Biz bir zamanlar nağıl, dastan, mifologiya-əsatir, roman mövzuları, məzmunları ilə yaşadıq. Onlardakı ideyalarla, simvollarla ömrümüzün olan çağlarının dilində səsləşdik. Hadisələrdən boy verməyə çalışaraq bəzən hətta onların qəhrəmanlarına da çevrildik. Mətnlərdəki dialoqlara qədər əzbər bilirdik. Hiss edirdik ki, mif – fantaziya ola bilər, amma gec-tez həqiqətə də çevriləcək! Axı dünyanın ən böyük realistləri də bir zamanlar elə miflərdən başlayıblar!

 

...orda ayla, illə, burda müxtəsər dillə, əslində çoxdan olmuş, amma sanki elə dünən baş vermiş mövzuya – bəlkə də biz tərəflər üçün ən sərbəst mövzuya – keçirəm.

 

...“O”, Qafqaz qayalıqları misilli susqundur. Fikirlər aləmindən sanki qəsdən ayılmaq istəmir. Görünür, özünü motivasiya edə bilməyib; yoxsa könüllü əsirlik, könüllü sürgün istəyənlərə belə oxşamazdı.

 

Birdən-birə dastandan çıxmış nurani dərviş misallı, əlimdəki almanı – işığından cənnət almasına bənzəyən almanı – “O”na uzadıb soruşuram:

 – Oğul, barmaqlarımın arasından bax, gör, nə görürsən?

 

“O”, birdən-birə ayılır; çünki paralel nağıl həyatına keçdiyimizi dərhal anlayır:

– Uzaq-uzaq yollar görürəm, – deyir.

 

– Daha nə görürsən? – sevə-sevə əzbərlədiyimiz dialoqdan çıxmadan davam edirəm.

 

– Bir böyük şəhər, şəhərdə bir saray, içində də bir gözəl qız görürəm. Amma, dərviş baba, lütfən, o qızı mənə buta verməyin; çünki mən barmaqlarınız arasından gördüyüm qızı yox, Afroditanı sevirəm. Axı Siz bunu bilirsiniz. Allah eşqinə, həsrət üstünə həsrət gətirməyin.

 

Biz “O”nu öz aramızda “Tahir” deyə çağırırdıq. Özümüz də qonşu qızı Zöhrəni sevdiyini zənn edirdik. Yəni bir növ... “Tahir və Zöhrə” dastanı! Əslində məsələnin kökünə varanda Afrodita bizdəki Zöhrədir! Zöhrə ulduzu! İndi “Dan ulduzu” deyirlər. Yunan köklü “Afrodita”nın qədim romalılarda “Venera”ya  çevrildiyi kimi. “O”, əsrlər sonrası planetə “Venera” adının verilməyini də ədalətsiz hesab edirdi. “O”ya görə, planetin adı “Afrodita” olmalı imiş: çünki Afrodita başlanğıcdır. Biz isə Afrodita + Venera + Zöhrə “düstur”unda önəmli olanın bir ulduzun üç adda təcəlləsini sayırdıq.  

 

...Hələ yadınızda qalmış olar: yunan mifologiyasında Paris üzərində “ən gözəl olana” yazılan almanı məhz Afroditaya vermişdi. Bu da digər ilahələrə – Hera və Afinaya xoş gəlməmişdi. Beləcə, qızıl alma nifaq almasına çevrilmişdi və bu nifaq alması da Troya müharibəsinin başlanmasına səbəb olmuşdu.

 

Güman edirdik ki, “O”nun Afroditaya sevgisi heç bir münaqişəyə səbəb olmaz. “O”nun Afroditası – təbii ki, “O”nun gözündə – böyük adaşı Afrodita misallı, eşq və gözəllik ilahəsi, əbədibahar simvolu imiş!

 

Afroditaya bu adı antik ədəbiyyat üzrə mütəxəssis olan əmisi veribmiş. Zalım oğlu zalım, axı sənə eləmi çətin olub? Ver dəəə qardaşın qızına Zöhrə adını! Ver ki, milli Tahirini də Allah yetirsin! “Milli mentalitet”, tufta “təəssübkeşlik” ölüləri də sussunlar biryolluq! Günlərini mənasız çəkişmələrin əhatəsində keçirənlər də irad tutmasınlar ki, öz gül kimi adlarımıza nə gəlib! Amma kimə deyirsən?

 

“O”nun Afroditaya olan məhəbbəti elə böyüdü ki, yanında Məcnun da az qaldı yalan ola! “O”nu nevrologiya xəstəxanasına qədər apardıq. Başına döndüyüm həkim də, eləmə tənbəllik, dedi ki, neçə-neçə nevrozlu xəstədən qəti fərqli olaraq “O”nun beyni mütəmadi stress, faciə, bədbəxtlik, diskomfort yaratmır. Əksinə, bütün xoşbəxtlik hormonları da tam qaydasındadır: serotonin, endorfin, dofamin... daha nələr. İbn-Sina demiş, bununku ancaq eşq məsələsi, vurulmaq dərdi ola bilər! Nəbzinə, ürək döyüntülərinə baxmağınız kifayətdir.

 

Qayıtdıq. Aradan da xeyli keçdi.

 

Günlərin bir günü “O”gilin küçəsinə yenicə dönürdük ki, birdən-birə “O” mənə tərəf çevrildi, amma nə çevrildi!

 

Padşah, taxtın tarac olsun, yəhərin qannan dolsun, nə yatıbsan? Bir o səmtə baxsana!

 

Gözlərimi naməhrəmdən qorusam da baxdım. Küçədən Afrodita keçirdi. İndi “O”nun dili ilə deyəcəyəm: yemə, içmə, xətti xalına, gül camalına tamaşa elə. Günə deyir: sən çıxma, mən çıxacağam!..

 

O uzaq Afrodita ki, rəsmini vaxtilə Tisian çəkib, Bottiçelli, Buqro, Rossetti (ilahi, daha kimlər!) çəkib, yerində sanki “O”nun Afroditasını qoyub getmişdi.

 

...Amma görün sonra nə oldu?

 

“O” birdən-birə yıxılır. Orxan Vəli demiş, eşq başda olmaqla, hər şey birdən-birə olmurmu? Bir də ki, necə deyərlər, acıdil bal satandan şirindil bibər satan yaxşı deyilmi?

 

Bir qrup veneroloji xəstə düşüncəli söz yayır ki, guya “döşləri baş yaran” Afrodita nə üstündəsə “O”nun başını yarıb. “O” da huşunu itirib. Axı saf sevgiyə inanmayan bədbəxt haralardan bilsin ki, həm gözə, həm də qəlbə xoş gələn gözəllik qarşısında hələ heç bir aşiq tab gətirməyib!

 

“O” ilə Afroditanın toyu indinin özündə də biz tərəflərdə ən möhtəşəm toy kimi tarixə düşdü. Hələ onların gül balaları!..

 

P.S.

İndi biz tərəflərdə bir “Afrodita limanı” deyilən yer var. Sevənlərin üstünə oralardan sevgi suyu sıçrayırmış... Amma bunu təkcə sevginin möcüzələrinə inananlar bilir.

 

İBRAHİMXƏLİL