Jurnalist əlində mikrofon tutmadan necə jurnalist olar? Proqramçı real kod yazmadan necə proqramçı olar? Gələcəyin peşəkarları yalnız kitablarla hazırlaşırlarsa bu, peşəkar olmaları üçün yetərlidirmi?..
Biz oxuyuruq, amma tətbiq edə bilmirik. Dərslər PDF-lər ilə doludur. Hər dərs sözdə “dolu-dolu” keçirilir. Amma real həyatda qarşılaşacağımız vəziyyətlərə hazır deyilik. Bu yazı həm bu suallara cavab axtarır, həm də praktikadan məhrum qalan bir çox tələbənin deyə bilmədikləri, içindəki səssiz narazılığını dilə gətirir.
Mənim sinif yoldaşım və eyni zamanda ən yaxın rəfiqəm jurnalistika fakültəsində oxuyur. Mən isə kompüter elmləri üzrə təhsil alıram. Eyni universitetdə oxuyuruq, amma ixtisaslarımız fərqlidir. Yolumuz, dərslərimiz və müəllimlərimiz ayrı olsa da, üzləşdiyimiz əsas problem ortaqdır: təcrübə yoxluğu.
Bir neçə gün əvvəl dərsdən çıxıb evə qayıdarkən təsadüfən avtobusda qarşılaşdıq. Yol yoldaşı olmaq fürsətindən istifadə edib dərslərin gedişatından, müəllimlərdən, ixtisasımızla bağlı ümumi təəssüratlardan danışdıq. O, jurnalistika fakültəsində oxumağın ona maraqlı gəldiyini, bu sahədə nələr etmək istədiyini dedi. Amma bu marağın universitetin tədris sistemi ilə azaldığını etiraf etdi. “Biz oxuyuruq, amma jurnalist olmağa imkan verilmir” – Onun bu cümləsi məni dərin düşüncəyə saldı.
Onun dediklərinə görə, dərslər əsasən nəzəriyyə ilə doludur. Amma nə vaxtsa real bir hadisənin yerində olmaq, canlı reportaj hazırlamaq, mikrofonla cəmiyyətin içərisində olmaq və s. – bunlar üçün imkan yaradılmır. Xarici ölkələrdə oxuyan tələbələrin müəyyən hadisələr baş verdikdə ora getmələri, reportaj hazırlamaları, jurnalist olaraq formalaşmaları üçün şərait yaradılır. Bizdə isə hər şey slaydlarda qalır. Həmişə xaricdə oxuyanlardan bizim nəyimiz əskikdir deyirdim. Amma indi əskikliklərimizi daha yaxşı başa düşürəm...
Bu narazılıq təkcə jurnalistikaya aid deyil. Məndə də vəziyyət eynidir. Mən kompüter elmləri, daha dəqiq, proqramlaşdırma üzrə təhsil alıram. Rəqəmsal dünya, texnologiya, alqoritmlər... necə də maraqlı sahədir, elə deyilmi? Mən də belə düşünürdüm. Amma bu qədər dinamik sahənin tədrisi, təəssüf ki, PDF-lər ilə passiv şəkildə aparılır. Kod yazmağı öyrənməliyik, amma kodu ancaq kağız üzərində yazırıq. Komanda işi, real layihələr, proqram hazırlığı... – bütün bunlar dərs proqramında yoxdur. Laboratoriyalar texniki avadanlıqdan məhrumdur. Müəllimlərin bir çoxu yalnız nəzəri bilik ötürür. Sanki gələcəkdə proqramları biz kompüterdə deyil, kağız üzərində yazacağıq. Əldə etdiyimiz bilikləri sınamaq, tətbiq etmək, səhv etmək, nəticə çıxarmaq üçün heç bir mühit yaradılmır. Halbuki proqramçı olmaq istəyən bir tələbə mütləq layihələrdə iştirak etməlidir, kod yazıb nəticəsini görməlidir. Jurnalist isə hadisə yerində olmalı, insanlarla ünsiyyətdə olmalı, canlı həyatın içindən xəbər çıxarmalıdır.
Tədris sistemləri tələbəyə həm bilik, həm də bacarıq verməlidir. Bilik başa düşmək üçündür, bacarıq isə onları həyata tətbiq etmək üçündür. Tələbə universiteti bitirdikdə sadəcə diplom deyil, həm də öz sahəsində müəyyən təcrübə ilə məzun olmalıdır. Biz isə bu gedişlə sadəcə diplomlu olacağıq. Bu məsələyə yalnız bir-iki fakültənin problemi kimi yanaşmaq da düzgün deyil. Bu, bütün ali təhsil sistemində yayılmış ümumi bir problemdir. Tibb tələbələri real xəstə ilə işləmədən həkim ola bilməz. Müəllimlik oxuyan bir tələbə sinfə girmədən müəllim ola bilməz. Hər bir peşənin sahibi real mühitə girmədən öz sahəsində formalaşa bilməz. Yoxsa, biz oxumağa davam edəcəyik, amma bacarmadan, sınamadan, tətbiq etmədən, sadəcə diplom almaq üçün. Və bu halda diplom kağız parçasından başqa bir şey olmayacaq.
Validə FƏTULLAYEVA