HƏYAT DƏRSLƏRİ

29. QÜRBƏTDƏN GÖRÜNƏN VƏTƏN

 

(əvvəli burada)

Mən tez-tez qürbəti vətənlə müqayisə etməli olurdum. Vətənimin təbiətini – flora və faunasını, insanlarını, gələnəyini-görənəyini – hər şeyini müqayisə üçün predmet edirdim. Çaylarını çaylarımızla tutuşdururdum. Dağlarımızı qürbət dağları ilə müqayisə etmək istəyirdim. Niderlandda dağ olmadığından bu istəyim boşa çıxırdı. Bu ölkənin ən yüksək nöqtəsi cəmi-cümlətanı 322 metrdir. Valserberq təpəsi – onu heç bizim bozqırlarla da yanaşı qoya bilməzsən; Kiçik Qafqazla, Böyük Qafqazla müqayisəmi etmək olar? Söhbət düşmüşkən, Niderland ərazisinin yarısının dəniz səviyyəsindən aşağıda yerləşdiyini bir daha yadınıza salıram. Ölkənin bu səviyyədən ən aşağı nöqtəsi 7 metr təşkil edir və Zuidplaspolder adlanır.

 

Əhalisinin 60 faizi dəniz səviyyəsindən aşağı ərazilərdə məskunlaşan ölkəni Azərbaycanla, Gürcüstanla müqayisə etdikcə qəribə mənzərələr qarşıma çıxır. Niderland ərazi baxımından Azərbaycandan iki dəfədən də çox kiçikdir. Gürcüstanınsa təxminən üçdə ikisinə bərabərdir. Əhalinin sayı baxımından isə az qala Azərbaycan əhalisindən iki dəfə, Gürcüstan əhalisindən isə 4-5 dəfə çox əhaliyə sahibdir. Ölkənin hər kvadrat kilometrində 405 adam yaşayır. Ərazisinə görə ölkə dünyada 131-incidir; əhalisinin sayına görə isə 64-üncüdür. Ərazi baxımından yüzün üstündəki mövqeyi ilə ÜDM-ın səviyyəsinə görə dünyada 17-ci sırada olmaq Niderland barədə dərindən düşünməyimizi tələb edir. Düzdür, əhalinin sayı, gəlirləri, ÜDM göstəriciləri hər il dəyişə bilər, ölkənin reytinqi bir-iki pillə enib-qalxa da bilər. Minimum əmək haqqının 1650 avro civarında dolaşmasını da dedimmi məsələ barədə az-çox təsəvvürümüz dolğunlaşacaq.

 

Meşələrimizi, çəmənlərimizi qürbətin yaşıllıqları ilə üzləşdirirəm. Bizim də hər şeyimizin var olmasına şükür edirəm. Amma bizim olana, Tanrının bizə verdiyinə münasibətimizdən utanıb yerə girdiyimi də deməsəm olmaz. Nədən beləyik?

 

Qürbət elin adamları ilə insanlarımızı tutuşdurduğum, tərəzinin ayrı-ayrı gözünə qoymağımı da deyim. Bizim də iki əl-ayağımız var, bunların da. Bizim də iki gözümüz var, bunların da. Belə baxanda heç bir fərqimiz yoxdur: nə saçımızda, nə başımızda. Bir az bunlar sarışın, biz qaraşın. Biz haylı-küylü, bunlar bizdən sakit. Gözlə görünən bunlardır. Olan fərq bumu yəni? Əslində bu olmamalıdır. Başqa nələrsə yenə var. Onları üzə çıxarmamız üçün bir az dərinlərə baş vurmamız gərək.

 

Avropa insanı niyə sakitdir, nə üçün rahatdır? Bunun bir səbəbi olmamış deyil. Bu, coğrafi yerləşmədənmi asılıdır, yoxsa havadan, sudan? Həyatımın qürbət dövrü saydığım bu vaxt ərzində gəldiyim qənaətlər sizin təəccübünüzə də gələ bilər, hələ bu fikirlər sizin gülüşünüzə, ən azından, dodağınızın qaçmasına da səbəb ola bilər. Avropalı toxdur. Sözün hər mənasında tox. Ən başdan onun qarnı toxdur. Gözü hər şeydən doyub. Dünya malı deyilən, maddi deyilən hər şeydən. Bütün ləzzətlərdən, bütün zövqlərdən doymuş bir cəmiyyət xəyal edin. Maddi-mənəvi olan hər şeyi həyatında yaşamış insana “tox” deməklə mən ifrata varmadığımı da bilirəm. Avropa insanı kimyadan təcrübə etdiyimiz doymuş məhlul kimidir. Bizim qafalarımıza Avropa barədə səhv bir təsəvvürün də hakim olduğunu söyləməsəm dura bilmirəm. Bilənimiz də, bilməyənimiz də Avropada intiharların sayca çoxluğundan dəm vurur. Sizi inandırım ki, Avropa insanının intihara, özünə sui-qəsd etməyə meyilliliyi də toxluqdan qaynaqlanır. Maddi-mənəvi təminatın izafiliyi insanın suisidinin nədənlərindən birinə çevrilir. Bizdə isə bunun əksi deyilmi? Bizim bəlalarımızın başında gözümüzün aclığı, mədəmizin aclığı, mənəviyyatımızın aclığı durur. İstər fiziki, istər mənəvi intiharlarımızın kökündə bizim aclığımız durur. Məni qınasanız da qənaətim budur. Maddi yoxsulluq mənəviyyatsızlığın təməlidir. Biz hər şeydən qabaq insanımızı aclıqdan xilas etməyi, onu doyurmağı öyrənməliyik. Mədəsini, gözünü, mənəviyyatını doyurduqmu, hər müşkülümüz çözüləcək. İnanın bütün sirr bundadır.  

 

Biz siyasiləşmiş cəmiyyətik. Yuxarıdan aşağıya və ya əksinə, hamımız siyasiləşmişik, siyasiləşdirilmişik, politikanın çirkabına bulaşmışıq. Heç birimiz öz işimizlə məşğul olmaq istəməyəcək qədər siyasətin içində itib-batmışıq. İnsanlarımız bu siyasi olayların içərisindən az qala yüz illərdir çıxa bilmir. İnqilablar, müharibələr, repressiyalar, münaqişələr bir-birini əvəz edir. Ortada dəyişən bir şey yox. Köhnə hamam, köhnə tas. İslahatlarla insanımızı yormuşuq. Guya hər sahədə islahat aparırıq. Siyasi dairələrimiz hər şeyin yaxşı olacağını vəd edirlər.

Bir lətifə ilə fikrimi qüvvətləndirim.

 

Bir kişi dostunun evinə qonaq gedir. Xoş-beşdən sonra süfrə açılır. Qonaq diqqət edir ki, evin ətrafında silahlı adamlar dolaşır. Bunun nə məsələ olduğunu ev sahibindən soruşur. Ev sahibi cavabında deyir ki, onlar mənim düşmənlərimdir, məndən qisas almaq üçün səni öldürmək istəyirlər. Bizim kənddə ən ağır qisas qonağın öldürülməsidir. Ev sahibi qonağına “qonaq qardaş, sən qorxub-eləmə, qoy səni öldürsünlər, sənin qisasını özüm alacam; mən də onların ən əziz qonağını öldürəcəm” deməyi də unutmur.

 

İnsanımızın durumu ölüm təhlükəsi ilə üzləşən qonağın vəziyyətindən fərqlənmir. Nəsillər bir-birini əvəz edir, heç nə dəyişmir.

 

Beynimizdə yüz illər ərzində toplananlara, minillər boyu qazandıqlarımızı zamanın gedişinə uyğunlaşdıra bilməməyimizə baxmalıyıq. Biz zamanın çaldığı havaya oynamalıyıq, zaman bizim havamıza oynamaz.

 

Qürbətin heyvanlarından da bir-iki örnək verməyi düşünürəm. Düzü buna gərək varmı, yoxmu sualı əlimi xeyli saxlamama nədən oldu. Amma sonunda qınasalar da “yazmaq lazımdır” qənaətinə gəldim. İnəkləri sığırçı-naxırçı tanımayan Niderlandda qoyunlar çobansız, atlar da ilxıçısızdır. Heyvanların soncuq atdığını, ora-bura qaçdığını, özünü hara gəldi soxduğunu görməzsən. Bu nə rahatlıqdır? Bu nə heyvanlıqdır? Mal yiyəsinə oxşamasa haramdır demirlərmi? Cəmiyyətin rahatlığı heyvanlara da yansıyıb. Mənzərə qarşısında heyrətlənməyə bilmirsən. Nədən ki, biz görmüşük ev heyvanı atılar-düşər, inək süd sərnicini vurub yıxar, atın cini tutar, qoyunun nə bilim nəyi... Biz bunu görmüşük. Yoxsa bu nə davranışdır, nə hərəkətdir? Bir az diqqətli olsan verdiyin bu sualların cavabını əyani şəkildə tapacaqsan. Təmizliyindən tükü par-par parıldayan inəyin, yalı-quruğu daranmış atın atılıb-düşməyə, soncuqlamağa səbəbi qalmır. Üstəgəl qarnı da tox. Otu bol, suyu bol. Hər şeyi yanında hazır. Heyvan olsa da, onu heç kimin incitməyə haqqı da yoxdur. Dövlətin qanunları heyvanlara əziyyəti qadağan edir. Allahın heyvanına bundan artıq nə lazımdır? Belində çomaq qırılan inəklərimiz, sağrısını qamçı yandıran atlarımızı xəyal edirəm...

 

Yeri gəlmişkən, hollandlar təsərrüfatlarında heyvanların sayca çox olmasına, kəmiyyətə fikir vermirlər. Onlar üçün ev heyvanlarının keyfiyyəti önəmlidir, məsələn, inəyin daha çox süd verməsi. Bunun üçün heyvana vaxtaşırı baytar nəzarəti, gigiyena-sanitar qaydalara əməl etmək tələb olunur. Elm və texnikanın uğurları fermer təsərrüfatlarında dərhal tətbiq olunur. Avtomatlaşdırılmış, robotlaşdırılmış təsərrüfatlar istənilən qədərdir. İntensivlik göz qabağındadır.

(davamı burada)

 

Afiq MUXTAROĞLU

Niderland