İnsan qüsursuz bir şəkildə əşrəfi-məxluq olaraq yaradılmışdır. Uca Rəbbimiz “Biz həqiqətən insanı ən gözəl şəkildə yaratdıq” (Tin, 95/4) deyir. Rəbbimiz insana bir çox üstünlük bəxş etmişdir. Hər varlığın özünə xas bir yaradılış məqsədi vardır. Təfsirçi Raqib əl-İsfəhani insanın yaradılış məqsədini “Yer üzünü abadlaşdırmaq, yer üzündə ədaləti təmin etmək, Allaha ibadət etmək” şəklində təsvir edir. İnsanı insan edən xüsusiyyətlər isə doğru ilə səhvi, yaxşıyla pisi, gözəllə çirkini, faydalı ilə zərərlini, ədalətlə zülmü ayırd edə bilməsidir.

 

İnsan dünya aləmində əylənərkən zamanın necə keçdiyini anlaya bilmir. Zaman fərq etdirmədən bizi dəyişdirir və günün birində insan özündə meydana gələn yenilikləri izləyir. Ömrün zirvə nöqtəsi olan və bir çox şeyi sorğuladığımız yaşlılıq gəlib çatır. Və daha sonra insan bu dünyadakı vəzifəsini tamamlayaraq axirət yurduna köç edir.

 

İnsanın bu dünyadakı həyatını anlaşılan bir nümunə ilə ifadə etsək bir ağacın yarpağını misal göstərə bilərik. Ağacdan tumurcuq şəklində meydana gələn yarpaq günlər, aylar keçdikcə böyüyür, daha sonra qocalıq çağına gələrək saralıb solur və günün birində ağacdan qopub ayrılaraq torpağa qovuşur, çürüyərək dünyadakı vəzifəsini yerinə yetirir, yəni hər yarpaq bir xəzan olur. İnsan həyatı da belədir. Ancaq insan Allah tərəfindən dəyərli bir varlıq olaraq yaradıldığı üçün ona bəzi vəzifələr və məsuliyyətlər də verilmişdir. İnsan da bu vəzifələri və məsuliyyətləri yerinə yetirdiyi təqdirdə dəyər qazanmış olur. İnsanı yarpaqdan ayıran əsəs xüsusiyyət isə onun Allah qarşısında hesabat verəcək olmasıdır.

 

Odur ki, bu dünyada yaşadım bitdi anlayışına qapılmamaq lazımdır. İnsan yaşadığı müddətdə etdiyi ibadətləri, yardımsevərliyi, təqvası, insansevərliyi və saymaqla bitməyəcək gözəl davranışları nəticəsində Allahın vəd etdiyi əbədi yaşam olan cənnətdə də həyatını gözəl nemətlər içində davam etdirəcək. 

 

Mövlanadan həyat nədir deyə soruşmuşlar. Mövlana da “həyat bir pəncərədir, hər kəs o pəncərədən baxıb keçər” demişdir. Həqiqətən də insanlar doğulur, yaşayır və ölürlər – bundan başqa bir gerçək yoxdur. Əhəmiyyətli olan geridə buraxılan izlərdir. Bu izlər də elə bir izdir ki, biz öldükdən sonra haqqımızda yaxşı və ya pis danışılacaqları bəlli edəcək. Həmçinin sabah Allah qarşısında hesab verərkən yerimizin cənnət və ya cəhənnəm olacağının səbəbkarı olacaq.

 

İnsan bu dünyaya bir dəfə gəlir, həyatı bir dəfə yaşayır. Bu həyat əsnasında da onun qarşısına seçimlər qoyulur; Yaradanın qoyduğu nizama, yəni əmr və qadağanlara uyaraq əhsəni-təqvimə – uca bir məqama yüksələcək, ya da şeytan və nəfsə uyaraq əsfəli-səfilin – aşağıların aşağısına çeviriləcək. Yenə də ifadə edək ki, insan ömrü bir yarpağa bənzəyir, hər yarpaq isə bir xəzandır. Ancaq bu xəzan olmuş yarpaqlardan elələri vardır ki, insanlar evlərinin ən gözəl yerinə yerləşdirərək gözəl suvenir kimi saxlayırlar, elələri də vardır ki, ayaq altında əzilərək yox olurlar. İndi seçim etmək öz əlimizdədir. Bunun üçün də ömür təqvimindən keçən hər dəqiqəni, hər anı elə yaşamalıyıq ki, içimizin gözəlliyi, əməlimizin gözəlliyi bizləri evlərə bəzək verən yarpaq kimi daim xatirələrdə saxlasın və ən əsası, Allahın qarşısında üzümüzü ağ etsin, Peyğəmbər əfəndimizin üzündə təbəssüm yaratsın.

 

Sonda isə məşhur bir musiqidəki sözləri ifadə edərək sizlərə xoş günlər diləyirəm:

 

“Tökülən hər yarpaq bir ömür kimi

Gedib dönməyən günə bənzəyir”...

 

Müəllif: Hacı Bəkiroğlu