Aşıq sənəti Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olmaqla türk dünyasının, türk mənəviyyatının rəmzlərindəndir. Saz çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq, nəhayət ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçdiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır.

 

Təzənə ilə çalınan simli çalğı aləti olan saz və ulu ozan sənətinin davamçısı olan aşıq saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səs baxımından danılmaz üstünlükləri ilə seçilir. Saz haqqında Şah İsmayıl Xətayinin könül oxşayan bir qoşması var. Məhz həmin qoşmada o, sazı belə tərənnüm edir:

 

Bu gün ələ almaz oldum mən sazım,

Ərşə dirək-dirək çıxar avazım.

Dörd şey vardır bir qarındaşa lazım,

Bir elm, bir kəlam, bir nəfəs, bir saz.

 

Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfilbəndlə yanaşı, qoşmanın təcnis, çığalı təcnis növlərindən ibarətdir. Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiəti ilə solo oxumaqdır.

 

Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əhəmiyyət kəsb etmişdir. 2009-cü ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun  Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

 

Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş dahi Üzeyir bəy Hacıbəyli “aşıq” sözünü “eşq” sözü ilə bağlamışdır. Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri və əhəmiyyəti olan aşıq sənəti bu gün də olmaqdadır. Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycan musiqisində peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir.

 

Aşıq sənəti Azərbaycan xalqının mənəvi aləminin ruhunda və qanındadır. Xalqın tarixi dəyərləri və mənəvi inkişaf səviyyəsi çoxəsrlik aşıq musiqisində təzahür olunur. Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin inkişafinda aşıq sənəti mühüm rol oynayır. Aşıq musiqisi mənəvi dəyərləri tərənnüm edir, doğma torpağa, vətənpərvərliyə, adət-ənənələrə sədaqət zəminində xalqın musiqi təfəkkürünü, həm də fəlsəfi mədəniyyətini formalaşdırır. Azərbaycan xalqının musiqi mədəniyyətinin tərkib hissəsi olan aşıq sənəti əsrlərin sınağından çıxmış və bu gün də yaşayırsa bu, onun xalqımızın ruhunun, könlünün və qəlbinin bir parçası olduğunu göstərir. Bu sənəti qorumaq, gələcək nəsillərə çatdırmaq bizim təməl borcumuzdur.

 

Leyla YUSİFOVA