Bəşəriyyət yaranandan daim “atalar və oğullar” mübahisəsi olub. Köhnəlik yeniliyi qəbul etməz, yenilik də köhnə qanunları qəbul edib sonluq verməz. Bu təzadlarla davam edib həyat. Babam danışdığı “Koroğlu” dastanını belə sonluqla bitirərdi:
“Koroğlu Çənlibeldən aşağı düşür, görür ki, bir cavan əlində bir əməlsalahı (əşyası) var. Soruşur: “Dəlim, bu nədir?”
Cahıl heç nə demədən uzaqda otlayan bir öküzü nişan alır, öküz anındaca yixilir. Deyir: “Buna tüfəng deyirlər. Kafırlərdan gəlib”.
Koroğlu soruşur ki, “bunnan adamı da kürəyinnən vurmaq olurmu?”
Gənc oğlan cavab verir ki, “özü də uzaq məsafədən”.
Bu zaman Koroğlu Misri qılıncını acıqla torpağa sancıb deyir ki, “əşi, getdi daha kişilik, qoçaqlıq dövrü. Mənim Koroğluluğum da qurtardı”. Bir də Çənlibelə qayıtmır.
Əlbəttə, bu, babamın nəvələrinə danışdığı variant idi. Deməli, odlu silah hələ İstanbulun fəthi zamanı vardı. Səvəfilərə isə XV əsrdə gəlib çatdı. Hər kəs düşünə bilərdi ki, bəşəriyyət üçün qəhrəmanlıq salnaməsi sona çatdı.
O zamandan bu dövrə silahın nüvə növünə də çatdıq. Yeniliklər dayanmadan bizi təəccübləndirməkdə davam edir. Yadıma gəlir, atam kalkulyator almışd, nənəm dedi ki, daha heç kim vurma cədvəli bilməyəcək, beyinlər korşalacaq, mən də qorxumdan tez-tez vurma cədvəlini təkrarlayırdım ki, beynim korşalmasın.
Elektron hesablama maşınları masaüstü kompüterlərə, onlar rəqəmsal telefonlara, notbuklara çevrildi. Nəhayət, XXI əsrin birinci yarısına çatdıq. Özü də elə çatdıq ki, Koroğlunun torpağa sancmağa qılıncı vardı, amma bizim təbii olan heç nəyimiz yoxkən.
Bütün bunlar bəşəriyyətin ictimai, texnoloji təkamülüdür. Olmalıdır. Hər bir yenilik bəşəriyyəti sona doğru aparsa da, labüddür!
Bəzən müəllimlərlə mübahisə edirəm. Sovet xatirəli müəllimlər qəti şəkildə müasir şagirdləri bəyənmirlər, indiki təhsil sistemini qəbul etmirlər, şagirlləri isə təkyönümlü qəbul edirlər. Mən isə keçid dövrünün şagirdi, tələbəsi kimi texnologiya dövrünün müəllimi kimi, bir az özüməməxsus düşünürəm.
Mən hesab edirəm, indiki dövrdə savadlı olmaq çox asandır. Heç bir əziyyət çəkmədən dünyagörüşü, intellekt, müasirllik özü qapıdan, pəncərədən, havadan, sudan gəlib səni tapır. Biz, şəxsən mən bu günkü uşaqların öyrənmək istəməyib də bildiyi çox şeyi çətinlik çəkərək öyrənmişəm. Məsələn, bizim ailədə (əmimgil, xalam, bibim) Azərbaycandan 5 jurnal (“Elm və həyat”, “Azərbaycan”, “Ulduz”, “Azərbaycan qadını” və “Gənclik” ) və “Azərbaycan müəllimi” qəzeti, həmçinin “Yeni Marneuli”, “Sovet Gürcüstanı”, məktəb kitabxanasında isə “Pioner”, “Göyərçin” jurnalları neçə illik nömrələri ilə var idi. Mədəniyyət Evində böyük kitabxana – bax, bunlar biz uşaqların quqlu (Google) idi.
Bəzən Mərakeşin paytaxtını tapmaq üşün Azərbaycan Sovet Ensiklopediyanın əvvəl “M” hərfini tapıb, oradan “Mə”ni axtarardıq. Sonra oradan keçərdik “A” hərfində Antananarivunu axtarmağa. Kitabxanada hərlənməkdən başım fırlanardı. İndi isə bir düyməylə xəritə gəlir, istədiyin nöqtəyə sputnik enişi də edə bilərsən. İstədiyin şəhərin tarixindən tutmuş mətbəxinə kimi sənə məlumat gəlir. Hələ istəsən özün oxuma, soruş, sənə səslə izah etsin. Biz isə böyük zəhmət, əziyyət və saatlarla uzağı 2-3 məlumatı ancaq öyrənə bilərdik. İndiki uşaqların istəmədiyi məlumatı belə texnologiya güclə ona yükləyir. Ona görə məlumatlıdırlar, savadlı olurlar deyirəm, savadlı dedim, amma ziyalı demədim. İntellekt dedim, amma mədəniyyət demədim.
Amacım heç də müqayisə deyildi. Sadəcə, mövzu ona gətirdi. Əlbəttə, yenilik bizi məhvə aparır, sözsüz, əgər idman əzələni şişirdirsə, hərəkət orqanlarını aktivləşdirirsə, çox oxumaq, düşünmək də beyni aktivləşdirir. Bu da bir başqa mövzu. Gəlim yazacağım mövzunun Mustafasına.
Süni intellekt (Sİ) – mən onlara xüsusi ad qoymuşam – GÜLBADAM. Milliləşdirmişəm. O mənə yalnız hansısa tarixi informasiyanı almağa kömək edir. Ümumiyyətlə, narazı deyiləm. Beş məlumatı oxuyana qədər o mənə xülasəni izah edir – asan və rahat. Bu, mənə uyğundur. Ona görə ki, zamanında kifayət qədər araşdırma aparmışam, lazım olan qədər. Bugünkü məlumatlar isə onu təkminləşdirir. Şagirdlər isə heç bir beyin həmləsi etmədən “hazıra nazir” olurlar. Bu isə düşünmə vərdişini sıradan çıxarır.
Yazdıqlarım olan həqiqətlərin çox az bir hissəsidir. Yenə qayıdım sözümün məğzinə. Qəbul etsək də, etməsək də, bu, reallıqdır, olmalıdır. Hələ olacaq da. Bir gün cütlüklərin övlad əvəzinə robort istəmələrinə də alışacağıq.
İndi gəlin əyri oturub düz danışaq. Bu Gülbadam bütün suallara axı müəllimdən də ətraflı cavab verir. Səbirlə dinləyir, dönə-dönə izah edir, nümunələr göstərir, müxtəlif detallar verir və s. Etiraf edim ki, məndən geniş izah edə bilər – daha dolğun, müqayisələrlə, bəlkə də mənim yadımdan çıxan bəzi nüanslar qəti şəkildə Gülbadamın yadından çıxmaz.
Oğlum yan otaqda kiminləsə ingilis dilində fikir mübadiləsi edirdi. Sağollaşdıqdan sonra keçib soruşdum ki, kiminlə danışırdın? Dedi: “Sənin Gülbadamınla”.
Mənim uşaqlarımla fikir mübadiləsi aparmağa heç vaxtım yoxdur, amma Gülbadam onunla geniş fikir mübadiləsi aparır və məsləhətlərini verirdi. Uşaqlarım rus və ingilis dillərini məhz internet proqramı ilə öyrəniblər. Əgər uşaqlar istəsə rəsm kursuna getmədən rəsm çəkməyi, hətta notla musiqi aləti ifa etnəyi, evdarlığı, texnologiyanı və s. öyrənə bilərlər.
Əlbəttə, internet dediyimiz bir bıçaqdır. İstəsən çörək doğrayarsan, istəsən cinayət törədərsən. Kim necə görmək istəyirsə, elə də görəcək. Bıçağa cinayət aləti kimi yanaşanlar onsuz da öz yolunu seçəcək, amma bıçağı cərrahın neştəri kimi görənlər bəşəriyyətin işıq saçan günəşi olacaqlar.
Əminəm ki, yaxın gələcəkdə fənlər birləşəcək, müəllim sayı azalacaq, dərsləri doxsan faiz süni intelleklər keçəcək – biz müəllimlərdən daha əhatəli, daha elmli. Müəllim isə yol göstərən təlimçi kimi qalacaq. Müəlimlər asta-asta bu yeniliyə də alışmalıdırlar.
Bəs çatışmayan nə olacaq? O “müəllim” şagirdin başını sığallamayacaq, köynəyini düzəltməyəcək, yaxşı cavab verəndə isti “bağrına” basmayacaq... Dünyanın elmini dəmir bədənindəki çip kartlara yerləşdirsə də onda insan istiliyi olmayacaq. Axı o dəmirdir.
Əziz müəllimlər, hansı ki, hər kənddə, hər şəhərdə meyvələr yetirən bir bağban kimi, dəmir müəllimlərdən fərqli olaraq şəfqətimizi balalarımızdan əsirgəməyək. Axı biz əsl ürəyi, sevinci, kədəri olan Gülbadamlarıq.
Esmira Ələkbərli