İnsan ətdən və sümükdən ibarət gözlə görülən bir canlıdır. Lakin, ən başlıcası, insanı insan edən onun daşıdığı duyğulardır – digər məxluqatdan ayırd edən, üstün qılan, sahib olduğu duyğulardır. Duyğular haqqında geniş yazmaq olar, fərqli duyğular var. Bəzi duyğuların yoxluğu başqa bir duyğunu doğurur və ya bəzi duyğunun həddən artıq olması yenə başqa bir duyğunu meydana gətirir.
Cəmiyyət içərisində hüzurla yaşaya bilməmiz üçün bütün duyğuların zamanında və qədərində yaşanılması şərtdir.
Yazdığım hər məqalənin xidmət etdiyi müəyyən məqsəd vardır. Bu məqsədlər cəmiyyətimizi olduğundan daha yüksəyə daşımağa xidmət etməkdədir. Ümid edirəm ki, əziz oxucular məqalələrimizdən faydalanırlar və bu məqalələr cəmiyyətdə öz əksini gec də olsa tapacaq. Bu da ümid adlı bir duyğudur.
Bu dəfəki məqalədə şəxsən məni və ətrafda olan insanları narahat edən bir mövzu haqqında yazmaq istəyirəm. Bu, yuxarıda bildirdiyim kimi, duyğular haqqında olacaq, ancaq duyğu geniş bir qavram olduğu üçün sadəcə bir neçəsinə toxunacağam.
Bu gün insanların arasında yaranan münaqişələr, hüzursuzluqlar, əsasən də, duyğu əskikliyindən irəli gəlir. Biz insan olaraq gözlə görülən və əllə tutulan şeylərə o qədər zaman ayırırıq, onlarla o qədər məşğul oluruq ki, gözlə görülməyən, əllə tutulmayan, lakin bizi biz edən şeyləri unuduruq, yaşamırıq və bəlkə də yaşamaq istəmirik. Axı duyğular bəzən zəhmət tələb edən olur. Modern dünyanın modern insanları olan bizlər zəhmətdən məişət həyatında qaçdığımız kimi duyğu həyatında da qaçırıq. Məişətdəki zəhmətdən qaçışımızın yerini istehsal olunan avadanlıqlar doldurur, lakin duyğudan qaçışımızı dolduracaq heç bir şey yoxdur, ixtira olunmayıb, oluna da bilməz. Çünki duyğular biz insanlara məxsusdur.
Duyğuların yaşanılmaması bizləri robotlaşmağa, eqoizmə, yalnızlaşmağa apardığından xəbərdarıqmı? Günümüzdə ən aktual olan duyğu demək olar ki, sevgidir, təbii ki, saf olanını tapa bilmək böyük əmək istəyir. Sevginin adı var, adın altı boşaldılıb, dəyişdirilib, yenilənib, ancaq, gəl gör ki, bu yenilik cəmiyyətdə böyük fəsadlar meydana gətirib. Aktual olan yeganə duyğunu belə düzgün və lazımınca yaşamırıq.
Cəmiyyətin ən zəif olan duyğusu isə, belə deyərdim ki, vəfa duyğusudur. Çünki bu duyğu özü ilə birgə fədakarlıq kimi ülvi bir duyğunun da yaşanmasını istəyir. Modern insan olaraq bizlərə bu duyğular çətin və ağır gəlir. Ancaq düşünmürük ki, normal həyatın qovhaqovunda təlaşla qaçan bizlər duyğuları bu qədər gözdən kənar etməməliyik. Axı həyatda çoxu zərər olan şeylərin azı da zərərdir.
İstədiyimiz duyğunu yaşayıb, istədiyimizi rəfə qaldıra bilmərik. Yaşadığımız müddətdə rəflərə qaldırdığımız bütün duyğuları zamanında və qədərində yaşamağı bacarmalıyıq. Bacarmazsaq öz əlimizlə öz gələcəyimizi mexanizmləşdirmiş olarıq.
Cəmiyyətimizin hər bir fərdini bu fikir üzərində düşünməyə dəvət edirəm. Ümidvaram ki, bu dəvət boşa çıxmayacaq və özü ilə birgə xoş nəticələr doğuracaq.
Müəllif: Lamiyə Hacıyeva
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri