Son bir neçə ildə, süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir vaxtlar yalnız filmlərdə rast gəldiyimiz texnologiyalar bu gün hər birimizin gündəlik həyatında yer alır. Sanki ailəmizin bir üzvü artıb. “ChatGPT”, “Gemini” və digər süni intellekt platformaları artıq milyonlarla insanın istifadə etdiyi proqramlardır. Onlar məlumat toplamaq, mətn yazmaq, tərcümə etmək, proqramlaşdırmaq və bir çox başqa işləri saniyələr içində yerinə yetirə bilir.
Lakin texnologiyanın bu qədər sürətlə inkişaf etməsi ilə yanaşı, onu necə istifadə etdiyimiz də ciddi müzakirə mövzusuna çevrilib. Bu gün məktəblərdə, kolleclərdə və universitetlərdə bir çox şagird və tələbə ev tapşırıqlarını, referatlarını, təqdimatlarını, esse və məqalələrini, hətta ən sadə riyazi misalların həllini belə süni intellektə həvalə edir. Bununla da kifayətlənmirlər. Müəllimə yazacaqları müraciətləri, dostlarına göndərəcəkləri təbrikləri, rəsmi məktubları, çıxış mətnlərini və hətta gündəlik yazışmalarını belə süni intellektə hazırladırlar. Bu mənzərə istər-istəməz bir sual yaradır: İnsan öz fikrini ifadə etməyi texnologiyadan öyrənməlidirmi? Təhsilin əsas məqsədi, hazır cavab almaq deyil, düşünməyi, araşdırma aparmağı, nəticə çıxarmağı və problemləri müstəqil həll etməyi öyrətməkdir. Əgər şagird və ya tələbə hər tapşırığı hazır şəkildə əldə edirsə, onun düşüncə qabiliyyəti necə inkişaf edəcək?
Ən narahatedici məqamlardan biri odur ki, bəzi tələbələr verilən tapşırığın mövzusunu belə oxumadan onu süni intellektə göndərir və alınan cavabı heç bir dəyişiklik etmədən müəllimə təqdim edirlər. Onlar cavabın doğru olub-olmadığını araşdırmır, mənbələri yoxlamır, mövzunu öyrənməyə çalışmırlar. Məqsəd bilik qazanmaq deyil, sadəcə, tapşırığı təhvil vermək olur.
Məsələn, 80 səhifəlik bir kitabın əsas ideyalarını anlamaq üçün günlərlə oxumaq lazım gəlirdisə, bu gün həmin kitabı süni intellektə təqdim etməklə, bir neçə dəqiqə ərzində qısa xülasə əldə etmək mümkündür. Lakin xülasə kitabın yerini vermir. Bildiyimiz kimi, süni intellekt müəllifin bütün fikirlərini, üslubunu və əsərin dərinliyini tam şəkildə əvəz edə bilməz.
Süni intellektdən asılılıq təkcə təhsillə məhdudlaşmır. Bəzi insanlar səhhətlərində problem yaranan kimi həkimə müraciət etmək əvəzinə süni intellektdən diaqnoz və dərman adı istəyirlər. Digərləri isə ən sadə həyat qərarlarını belə bu proqramların tövsiyəsinə əsasən qəbul edirlər. Halbuki süni intellekt nə həkimdir, nə müəllimdir, nə də insan münasibətlərini əvəz edə biləcək bir dostdur. O, yalnız məlumat təqdim edən texnoloji vasitədir. Biz isə bunu hələ də dərk edə bilmirik. Belə yanaşmanın nəticələri gələcəkdə daha ciddi problemlər yarada bilər. Bu gün sadə bir məsələni həll etmək üçün süni intellektdən istifadə edən tələbə, sabah müəllim, hüquqşünas, həkim və ya proqramçı kimi fəaliyyət göstərərkən qarşılaşdığı mürəkkəb problemləri necə həll edəcək? Əgər hər qərarı texnologiya verəcəksə insanın biliyi, peşəkarlığı və məsuliyyəti harada qalacaq?
Əlbəttə, süni intellektin inkişafı qaçılmazdır və buna qarşı çıxmaq düzgün olmazdı. Problem texnologiyanın özündə deyil, ondan istifadə mədəniyyətindədir. Süni intellekt müəllimin, kitabın və insan beyninin yerini tutmamalıdır. O, yalnız köməkçi vasitə olmalıdır. Əks halda, bizi düşündürən suallar yaranır. Sabah diplomun sahibi kim olacaq – tələbə, yoxsa bütün işi görən süni intellekt? İşə qəbul zamanı diplomlar, həqiqətən, insanın biliyini göstərəcəkmi, yoxsa yalnız süni intellektdən daha bacarıqla istifadə edənləri fərqləndirəcək?
Bəlkə, bir gün insanlar ailə münasibətlərində də bütün qərarları süni intellektə həvalə edəcəklər. Uşağın tərbiyəsindən tutmuş ailədaxili problemlərə qədər hər məsələdə son sözü bir proqram deyəcək. Bu fikir bu gün şişirdilmiş görünə bilər. Lakin bir neçə il əvvəl heç kim düşünməzdi ki, şagirdlər ən sadə ev tapşırıqlarını belə süni intellekt vasitəsilə yerinə yetirəcəklər. Bugünkü reallıq göstərir ki, texnologiyadan asılılıq gündən-günə artır. Bu səbəbdən, təhsil müəssisələrinin, müəllimlərin, valideynlərin və tələbələrin qarşısında mühüm vəzifə dayanır: süni intellektdən imtina etmək deyil, ondan düzgün istifadə etməyi öyrənmək. Çünki düşünən insanı heç bir texnologiya əvəz edə bilməz. Lakin düşünməkdən imtina edən insan öz yerini texnologiyaya çox asanlıqla verə bilər.
Aydındır ki, süni intellekt mühüm texnoloji vasitələrdən biridir. Ancaq unutmayaq ki, diplomu alan da, məsuliyyəti daşıyan da, qərar verən də, cəmiyyəti inkişaf etdirən də insandır. Əgər bir gün diplomlarda adlarımız qalsa, biliklərimiz isə süni intellektə məxsus olarsa, onda hər birimiz özümüzə eyni sualı verməli olacağıq: biz texnologiyanı inkişaf etdirdik, yoxsa texnologiya bizi düşünməkdən uzaqlaşdırdı?
Validə Fətullayeva