Son günlər dünya mediasının və sosial şəbəkələrin gündəmini demək olar ki, tək bir mövzu müəyyənləşdirir, Yaxın Şərqdə gərginliyin kəskin şəkildə artması və xüsusilə də İran-İsrail konflikti ətrafında baş verən hadisələr. Fevral ayının sonunda ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən genişmiqyaslı hücumlar regionda yeni və son dərəcə təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirildi. Qısa müddət ərzində İranın müxtəlif hərbi obyektlərinə yüzlərlə zərbə endirildi, hərbi infrastrukturla yanaşı yüksək səviyyəli rəhbər şəxslər də hədəf alındı və bu hücumların nəticəsində İranın siyasi-hərbi sistemində mühüm fiqurların həyatını itirməsi münaqişənin daha da genişlənməsinə səbəb oldu. Tehran isə bu hücumlara gecikmədən cavab verdi və İsrail ərazisinə, eləcə də Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdi. Beləliklə, bir neçə gün ərzində lokal hərbi əməliyyat kimi görünən hadisələr regional təhlükəsizlik böhranına çevrildi və müxtəlif mənbələrin məlumatına görə, qarşılıqlı hücumlar nəticəsində hər iki tərəfdə ölən və yaralananların olduğu bildirildi. Müharibənin hər yeni epizodu dünya mediasında geniş şəkildə işıqlandırıldı və hadisələrin gedişi sanki real vaxt rejimində bütün dünyaya yayıldı. Lakin bu saydakı yazıda məqsədim bu müharibənin cəbhədə baş verən hərbi əməliyyatları haqqında danışıb yarımçıq və yersiz analizlər etmək deyil, yüzlərlə, minlərlə kilometr uzaqda yaşayan insanların bu münaqişə haqqında necə danışması, onu necə şərh etməsi və bəzən də necə qəti nəticələr çıxarmasından söz açmaqdır.
Müasir informasiya dövründə hər bir insan özünü bir növ analitik, strateq və ya geopolitik ekspert kimi hiss etməyə başlayır; sosial şəbəkələrdə, xəbər saytlarının şərh bölmələrində və gündəlik söhbətlərdə milyonlarla insan müharibəni sanki qərar qəbul edən siyasətçilər kimi müzakirə edir. Əslində, bu fenomen yeni deyil, lakin son illərdə informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində daha da güclənib. İnternet və sosial media platformaları hər kəsə real vaxtda məlumat əldə etmək imkanı verir və bu məlumat axını insanların hadisələr haqqında tez bir zamanda fikir formalaşdırmasına şərait yaradır. Lakin paradoks ondan ibarətdir ki, məlumatın çoxluğu onun düzgün başa düşülməsi demək deyil, əksinə, bir çox hallarda insanlar xəbərin yalnız başlığını oxuyaraq və ya qısa videolara baxaraq mürəkkəb geopolitik hadisələr haqqında qəti və dəyişməz mövqelər formalaşdırırlar.
İran-İsrail müharibəsi (konflikti) ətrafında baş verən hadisələr də bu baxımdan istisna deyil. Müharibənin hər yeni mərhələsi sosial mediada yeni bir “analiz dalğası” yaradır. Bir tərəf raket hücumlarının videolarını paylaşır, başqa bir tərəf hərbi əməliyyatların xəritələrini yayır, üçüncü qrup isə münaqişənin qlobal nəticələri haqqında müxtəlif proqnozlar irəli sürür. Nəticədə, müharibə haqqında informasiya axını yalnız jurnalistlər və ekspertlər tərəfindən deyil, eyni zamanda milyonlarla adi istifadəçi tərəfindən formalaşdırılır. Bu müzakirələrin maraqlı tərəfi yalnız virtual mühitlə məhdudlaşmamasıdır, müharibə haqqında fikirlər artıq gündəlik həyatın demək olar ki, hər məkanında səslənir və insanlar onu öz ağıllarının yetdiyi qədər analiz etməyə çalışırlar. Məsələn, avtobusda gedərkən iki sərnişinin bu mövzuda mübahisə etdiyini eşitmək, bazarda alış-veriş edənlərin birdən-birə geopolitik proqnozlar verməsi, çayxanalarda uzun-uzadı müzakirələr aparılması, toy və yas məclislərində, ailə süfrələrində və sadə dost söhbətlərində belə müharibənin “analizinin” səslənməsi artıq adi hala çevrilib. Sanki dünyanın müxtəlif guşələrində yaşayan insanlar birdən-birə beynəlxalq siyasətin ən mürəkkəb məsələləri haqqında hökm vermək səlahiyyətinə malik olublar. Lakin bu mənzərə bəzi yerlərdə daha spesifik və ironik formada ortaya çıxır. Məsələn, bu müzakirələr çox vaxt real faktlardan deyil, şayiələrdən, şəxsi təxminlərdən və emosional reaksiyalardan qaynaqlanır və gündəlik həyatın qayğıları ilə məşğul olan, beynəlxalq münasibətlər haqqında sistemli məlumatı olmayan insanlar belə bu müharibə haqqında böyük əminliklə danışır, bazarda tərəvəz alarkən Yaxın Şərqin gələcəyi haqqında proqnoz verirlər, avtobusda oturarkən hansı ölkənin hansı strategiyanı seçəcəyini izah edir, çayxanada isə qrup şəklində müharibənin nəticələrini sanki hərbi qərargahın içindəymiş kimi müzakirə edirlər. Bu müzakirələr çox vaxt real faktlardan çox ehtimallara və şayiələrə əsaslanır. Bəzən isə mövzu tamamilə əlaqəsiz məsələlərlə qarışdırılır və nəticədə əsassız panika yaranır. Kimlərsə müharibənin qısa müddətdə bütün regiona yayılacağını iddia edir, digərləri isə bunun yaxın gələcəkdə üçüncü dünya müharibəsinə çevriləcəyini söyləyir. Hətta bəzən bu müzakirələr gündəlik həyatla əlaqəsi olmayan qəribə nəticələrə gətirib çıxarır: “Bu müharibə başlayarsa burada da vəziyyət dəyişəcək”, “sərhədlər bağlanacaq”, “bütün ölkələr müharibəyə qoşulacaq”, “Rusiya hər yeri dağıdıb sonra SSRİ-ni yenidən bərpa edəcək” və s. kimi fikirlər ciddi arqument kimi səsləndirilir.
Bu mənzərəyə müəyyən mənada sosial-psixoloji bir fenomen kimi də baxa bilərik. Məsələn, bir vaxtlar uşaqların ən böyük mübahisə mövzularından biri “kim daha güclüdür” sualı idi və bu mübahisələr çox vaxt məşhur kino qəhrəmanları ilə bağlı olurdu. Kimsə Jan-Klod Van Damm tərəfdarı olurdu, digəri isə Brüs Linin daha güclü olduğunu sübut etməyə çalışırdı. Həmin mübahisələr emosional olsa da, əslində, sadə uşaq müzakirələri idi. Bu gün isə bəzən elə təəssürat yaranır ki, həmin mübahisələrin mövzusu sadəcə dəyişib: “Van Damm, yoxsa Brüs Li?” sualının yerini “İran, yoxsa İsrail?” və ya “Rusiya, yoxsa ABŞ?” sualı tutub. Maraqlıdır ki, bu dəyişiklik yalnız mövzuda deyil, həm də müzakirənin miqyası və təsirində özünü göstərir. İndi bu “uşaq mübahisələri” sosial şəbəkələrdən tutmuş, yuxarıda da qeyd etdiyim kimi, bazar, avtobus, çayxana, toy və yas yerlərinə qədər bütün gündəlik məkanlara daxil olub və insanları hərbi və diplomatik qərarları müzakirə etməyə vadar edir. Əksər hallarda isə bu müzakirələr səthi məlumat və şəxsi təxminlər üzərində qurulur və beləliklə, hər bir iştirakçı özünü ekspert kimi təqdim edir, amma, əslində, mövzuya dair kifayət qədər bilik yoxdur.
Əlbəttə ki, beynəlxalq hadisələr haqqında danışmaq və fikir bildirmək hər bir insanın haqqıdır. Lakin problem o zaman yaranır ki, mürəkkəb geopolitik proseslər səthi məlumatlara əsaslanaraq qəti və dəyişməz nəticələrlə izah edilir. Sosial mediada tez-tez belə fikirlərlə rastlaşmaq mümkündür: “İran qalib gələcək”, “İsrail bu müharibəni qazanacaq”, “bu, üçüncü dünya müharibəsinin başlanğıcıdır”. Bu cür qəti fikirlər isə çox vaxt hadisələrin real mürəkkəbliyini nəzərə almır. Əslində, müharibənin real nəticələrini qiymətləndirmək üçün hərbi strategiya, diplomatiya, beynəlxalq hüquq və regionun tarixi kimi sahələr üzrə dərin bilik tələb olunur. Lakin informasiya mühitində bu sərhəd getdikcə silinir və nəticədə ekspert rəyi ilə şəxsi təəssürat arasındakı fərq bəzən görünməz hala gəlir. Müasir mediada baş verən əsas dəyişikliklərdən biri də bununla bağlıdır. Əvvəllər insanlar xəbərləri əsasən passiv şəkildə izləyən “müşahidəçi auditoriya” idisə, bu gün onlar xəbəri şərh edən, paylaşan və bəzən də ona yeni mənalar verən “aktiv auditoriyaya” çevriliblər. Xəbər artıq yalnız jurnalistlərin hazırladığı mətn deyil; o, sosial mediada davam edən uzun müzakirələrin başlanğıc nöqtəsinə çevrilir. Lakin bu prosesin təhlükəli tərəfi də var. Müharibə kimi həssas mövzularda yayılan qeyri-dəqiq məlumatlar və emosional şərhlər bəzən cəmiyyətdə lazımsız gərginlik və panika yaradır. İnsanlar real vəziyyəti anlamadan müxtəlif ehtimallar üzərində mübahisə edir və bu mübahisələr bəzən faktlardan daha sürətlə yayılır.
Nəticə etibarilə, İran-İsrail konflikti yalnız hərbi və siyasi hadisə deyil, həm də müasir informasiya mühitinin necə işlədiyini göstərən bir nümunədir. Bu müharibə göstərir ki, bugünkü dünyada geopolitik hadisələr artıq yalnız diplomatların və generalların mövzusu deyil. Onlar eyni zamanda avtobuslarda, bazarlarda, çayxanalarda, toy və yas məclislərində müzakirə olunan gündəlik söhbət mövzularına çevrilir. Bəlkə də müasir dünyanın ən ironik mənzərələrindən biri məhz budur. Böyük siyasi qərarlar çox vaxt kiçik telefon ekranlarında və təsadüfi söhbətlərin içində şərh olunur. Və bəzən müharibənin özü qədər diqqət çəkən məqam onun haqqında danışan insanların nə qədər çox və nə qədər “əmin” olmasıdır. Lakin qeyd etmək lazımdır ki, bu əminlik heç də hadisələrin reallığını əks etdirmir, çünki, necə ki, Noam Çomski də bir dəfə qeyd etmişdi: “İnsanlar hadisələri şərh etməyi sevirlər, amma əksər hallarda başa düşməkdən daha çox danışmaqla məşğuldurlar.”
Çiyalə Osmanova