Qalaktion Tabidze gürcü ədəbiyyatının ən böyük nümayəndələrindən biri olmaqla yanaşı, həssas və duyğusal xarakteri ilə də tanınırdı. Onun haqqında danışılan bir hadisə şairin insanlara və ümumiyyətlə canlılara münasibətini daha yaxından anlamağa imkan verir. Bu hadisəni Qalaktion Tabidzenin sürücüsü belə xatırlayır:

 

Bir gün şairlə birlikdə yola çıxmışdılar. Səfər zamanı qəfildən bir quş avtomobilin şüşəsinə çırpıldı və yerə düşdü. Sürücü yoluna davam etmək istəsə də, Qalaktion avtomobili saxlamağı xahiş etdi. Şair maşından düşərək quşun yanına yaxınlaşdı. Quş artıq ölmüşdü. Qalaktion onu orada qoymaq istəmədi. Yol kənarında bir yer seçərək quşu dəfn etdi. Daha sonra şair həmin yerin qarşısında diz çökərək bir müddət qaldı. Sürücünün xatirəsinə görə, Qalaktion çox kədərli idi və hətta ağlayırdı. Onun bu kiçik canlıya göstərdiyi münasibət sürücünü də dərindən təsirləndirmişdi. Hadisənin təsiri bununla da bitmir. Geri qayıdarkən Qalaktion sürücüdən yenidən avtomobili həmin yerdə saxlamağı xahiş edir. Şair quşun dəfn olunduğu yerə yaxınlaşır və bir müddət orada dayanır.

 

Bu hadisəni oxuyarkən mənim diqqətimi ən çox quşun ölümü deyil, Qalaktionun həmin ölümə verdiyi dəyər çəkdi. Çünki burada söhbət sadəcə bir quşdan getmir. Əslində, bu hadisə insanın özündən daha zəif və müdafiəsiz bir canlıya münasibətini göstərir. Gündəlik həyatımızda çox vaxt ətrafımızda baş verən kiçik hadisələrə fikir vermirik. Küçədə yaralı bir heyvan görürük, bir quşun öldüyünü görürük, ağacın kəsildiyini görürük və həyatımıza davam edirik. Bəzən bunu normal qəbul edirik. Çünki belə hadisələr bizə “kiçik” görünür. Amma düşünürəm ki, insanın mərhəməti məhz belə məqamlarda sınanır. Qalaktion isə həmin anda yoluna davam etməyi seçmədi. Onun üçün ölən quş sadəcə yolun kənarında qalan bir canlı deyildi. O dayanıb onu torpağa tapşırdı. Daha sonra geri qayıdanda həmin yeri yenidən ziyarət etdi.

 

Fikrimcə, bu detal hadisəni daha təsirli edir. Çünki bu bir anlıq mərhəmət deyil, onun daxilində həqiqətən iz buraxan bir hadisə idi. İnsanın yaxşılığı yalnız başqa insanlara necə davrandığı ilə ölçülməməlidir. Özündən zəif olanlara, köməyə ehtiyacı olanlara və hətta insanların çox vaxt əhəmiyyət vermədiyi canlılara münasibət də insan haqqında çox şey deyir. Çünki qarşılığında heç nə gözləmədiyimiz bir canlıya göstərdiyimiz mərhəmət daha səmimi olur.

 

Bəzən böyük insanları onların qazandıqları uğurlarla tanıyırıq. Qalaktion Tabidze də böyük şair idi və onun ədəbi irsi haqqında çox danışmaq olar. Lakin mən düşünürəm ki, belə kiçik bir hadisə onun haqqında tamam başqa bir şey söyləyir. Bu hadisə bizə onun necə şair olduğunu yox, necə insan olduğunu göstərir. Mənim üçün bu əhvalatın əsas mesajı da budur: İnsanın böyüklüyü yalnız yaratdıqları ilə deyil, ətrafındakı həyata verdiyi dəyərlə də ölçülür. Böyük olmaq hər zaman böyük işlər görmək demək deyil. Bəzən yolda dayanmaq, kiçik bir canlıya son ehtiram göstərmək, başqalarının əhəmiyyət vermədiyi bir ağrıya biganə qalmamaq da böyük insanlıq nümunələrindən biridir.

 

Bu hadisə məni həm də öz davranışlarımız haqqında düşünməyə vadar etdi. Görəsən, biz gündəlik həyatda nə qədər şeyə laqeyd yanaşırıq? Yanımızdan keçən bir insanın kədərini, köməyə ehtiyacı olan bir heyvanı, təbiətə vurulan zərəri neçə dəfə görməzliyə vururuq? Bəlkə də çox vaxt bunu qəsdən etmirik. Sadəcə, tələsirik, öz problemlərimizlə məşğul oluruq və ətrafımızda baş verənləri görməyə vaxt ayırmırıq. Amma mərhəmətli olmaq üçün həmişə böyük imkanlara ehtiyac yoxdur. Bəzən sadəcə dayanmaq və ətrafımıza diqqətlə baxmaq kifayətdir. Kiməsə kömək etmək, yaralı bir heyvana su vermək, bir canlıya zərər verməmək və ya sadəcə, başqasının ağrısına biganə qalmamaq belə kiçik görünən, amma böyük mənası olan davranışlardır. Qalaktion Tabidzenin bu hadisəsi illər keçməsinə baxmayaraq yadda qalıbsa, bəlkə də səbəbi məhz budur. İnsanlar onun saysız-hesabsız şeirlərini oxuyub, əsərlərini xatırlaya bilərlər. Lakin bəzən bir insanın xarakterini bir neçə səhifəlik bioqrafiyadan daha yaxşı belə kiçik bir hadisə ifadə edir.

 

Validə Fətullayeva