Qoy Novruzumuz məndən inciməsin, mən uşaqlıqda öz təxəyyülümlə ən çox “Mayovka” ilə “23 Fevral” bayramını sevərdim.

 

“Mayovka” sözün həqiqi mənasında limonad bayramı idi. Ataların “ağ sularından” əlavə mütləq şəkildə uşaqlara yeşiklə limonad alınardı. Adama elə gəlirdi ki, evdə yeyilən kababın da, içilən limonadların da “Mayovka”dakı kimi dadı olmurdu.

 

Biz tərəflərdə bütün kəndlər demək olar ki, Babakər dağının ətəyində yan-yana yerləşir. Təsəvvür edirsinizmi, bütün kəndlər səhər alaqaranlıqdan dağa qalxar, yer tutardı. Ağac altı oturacaqlar tutulduqdan sonra dəyələr qurulardı, yaxud da kim istəsə bu dəfə dağa çıxmaz, Təpətey çayının qırağındakı cala dediyimiz  tut bağlarına gedərdi.

 

Atalar kabab çəkər, qonşu dəyələri haylayardılar. Uşaqlardan oğlanlar gah top oynayar, gah güləşər; gənc qızlar xına daşlarından xına çəkər, çiçək toplayardılar. Analar kəklikotu, ətotu yığar, deyər, gülər, dəstə-dəstə dağlara səpələnərdilər. Bu bayramın yeganə bir özəlliyi də vardı ki, həmin gün süfrəni atalar təşkil edirdi. Axı, süfrədə yalnız kabablar olurdu. Sonra o közlərlə də samovar qalayardılar. “Mayovka” analarmızın əziyyət çəkmədiyi tək bayram idi, çünki oradan geri də heç nə qayıtmırdı. Elə pomidorun, xiyarın nübarını da “Mayovka”da edərdik, indiki kimi mövsümsüz yemirdik. Həmin gün uşaqlar o qədər xoşbəxt olurdu ki, onu yazmaqla təsvir etmək mümkün deyil.

 

Hələ bunun səhəri də vardı... Mənasını başa düşmürdüm, ona “paxmeli günü” deyirdilər. Ən maraqlısı da o idi ki, bütün atalarımız içkili olsalar da, yadıma gəlmir ki, bir qəza ola və ya milis kimisə tuta.

 

İkinci bayramım “23 Fevral” idi. Yox, burada analar əməlli-başlı əziyyət çəkirdilər. Həm qəpik-qəpik yığdıqları özəl ehtiyatları ilə hədiyyə alardılar, həm də süfrə açardılar. Bu bayram doğum günündən də özəl olurdu, axı kişilər bayramı idi. Atalarımız dostları, qohumları ilə 23 Fevral hədiyyəsini maraqla bölüşərdilər. Bu bayram həm də 8 Marta gedən yolun dəyəri idi. Analar bir-biri ilə xısın-xısın məsləhətləşirdilər ki, kişiləri sanballı borclandırsınlar.

 

23 Fevral bayramının bir maraqlı adəti də vardı – nişanlı qızların nümayəndə heyəti – rəfiqələri (bacılıqları) xonça ilə oğlan evinə bəyi təbrikə gedərdilər. Bəyə və onun nümayəndə heyətinə hədiyyələr alardılar. Sonra hamı maraqla nişanlı qızın və bacılıqların qardaşlıqlara – sağdış-solduşlara aldığı hədiyyələrlə maraqlanardı.

 

Məni isə ən çox maraqlandıran “otkrıtka” dediyimiz açıqcalar idi. Əmilərim, bibilərim, xalam və dayım da müəllim işləyirdilər. Uşaqların birgünlük “peraşki”, “priyannik” pulundan keçib müəlliminə hörmət əlaməti   olaraq yazdığı təbrik açıqcaları bütün bayramlarda vardı. Mən də o müxtəlif xətləri güclə oxuyardım. Həm pis, həm də gülməli tərəfi o idi ki, hamısı eyni səbəbdən eyni arzunu yazmışdı, bir dənə fərqli cümlə-arzu  yox idi.

 

O vaxtdan bir xeyli zaman keçib. O zaman mənim uşaqlığımdan, gəncliyimdən keçib, mənə qalan bu xoş xatirələrdir. Mənim uşaqlıq yaşadığım o ölkə də, haqqında danışdığım o bayramlar da tarixin səhifəsinə köçüb. Bəli, köçüb, amma xatirəsi diri qalıb desəm, bilmirəm düz alınarmı...

 

Bu gün haqqında danışdığım o adətlər yenə də var. Olsun, orada ki ruh rahatlığı var, sevinc var, orada ki insanlara zərərli heç nə yoxdur, deməli qəbul edilirsə, olsun. Onsuz da o qədər əcaib adətlərimiz var ki... Kaş adətlərə nəzarət edən, tənzimləyən bir qrumumuz da olaydı. Amma elə istərdim ki, gənclər bu bayramların heç olmasa tarixini bilsinlər – övladlarının sualı qarşısında utanmamaq üçün.

 

P.S.

 

1 may Çikaqo fəhlələri (1886-cı il) nümayiş edərək 8 saatlıq iş vaxtı istəmişdilər. Sovet höküməti bu günü  fəhlə və kəndlilərin həmrəylik günü kimi qeyd edirdi. 23 fevral isə Sovet Ordusu və Hərbi Dəniz Donanması Günüdür.

 

Esmira ƏLƏKBƏRLİ