İnsan xəstəxanaya gedəndə sadəcə müalicə üçün yox, ümidlə gedir. Ağrısını azaltmaq, probleminə cavab tapmaq və ən əsası, özünü güvəndə hiss etmək üçün gedir. Həkim otağına daxil olan hər kəsin içində eyni gözlənti olur: “Məni anlayacaqlar və kömək edəcəklər”. Amma bəzən bu gözlənti özünü doğrultmur.
Bir vaxtlar deyirdilər ki, hər dərdin öz dərmanı var. Bu fikir sadə görünsə də dərin məna daşıyırdı. Çünki hər problemin səbəbi fərqli olduğu kimi, həlli də fərqli olmalıdır. Lakin zaman keçdikcə bəzi hallarda bu fərqlilik arxa plana keçir və müxtəlif problemlərə eyni yanaşmanın tətbiq olunduğu müşahidə olunur.
Bu gün tez-tez eşidilən bir fikir var. Xəstəxanaya gedən insanların çoxuna “sistem asmaq” məsləhət görülür. Sanki baş ağrısı da, halsızlıq da, başqa şikayətlər də eyni üsulla “həll olunur”. Halbuki “sistem” sadəcə damara verilən mayedir və yalnız müəyyən hallarda faydalıdır. Hər vəziyyət üçün uyğun bir həll yolu kimi qəbul edilməsi isə insanı düşündürür. Çünki müalicənin əsası səbəbi anlamaqdır. Səbəb isə müayinə və araşdırma ilə üzə çıxır. Əgər bu mərhələlər ötürülürsə verilən qərarın nə dərəcədə düzgün olduğu sual altında qalır. Elə bu düşüncələr insanı bəzən sadə bir hadisə üzərində dayanmağa vadar edir.
Keçdiyimiz günlərdə bir yaxınım bel ağrısı ilə xəstəxanaya getmişdi. Xəstənin şikayətlərini sonuna qədər dinləməmiş, heç bir müayinə edilməmiş ona “get təcili tibbi yardım hissəsinə de ki, zəhərlənmişəm, sənə “sistəm” asacaqlar” demək nə qədər düzgündür? Zəhərlənmə hadisəsi kimi göstərib “sistem” almağı tövsiyə etmək sadəcə qəribə yox, eyni zamanda düşündürücüdür. Çünki burada əsas məsələ ağrının səbəbini tapmaq deyil, daha çox onu müvəqqəti şəkildə aradan qaldırmaq kimi görünür. Çox zaman isə sadəcə pula önəm verilir. Belə ki, xəstənin şikayətlərini dinləməmiş oturduqları masanın siyirməsini açıb pul qoymaqlarını gözləyirlər. Kim pul versə ona qarşı daha yaxşı davranırlar. Hər şeyin pulla ölçüldüyü dövrdə yaşayırıq. Sağlamlığımız belə pulun olub-olmamasına bağlıdır. Sanki insan həyatı ilə qumar oynanılır...
Bu məqamda insanın yadına keçmiş dövrlər düşür. Belə bir hadisə eşitmişdim. Həkimliyin hələ bu qədər inkişaf etmədiyi zamanlarda əməliyyatlar üçün, xüsusi təhsil almış insanlar olmadığına görə, daha çox əli çevik olanlar axtarılırdı. Uyuşturucu maddələr olmadığı üçün xəstənin daha az qan itirməsi və əməliyyatın daha tez bitməsi üçün belə bir yola əl atırdılar. Hətta bəzi hallarda bu iş bərbərlərə həvalə olunurdu. Məqsəd isə işi tez görmək idi. Amma zaman göstərdi ki, sürət bilik və təcrübəni əvəz edə bilmir. Əlbəttə ki, bu yanaşmanın nəticələri ağır olurdu. Məsələn: infeksiyalar, səhvlər, itirilən həyatlar...
Bu gün isə vəziyyət fərqlidir. Tibb inkişaf edib, biliklər artıb, imkanlar genişlənib. Bu isə hər bir xəstəyə fərdi yanaşmanı daha da vacib edir. Çünki hər insan fərqlidir və hər problem öz səbəbinə görə yaranır. Bütün bunlar insanı bir sual üzərində düşünməyə vadar edir. Müalicə həqiqətən səbəbi aradan qaldırır, yoxsa sadəcə nəticəni qısa müddətlik gizlədir? Əlbəttə, bu sahədə işini vicdanla və peşəkarlıqla görən həkimlər çoxdur. Onların fəaliyyəti səhiyyəyə olan inamın əsasını təşkil edir. Məhz buna görə də mövcud problemlərin aradan qaldırılması daha böyük əhəmiyyət daşıyır.
Problem sadəcə həkimlərin göstərdiyi müalicə ilə məhdudlaşmır. Eyni zamanda pasiyentlərin də rolu az deyil. Sual vermək, maraqlanmaq, səbəbi öyrənmək – bunlar hər bir insanın haqqıdır. Bəzən insanlar sual verməyə çəkinir, utanırlar. Halbuki gündəlik həyatda bu cür davranmırıq. Məsələn, mağazadan və ya bazardan nəsə alanda qiymətdə kiçik fərq olanda və ya aldığımız məhsulun çəkisi az gələndə dərhal etiraz edirik, haqqımızı tələb edirik. Bəs niyə eyni yanaşmanı sağlamlığımızla bağlı göstərmirik? Əslində, sağlamlıq hər şeydən daha önəmlidir. Bu səbəbdən sual verməkdən çəkinməməliyik. Çünki məhz bu suallar bizi düzgün müalicəyə aparan ən vacib addımlardan biridir.
Nəticə olaraq demək olar ki, səhiyyə sahəsində əsas məqsəd yalnız müvəqqəti ağrı kəsmək deyil, düzgün və düşünülmüş şəkildə müalicə etmək olmalıdır. Çünki sağlamlıq sadəcə bir ehtiyac deyil, ən böyük dəyərdir.
Validə Fətullayeva