TƏBİƏTİN VƏ TARİXİN HARMONİYASI
3. YERÜZÜNƏ KÖÇMÜŞ GÖYQURŞAĞI
Uşaqlıqda qonşu kəndə – Voyovkaya (Novo Ulyanovka), indiki Vaxtanqisiyə gedib birini üç qəpikdən aldığımız rəngarəng çiçəkləri bütün parlaqlığı ilə xatırlayıram. Azərbaycanla həmsərhəd olan bu kənd həmin dövrdə daha beynəlmiləl, etnik baxımdan daha qarışıq, daha maraqlı idi. Müxtəlif xalqların nümayəndələri bir-birinin qonşuluğunda yaşayır, xeyir-şərlərini birlikdə yola verirdilər. İndi də burada müxtəlif xalqların nümayəndələrinə rast gəlinir, amma bu yaxın keçmişdəki kimi hiss olunmur. Sovetlərin dizini yerə qoyması ilə bu kənd də öz simasını itirdi, əhalinin bir qismi ev-eşiyini sataraq, başqa yerlərə üz tutdu. Gedənlərin arasında burada məskunlaşmış almanlar daha çox idi. Mənim bir neçə dəfə gül aldığım alman ailəsi də çoxdan buraları tərk edib.
Bu xatirəmin indiki bölümlə cüzi əlaqəsi olmamış deyil. Nədən ki, mənim uşaqlıqda dənəsi üç qəpiyə aldığım çiçəkləri əkib-becərən almanların tarixi vətənləri Almaniya, bu sətirləri yazdığım dünyada ən çox gülləri, çiçəkləri ilə tanınan Niderlandın qonşuluğunda yerləşir. Güllük-gülüstanlıq baxımından Almaniya heç də geridə qalmış bir ölkə hesab olunmur. Ancaq heç bir statistika aparmadan əminliklə deyə bilərik ki, Avropa iqtisadiyyatının ana sütunu olan Almaniya gül-çiçək yarışmasında qonşusu Niderlanddan öndə deyil.
Bu məqamda mövzumuzun növbəti bölümünə giriş üçün əlimə əla fürsət düşdüyünü fərq edirəm və sizinlə laləli bir xatirəmi bölüşmək niyyətindəyəm. İllər əvvəl mən həyətimizdə kiçik bir laləlik də yaratmışdım. Onlara qulluq etməyi sevirdim. Hər lalənin başına gündə neçə yol fırlandığımı da unutmamışam. Onların açmasını, qıpqırmızı rəngi ilə ətrafa işıq saçmasını səbirsizliklə gözləyirdim. Lalələrsə mənim bu səbirsizliyimə rəğmən, öz zamanında açırdı. Hər gələnə onları göstərmək ləzzətindən özümü məhrum edə bilmədiyimi də yaxşı xatırlayıram.
Bir qədər sonra gətirəcəyim misallar, eləcə də bu sektorun inkişafı ilə bağlı tarixə edəcəyimiz qısa ekuskurs, ümid edirəm, mənim mövqeyimin doğruluğuna yardımçı olacaq.
Niderlandda evini gül-çiçək, yaşıllıq və ya adicə yaşıl ağac budaqları ilə bəzəməyən ailə tapmaq mümkün deyil. Evlərinin qarşısındakı kiçik bağ-bağçanı səliqə-sahman içərisində saxlamaq Niderland insanının gündəlik işlərindəndir. Mütəmadi olaraq gül-çiçəyini suvarmaqla, kolların-ağacların qol-budağını budamaqla, yeni bitkilər əkməklə, bağçasına yeni bir şey – bu, adi mamırlı, quru bir ağac budağı da, rəngbərəng balıqqulağı və ya müxtəlif ölçülü daşlar da, iynəyarpaqlı ağacların qurumuş qozaları da ola bilər – əlavə etməklə məşğul olan insanlara şəhərin, kəndin istənilən künc-bucağında rast gələ bilərsən. Bu, artıq onların həyatlarının bir parçasıdır, tərgidə bilməyəcəkləri vərdişləridir. Düzünə qalsa, gül-çiçəyə bağlılıq Niderland insanında aşırı dərəcədə olduğundan ilk görənlər bunu onların anormallığı, milli xəstəliyi də hesab edə bilər.
Hər addımbaşı qarşına çıxan gül dükanlarının alıcı sarıdan heç bir sıxıntısı yoxdur. Bu dükanlarda növbə ərzaq dükanlarındakı növbələrdən daha böyük, daha uzun olur. COVID-19-un hələ gündəmdə olduğu aprel günlərində bunu daha yaxşı müşahidə etmək imkanı yarandı. Belə ki, mağazaya girmək üçün növbə tutanlar bayırda sıraya durmuşdular, mağazaya alıcılar iki-iki buraxılırdı. Növbədə duranları nə cinsə, nə yaşa, nə də milli kimliyinə görə ayıra bilməzsən. Mağazanın qarşısında qadın-kişi, holland və ya qeyri-holland səbrlə növbəsinin çatmasını gözləyirdi. Sizi inandırım ki, heç yağa-bala belə növbəyə durmazlar, nəinki gül-çiçəyə.
Bizim Niderland barədə səhv bildiyimiz məlumatlar arasında güllər də öz nəsibini alıb. Biz, adətən, bu ölkəni lalələr ölkəsi kimi tanıyırıq. Əslində isə bu gün lalələr gül-çiçək istehsalında digər növlərlə rəqabət aparmaqdadır. Bunu gül dükanlarında da müşahidə etmək mümkündür. Bəzən bu alış-veriş məkanlarında heç lalənin izi-tozu da görünmür, bəzənsə digər çeşid güllərin çoxluğu onun varlığını az qala görünməz edir. Gül o qədər bitmişdi, reyhan arada itmişdi, – deyirlər ha, bax, onun kimi bir şey.
Lalələrin Niderlandın rəmzinə çevrilməsinin də maraqlı tarixçəsi var. Belə demək mümkünsə, lalələr Niderlandda nə vaxtdan vətəndaşlıq qazanır? Niderlandın lalə dönəminin özəllikləri nədir? Cəmiyyətin bütün təbəqələrinin lalə əldə etmək, laləyə sahib olmaq uğrunda mucadiləyə başlaması, lalə ticarətinin qızışması, lalənin cəmiyyətin başağrısına çevrilməsi ölkə tarixinin qızıl dövrünə (1585-1702) təsadüf etməsinin səbəbi nədir? Bu və ya digər sualları cavablandırmaq üçün lalənin keçdiyi həyat yoluna qısa bir tarixi səyahət etməmiz gərəkir.
Lalənin vətəninin Asiya çölləri olduğu güman edilir. Səlcuqlar dönəmində Anadoluya gətirildiyi və xalqın təfəkküründə dərin izlər buraxdığı, Osmanlı dönəmində isə sultan saraylarından tutmuş kəndli evlərinə qədər hər yerdə bir bəzək elementinə, naxış motivinə, bir rəmzə çevrildiyi bəllidir. Osmanlı dövründə sultanların dincəlməsi üçün lalələrin süslədiyi xüsusi bağ-bağçaların yaradıldığı da söylənilir. Türk bağbanların yeni lalə növləri əldə etdikləri də danılmazdır. Lalənin Avropaya ilk dönəmlərdə Osmanlıdan idxal edildiyi də bəllidir. XVI yüzilliyin ikinci yarsından özünün Avropa, xüsusilə də Niderland turuna çıxan lalə 400 ildən artıqdır bu yolçuluğunu davam etdirməkdədir. Lalənin cəmiyyətin bütün təbəqələrini bir yoluxucu xəstəlik kimi sardığı, hətta bir neçə lalə soğanağına böyük evlər alınıb-satıldığı dövr Niderland tarixinin maraqlı səhifələrindəndir. Lalənin 1562-ci ildə bir təsadüf nəticəsində Hollandiyaya gəldiyini də söyləyirlər. Antiverpen limanına gəmi ilə İstanbuldan gətirilən ipək toplarının arasından təsadüfən lalə soğanları tapan tacir onu türk soğanı zənn etmiş, bir hissəsini zeytunyağında qızardaraq yemiş, bir qismini isə bağçasında əkmişdir. Növbəti il hamını heyrətləndirən rəngarəng lalələr açmış, bununla da Niderlandın lalələrlə ilk tanışlığının başlandığı güman edilir. İkinci bir versiyaya görə lalələr Avropaya Osmanlıda Avstriyanın səfiri olmuş, flamand kökənli Ogier Ghiselin de Busbesq tərəfindən gətirilmiş, Avstriyada əkilmişdir. Sonra isə, daha doğrusu 1593-cü ildə protestant olan Ogier Ghiselin de Busbesq Niderlanda köçmüş, gətirdiyi lalələri burada əkməyə başlamışdır. Qısa bir müddətdən sonra, daha doğrusu XVII əsrin ilk rübündə bu ölkə özünün Lalə çılğınlığı dövrünü yaşamışdır. Hamı – varlı-kasıb lalə əkməklə, onun ticarətilə məşğul olmağa başlamış, lalə ticarəti qumara çevrilmişdi. Bir laləyə Amsterdamın ən mənzərəli yerində bahalı bir malikanə almaq mümkün olmuşdu. Amma hər yüksəlişin bir enişi də olmalı idi. 1636-1637-ci illərdə lalələrin qiymətinin düşməsindən qazanclı çıxanlarla bərabər, varını-dövlətini itirib, özünü kanallara ataraq intihar edənlər də oldu. Bundan sonra lalə ticarəti dövlətin əli ilə tənzimlənməyə başladı.
Lalənin vətənindən kənarda, yəni Hollandiyada tülpan adıyla tanınmasının da maraqlı bir tarixçəsi var. Belə rəvayət edirlər ki, Bursaya səyahət edən Avstriya səfiri bir türk kəndlisinin qulağının dibinə taxdığı laləni görür. Başıçalmalı kəndlidən bu gülün adını soruşur. Avropalı səfiri düzgün anlamayan kəndli, səfirin çalmanın adını öyrənmək istədiyini güman edir və çalmanın türban adlandığını söyləyir. Səyyah isə bu səhv anlaşılmadan lalənin “türban” və ya “tülpan” adlandığını güman edərək, bu gülü Avropaya “tülpan” adı ilə də təqdim edir və o gündən lalə “tülpan” adıyla özünün Avropadakı zəfərlərinə başlayır. Beləcə bir yanlış da naxışa çevrilir.
Bütün bunlardan sonra rahatlıqla Niderlandı lalələr ölkəsi adlandıra bilərik, buna mane olacaq bir səbəb də yox. Lalə Niderland gerçəkliyində bir neçə aspektdən dəyərlidir. Ayrıca bir istehsal sahəsidir. Ölkə ixracatında önəmli payı var. Ən ümdəsi isə, ölkəyə turist axınının qaynaqlarından biridir. Dünyanın hər tərəfindən lalələrin gözəlliyini canlı görmək istəyənlərin sayında artış hər il baş verir. Lalə turizmi adlandıra biləcəyimiz bu səyahətlər nəticəsində ölkə milyardlarla pul qazanır. Bu sektorun inkişafı üçün görülən işləri də yaddan çıxarmayaq. Bu məqsədlə Niderlandda görülən işlər o qədər geniş xarakterlidir ki, onları burada sayıb bitirmək imkanımız yoxdur.
Turistlərin axınını tənzimləmək üçün 1857-ci ildən fəaliyyət göstərən Keukenhof Kral Parkında hər il milyonlarla lalə əkilir. Bu məqsədlə parkda 2020-ci ildə 7 milyon rəngarəng lalə əkildiyi məlumdur. 800 növ, hərəsi bir rəngə, müxtəlif şəkil və biçimə malik 7 milyon lalənin təkrar-təkrar istifadəsi ilə yaradılmış müxtəlif kompozisiyaların gözəlliyini gözləriniz qarşısında canlandırın. Təkcə lalələrmi? Əlbəttə, yox. Bu gözəllik digər güllərin və çiçəklərin, müxtəlif ağacların birlikdə yaratdığı təkrarsız harmoniyadır, rənglərin musiqisidir. Keukenhof Kral Parkı koronavirus səbəbindən bu il qapalı məkana çevrilib. Hər il milyonlarla ziyarətçisi olan park bu il səssizliyə qərq olub. Parkın əməkdaşları rəsmi internet səhifələrində bu il lalələrdən yaratdıqları möcüzələrin nadir görüntülərini paylaşmaqla gözəlliksevərlərə təsəlli vermək istəyiblər. Əslində isə onları postpandemiyadan sonra bu məkanda görmək istədiklərinin mesajını veriblər. Gül plantasiyalarının sahibləri də turistlərə eyni məzmunlu mesajlar göndəriblər. Xatırladım ki, Keukenhof Kral Parkında gül mövsümü aprel-may aylarında baş tutur. Adətən mayın 15-də bu mövsüm başa çatır.
Turistlərin ayağını Niderlandda tutmaq üçün turist marşurutlarında lalə plantasiyalarına gəzinti də nəzərdə tutulur. İlk baxışda məqsəd turistlərə lalənin gözəlliyini göstərmək kimi görünsə də, bu məqsədin arxasında onları lalələrin potensial alıcısına, tutuqlusuna çevirmək kimi daha ciddi məqsəd gizlənir. Turistlər evlərinə döndükdən sonra da lalədən ayrıla bilməyəcəklər. Nədən ki, Niderlandda sirli bir lalə sevgisinə tutulmuş bu adamların öz ölkələrinə qayıtdıqdan sonra lalələrlə istənilən gül dükanında görüşmək, qarşılaşmaq imkanları olacaq. Getdikləri ad gününə məhz Niderland istehsalı olan bir buket lalə almağa üstünlük verəcək, lalə sevgilərini bağ-bağçalarına daşımaq istəyəcəklər. Məqsədlərinə çatmaq üçün Niderlanddan lalə soğanları sifariş edəcəklər. Onların bu lalə ehtirasları nə bitəcək, nə də tükənəcək. Çox güman ki, bir ömür davam edəcək. Əlbəttə, bu, mənim qənaətimdir. Razılaşmaya bilərsiniz.
Amma bu gözəllikləri öz gözünüzlə görmək, yerüzünə qonaq gəlmiş göyqurşağı ilə görüşmək və bu görüşdən məmnunluq duymaq istəyirsinizsə, bir dəfə də olsun Niderlandı ziyarət etməyə dəyər. Bu gözəlliklərin sizi gündəlik həyatın streslərindən, xırdalıqlarından, əzablarından, yorğunluqlarından, beyninizə hopmuş qorxulardan arındıracağına, həyatı və doğmalarınızı daha çox sevdirəcəyinə əminəm. Yenidən doğulmuşa dönəcəyinizə, bütün mənfiliklərdən təmizlənib paklaşacağınıza, öz doğma yurdunuza başqa, fərqli bir insan kimi dönəcəyinizə inanıram. Lalələrin rəng terapiyasından keçməklə sizin həyatınızın yeni mərhələsinin başlayacağına da şübhə etmirəm.
Afiq MUXTAROĞLU
Niderland