Son yazımdan sonra həm oxuculardan, həm də həmkar qələm yoldaşlarımdan çoxlu geri dönüşlər aldım. Ötən yazımda Qardabaninin problemlərindən söz açmışdım. Oxucularımdan biri mənə yazdı: “Bizdə vəziyyət daha ağırdır...” O an düşündüm ki, doğrudan da insan bəzən hər şeyə yalnız öz çərçivəsindən baxır. Ona elə gəlir ki, dünyanın bütün dərdləri yalnız onun çiyinlərindədir, o, dünyanın ən bədbəxt adamıdır. Halbuki kənara boylananda görürsən ki, hər kəsin öz yükü var, bəlkə də səninkindən qat-qat ağır. Elə buna görə yazılarımda duyğuya yer verirəm. Çünki duyğu insanı bir-birinə yaxınlaşdırır. Sərtlik bəzən qorxu yaradır, amma duyğu həmişə körpü qurur.
Bu haqda danışmazdan əvvəl istəyirəm “Yeni Yol” qəzetinin gənc yazarlarından olan Çiyalə Osmanovanın qəzetimizin 227-ci sayındakı “Tənqiddən qaçıb təhqirə tutulmaq” adlı yazısına münasibətimi bildirəm.
Çiyalə məni çoxdan tanıyır və yazılarımda emosionallığın, nostaljinin və romantizmin həmişə ön planda olduğunu vurğulayaraq qeyd edir, yazılarımı emosional adlandırır. Bu tənqidi tam səmimiyyətlə qəbul edirəm. Mənim yazı üslubumda duyğu həqiqətən də güclü yer tutur. Mən oxucuya yalnız faktlarla deyil, ruhun səsi ilə çatmaq istəyirəm. Çünki duyğu körpü yaradır, oxucunu yazıya bağlayır. Mənim üçün yazının əsas dəyəri ondadır ki, insan onu oxuyarkən öz içindəki gizlənmiş suallara cavab tapsın, öz qəlbinin səsini eşitsin, tək olmadığını hiss etsin. İstəyirəm ki, kiminləsə bölüşmək, kiminsə səsini eşitmək imkanı olsun. O, yazılarına sərt, bəzən qəddar yanaşmağı seçir. Mənim yolum isə fərqlidir – duyğularla yazmaq, oxucuya ruhunun eşidildiyini anlatmaq. Bəlkə də Çiyalənin demək istədiyi kimi, sözlərim oxucuya zərbə endirmir. Amma mən inanıram ki, yazılarımda oxucu özünü tapır. Və bu, mənim yolumdur – duyğuyla yazmaq, ruhla danışmaq. Seçimim bəlkə də yumşaqdır, amma heç vaxt zəif deyil. Çünki insanı yalnız sərt söz deyil, duyğu da dəyişdirir. Bəzən bir cümlə insanın illərlə qəlbində gizlətdiyi yaraya məlhəm olur.
Mənim son yazıma gələn oxucu reaksiyası buna ən gözəl nümunədir. Qardabaninin problemlərindən yazmışdım, bir oxucum isə Bolnisi rayonunun Kolayır kəndindən söz açdı. O yazdı ki, bizdə vəziyyət daha ağırdır. Kolayır kəndində yollar bərbad vəziyyətdədir, qışda palçıq, yayda toz. Piyadaların hərəkət etməsi mümkünsüzdür. İctimai nəqliyyatda isə ayrı-seçkilik var: sürücülər sərnişinləri yolun ünvanına görə seçir, gediş haqqında haqsızlıqlar edirlər. Ən bol sulu kəndlərdən biri olmasına baxmayaraq, kənd camaatı illərdir içməli suya həsrətdir. Elektrik paylama mərkəzi kənddə yerləşsə də, qonşu kənddə işıq kəsiləndə Kolayırda da elektrik olmur.
Ən acınacaqlısı isə budur ki, öyrəndiyim son məlumata görə, kresloda oturan bəzi “dil bilənlərin” sahibsiz torpaqları öz adlarına keçirdiyi, camaatın haqqına sahib çıxdığı barədə iddialar dolaşır. Bütün bunlar bir daha göstərir ki, problem yalnız Qardabanidə deyil. Kolayırda da, Marneulidə də, Bolnisidə də oxşar vəziyyət var. Və bu, artıq insanların etibarının sarsılması, susqunluğun yaratdığı boşluq və insanların etibarına edilən xəyanətdir.
Belə nümunələr çoxdur və bu mənzərə təkcə bir kəndin, bir rayonun deyil, bütün bölgələrin ortaq yarasıdır. Susmaqla heç nə həll olunmur. Problemlər yalnız o zaman həll yoluna çıxar ki, biz birlikdə danışaq, birlikdə tələb edək. Qardabani üçün də, Kolayır üçün də, eləcə də bütün bölgələrimiz üçün də.
Çünki hər kəsin dərdi eynidir, amma hər kəsin səsi bir-birini tamamlamır. Bəs bu dərdlər necə həll olunacaq?
Ən böyük problem susmaqdır. Biz çox vaxt öz dərdimizi içimizdə saxlayır, “onsuz da heç nə dəyişməyəcək” deyə boynumuzu bükürük. Amma susduqca, səsimizi çıxarmadıqca problemlər daha da böyüyür, vəzifə sahibləri də daha çox həvəsə düşürlər.
Oxucumun bir kəlməsi var idi ki, yazının bütün mahiyyətini açıqlayır: “Həlli birlikdəlikdir”. Mən də tam bu fikrə inanıram. Qardabanidən danışanda, Kolayırdan söz açanda, Marneulini, Bolnisini yada salanda, məqsəd ayrı-ayrılıqda çarəsizliyi göstərmək deyil. Məqsəd hamını bir arada görməkdir. Çünki dərdlərimiz birdirsə, həll yolumuz da bir olmalıdır.
Susmaqla deyil, daha çox səs çıxarmaqla, haqqı tələb etməklə, bir-birimizə sahib çıxmaqla nəticəyə çata bilərik. Ancaq o zaman bu problemlərin qarşısını ala bilərik. Unutmayaq ki, güc birlikdədir!
Aytən FƏTULLAYEVA