Xəstəlik morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması olaraq tərif edilməkdədir.

 

İnsan yaşadığı müddətdə heç olmazsa bir dəfə də olsa xəstələnir. Bu ərəfədə də özünü sağaltmağa çalışır. Hətta bunun üçün bu işin mütəxəssisləri olan həkimlərə müraciət edir və həkimin qoyduğu diaqnoz və müalicə qaydalarına uyğun olaraq hərəkət edir.


Bu gün dünyanın baş bəlasına çevrilmiş koronavirus (COVID-19) pandemiyası da ciddi bir xəstəlikdir və bizlərin də bu mövzuda həkimlərin məsləhətlərinə uymağımız lazımdır.


Bu mövzuda artıq bir neçə dəfə yazı qələmə almışıq. Ancaq görünən odur ki, xalqımız bu xəstəliyi yenə də ciddiyə almır. Maraqlıdır, bu qədər ölüm hadisələri, xəstələrin çəkdikləri əziyyətlər onlara dəlil, sübut deyimli?


Tarix boyu bu cür yoluxucu xəstəliklər, yəni pandemiyalar hər yüz ildə bir yayıldığı bir çox kitablarda qeyd olunmaqdadır və mütəxəssislər də bunu təsdiq etməkdədirlər.
 

Mən bu yazımda yenə də mövzuya dini nöqteyi-nəzərdən yanaşacam. Bu cür xəstəliklər qarşısında gəlin ilk öncə Həzrət Peyğəmbərin necə davranış sərgilədiyinə nəzər yetirək.
 

“İki nemət vardır ki, insanların çoxu (onları qiymətləndirmə barəsində) aldanmışdır: sağlamlıq və boş zaman” (Buxari, Riqaq, 1) deyə buyuraraq sağlamlıq vurğusunu çox söyləmiş olan Allah Elçisi (s.ə.s.) fövqəladə vəziyyətlərdə də bizlərə rəhbərlik edən sözlərini və tətbiqlərini miras buraxmışdır. Bununla da yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə “Bir yerdə yoluxucu xəstəlik çıxdığını eşitsəniz oraya girməyin, olduğunuz yerdə yoluxucu xəstəlik çıxarsa o bölgədən də ayrılmayın” buyuraraq (Buxari, Tibb 30; Müslim, Salam 32/92-96) karantin tətbiqinə diqqət çəkmişdir.
 

Bir başqa hədisi-şərifi ndə də “Yoluxucu xəstəlik daşıyanın sağlam olanla eyni mühitdə olmasına mane olun” (Buxari, Tibb, 53) buyuraraq epidemioloji xəstəliyə qarşı tədbirli və ehtiyatlı bir yol izlənilməsini vurğulamışdır.
 

Artıq neçə müddətdir ki, ölkəmizdə irimiqyaslı yığıncaqların – toyların, yas mərasimlərinin, yubileylərin təşkili qadağandır və bunun da səbəbi virusun yayılmasının qarşısının alınmasıdır. Ancaq bizim xalqımız bilmirsən virusa inanmadıqlarındanmı, yoxsa daha ciddi bir səbəbləmi bu qanunu heçə sayaraq hələ üstəlik ağıl işlədərək maşınları uzaqda saxlayaraq yas mərasimlərinə toplaşırlar. Kimsə düşünmür ki, mən bu xəstəliyə yoluxsam həm ailəmdəkiləri, həm də yaxın təmasda olduğum şəxsləri bu xəstəliyə yoluxdura bilərəm. Düşüncəsizliyimizin nəticəsi olaraq da sonumuz Azər Musaoğlunun “Urvatsız dəfn” hekayəsindəki mollanın və kənd camaatının sonu kimi urvatsız olacaq.

 

İctimai məsafə xəbərdarlığına uymağın lazımlılığına gəldikdə isə, Hz. Peyğəmbər (s.ə.s) dövründən bəzi nümunələrlə belə misal verə bilərik: Əfəndimiz (s.ə.s) sağlam olan kəslərin cüzam xəstəliyinə (Hz. Peyğəmbər (s.ə.s) dövründə də görülən yoluxucu, lakin nə şəkildə bulaşdığı tam olaraq bilinməyən və keçmiş dövrlərdə geniş kütlələrin ölümünə səbəb olan bir xəstəlik) tutulan kəslərdən uzaq durmaları lazım olduğunu “Cüzamlıdan aslandan qaçan kimi qaçın” (Buxari, Tibb, 19) buyuraraq ifadə etmişdir. Əmr b. Şəridin (r.ə) atasından (r.ə) nəql etdiyinə görə, Hz. Peyğəmbərə (s.ə.s) bağlılıqlarını ifadə etmək üzrə Sakif qəbiləsindən gələn heyət içərisində cüzamlı bir adam da vardı. Hz. Peyğəmbər (s.ə.s) ona: “Biz sənin beyətini qəbul etdik, sən evinə dön” şəklində xəbər göndərdi və əl tutmaq beyət etmənin ən diqqətə çarpan simvolu olsa da cüzamlı adamın əlini tutmadı (Müslim, Salam, 136; İbn Macə, Tibb, 44). Yoluxucu xəstəliklərdə ictimai məsafəni qorumağın əhəmiyyətini ən dəqiq şəkildə göstərən hədisi-şərifl ərdən biri isə, Əfəndimizin (s.ə.s); “…Cüzamlıyla danışacağınız zaman onunla sizin aranızda bir nizə boyu (təxminən iki metr) məsafə olsun” (Əhməd b. Hənbəl, 581) hədisidir.
 

Ayrıca Hz. Peyğəmbər xəstə heyvanların sağlam heyvanlardan ayrı tutulması lazım olduğunu da ifadə etmişdir (Müslim, “Salam”, 104-105; Əbu Davud, “Ṭibb”, 24).

 

Bir sözlə, özünü qoruyan cəmiyyəti qorumuş olur. Sağlam fərd sağlam cəmiyyət deməkdir.
 

Sağlam günlər arzusu ilə…

 

Hacı BƏKİROĞLU