havası insanın növbəti həftə ərzində normal işləməsini təmin etsin. Mən istirahət günlərinin səssizliyi barədə başqa bölümdə daha geniş bəhs edəcəyimdən hələlik bu qədər yetər. Bunu ağlınızın bir tərəfinə yazın.

 

Hollandlar da bayram günlərinə, məsələn, Milad bayramına, Pasxa bayramına xüsusi hazırlıq görürlər. Onsuz da səliqə-sahmanlı olan ev-eşiklərinə əl gəzdirir, bol süfrə açıb şənlənirlər. Bir-birini təbrik edənlər, bir-biri ilə bayramlaşmağa gedənlərə hər tərəfdə rast gələ bilərsiniz. 

 

Tez-tez rastlaşdığım, çox danışması boşboğazlıq təsiri bağışlayan 50-60 yaşlarında kişinin xərçəng xəstəsi anasına kiminsə məsləhət gördüyü, müxtəlif meyvələrdən hazırlanması gərəkən dərmanı başa gətirmək üçün bir əl-ayaq da satın aldığını, necə təlaşa düşdüyünü görüncə, mənim onun barəsində təsəvvürlərim gün görən buz kimi əridi. Mən harada yaşamasından, hansı dildə danışmasından, hansı məzhəbə qulluq etməsindən asılı olmayaraq insanın hər yerdə insan, eyni hisslərin daşıyıcısı olmasını bir daha da təsdiqləmiş oldum. Doğmalarımızın ayağına daş dəyəndə biz necə hərəkət edirik? Biz də eyni cür təlaş keçirmirikmi, eyni hisslərin əsiri olmuruqmu, eyni cür qayğı göstərməyə çalışmırıqmı?

 

Atının öldüyünü bizə kədərlə xəbər verən hollandın ruhi halını təsvir etmək belə mümkünsüz görünür. Çoxdan tanıdığımız, hər həftə heyvanlarına marketlərin, fırınların istifadəyə yararsız ərzaqları xüsusi səbrlə çeşidləyərək, köhnə model “Mersedes”inin arxasındakı qoşquya toplayan bu yaşlı kişinin üzünə-gözünə hopmuş kədəri kənardan belə müşahidə etmək ağır idi. İyirmi illik dostundan, ona sədaqətlə xidmət etmiş atından ayrılığın ona olduqca böyük zərbə vurduğu hər halından bəlli idi. Bizim atbazların da öz atlarından ayrılığı bu şəkildə baş vermirmi? Atın bizim xalqın tarixində oynadığı rolun böyüklüyü hamımza bəllidir. Atın zamanında bizi məkanın, məsafənin hakimi etdiyini, onun vasitəsilə böyük qələbələrə imza atdığımızı da unutmayaq. Atı igidin qardaşı adlandırdığımızı, ata arzu-muraz kimi baxdığımızı, atla bağlı xalq inamlarımızın olmasını yadınıza salıram. Atın ölümü, itgisi bizə də eyni hissləri yaşatmırmı?

 

Atdan söhbət açılmışkən, hollandların at sevdalı olmasından bir qədər ətraflı danışmam gərək.

 

Afiq MUXTAROĞLU

Niderland