Məşhur bir filosof var – Dekart. O deyir: “Düşünürəm, deməli varam”. Bu fikir bu gün qarşıma çıxdı və məni xeyli xəyallara apardı. Nəhayət, məndə belə bir sual yarandı: Biz varıq, bəs nə üçün varıq? Niyə yarandıq? Yaradılışımızın səbəbi nədir?
Bunun üzərində bir qədər də dərin düşündüm. Sadəcə doğulmaq, işləmək, pul qazanmaq, yemək, yatmaq və kiməsə baxmaq üçünmü varıq? Yoxsa varlığımızın daha dərin bir mənası varmı?
Bu fikirlər içində ikən qarşıma başqa bir həqiqət çıxdı. İnsanların çox vaxt ölülərə oxuduğu, amma əslində dirilərə göndərilmiş olan “Quran”da bir fikir var. Orada deyilir: “Mən cinləri və insanları yalnız Məni tanısınlar və Mənə ibadət etsinlər deyə yaratdım”.
Sonra bu kitabı araşdırdım və anladım ki, kainatı və bizi yaradan bizə necə doğru yaşamağı öyrətmək üçün bu kitabı göndərib. Nəticədə belə bir qənaətə gəldim: Bizim yaradılış məqsədimiz – Yaradanı tanımaq, Onu sevmək və Onun istədiyi şəkildə yaşamaqdır.
“Quran”da keçən “qulluq etmək üçün yaratdım” ifadəsi üzərində də düşündüm. Öz-özümə sual verdim: Görəsən, Yaradan bizi yalnız qul olmaq üçünmü yaratdı? Araşdıranda anladım ki, “qul olmaq” – heç bir haqqı olmayan, izzəti tapdalanan kölə olmaq deyil, Yaradana qul olmaq – Onun əmrlərinə və qanunlarına görə yaşamaq, Onun qoyduğu hikmətli qaydaları həyatımıza tətbiq etməkdir.
Sonra “Quran”ın əmrlərinə və qadağalarına nəzər saldım və gördüm ki, onlar əslində insanın şərəfini, namusunu, ləyaqətini qoruyan və insanı həqiqi mənada “insan kimi” yaşamağa çağıran qanunlardır.
Daha sonra başqa bir məsələni düşündüm: İnsanlara insan kimi yaşamağı öyrədən Yaradanı buraxıb pula, vəzifəyə və ya şöhrətə qul olmaq insana nə gətirir? Anladım ki, insan bunlara qul olduqda – özündən alçağa “bəy”, özündən savadsıza “müəllim” deməyə məcbur qalır; namussuzların qarşısında öz izzətini, şərəfini itirir.
Ən sonda dərk etdim ki, bütün bu problemlərin səbəbi insanın öz yaradılış məqsədini və Yaradanını tanımamasıdır.
Təbii ki, bunlar mənim üzərində düşündüyüm təfəkkür və çatdığım nəticədir. Bəlkə sizlər də varlığınız üzərində düşünüb başqa nəticələrə gələ bilərsiniz. Ancaq doğru nəticəyə yalnız qərəzlərdən uzaq olaraq, səmimi təfəkkür etdikdə çatmaq mümkündür.
Tural QASIMOV
İlahiyyatçı