URBANİZASİYA

19. AMERSFORT ÇARŞISINDA

 

Əksər Niderland şəhərləri kimi Amersfort da kanalları, kafedral kilsəsi, orta əsrlərdən qalma tikililəri, yaşıllığı ilə yaddaqalandır. Kanallar boyunca düzülmüş, kiçik bağçalarını güllərin, çiçəklərin süslədiyi əski və yeni evlərin harmonik uyğunluğu görənlərə rahatlıq bəxş edir.

 

Bir ilə yaxın yaşadığım, Niderland cəmiyyəti ilə az-çox tanış olduğum bu şəhər haqqında, onun insanları barədə yaddaşımda qalanları koronavirus günlərində bilgisayara danışmağa başladım.

 

Öncə qeyd edim ki, bu şəhər Yohan van Oldenbarneveldt (1547-1619) kimi Niderlandın İspaniya asılılığından azad olunmasında mühüm rol oynamış görkəmli siyasi xadimin və Piet Mondrian (1872-1944) kimi məşhur rəssamın vətənidir. Şəhərdə mövcud olan muzeylərin, qalareyaların arasında Mondrianın adını daşıyan mərkəz də fəaliyyət göstərir. Mondrian incəsənət tarixində özünün neoplastisizm adlandırdığı üslubu ilə yenilikçi bir rəssam kimi tanınmaqdadır.

 

Gətirəcəyim statistik göstəricilər də bu şəhərin tarixi abidələrlə nə dərəcədə zəngin olduğunu sizlərin gözü önündə canladırmağa yardımçı olacaq. Şəhərdə 380 dövlət əhəmiyyətli abidə ilə yanaşı, 275 şəhər və 16 bələdiyyə abidəsi də qalmaqdadır.

 

Hər şeydən qabaq şəhərin tarixinə kişik bir ekskurs edək. Bütün tarixi abidələr barədə söhbət açmaq imkan xaricindədir. O üzdən də, mən bir-iki örnək verməklə kifayətlənmək istəyirəm. Nə deyirsiniz?

 

Amersfortun tarixi hissəsini hər gün seyr edə bilirdim. Bunun üçün mənim xüsusi bir səy göstərməm də gərəkmirdi. O üzdən ki, işə gedib gələrkən yolumun bir hissəsi məhz bu tarixi məkandan keçirdi. Hər gün səhər-axşam qədim qala qapısından keçməli olurdum. Koppelport adlanan və Amersfortun ikinci şəhər divarı sayılan bu abidənin 1380-1450-ci illərdə inşa edildiyi məlumdur. Qırmızı kərpicdən tikilmiş divarın müdafiə məqsədilə tikildiyini güman etmək olar. Koppelport şəhərin su və quru ərazisinin birləşdiyi yerdə inşa olunmuşdur. Öz varlığını qorumaq üçün Niderlandın dəfələrlə silaha sarıldığını xatırlatmaq kifayətdir ki, bunun belə olduğunu təsdiqləyəsən. Avropa memarlığı üslubunda tikilmiş qala divarları bizim Bakının İçərişəhəri, Tiflisin Narınqalası ilə az-çox oxşarlıq təşkil edir. Hər dəfə buradan keçərkən, beynimdə bu paralelləri aparmaqdan xoşlanırdım. Qala qapısını keçməklə sanki bu gündən dünənə və ya əksinə gedib-gəlirsən. Səhərlər mən keçmişdən indiyə, axşamlar isə indidən keçmişə düşdüyümü düşünürdüm. Kanalın üstündə körpü kimi tikilmiş qala divarları bu gün də yaxşı qorunur, şəhərin ən diqqətəlayiq tarixi abidəsi sayılır. Əslində bu gün qorunan bu tarixi abidə əski şəhər divarının bir parçasıdır. Onun qalan hissələri zamanın gərdişinə tab gətirməmiş, tarixi rolunu oynayaraq yerini şəhərin yeni binalarına verməli olmuşdur. Bu da köhnə ilə yeninin mübarizəsində birincinin məğlubiyyətindən, daha gənc olan ikincinin qələbəsi fonunda turistlərin ziyarətgaha çevirdiyi Koppelportdan qalanlar.

 

Amersfortun məşhur Qadın qülləsi – Onze Lieve Vrouwentoren barədə danışmadan keçmək günah olardı. Nədən ki, bu kilsə qülləsi hündürlüyünə görə orta əsrlər Niderlandının üç ən hündür kilsəsindən biridir. Kilsənin hündürlüyü 98,33 metrdir. Bu kilsənin digər bir özəlliyi isə ikinci adının olmasındadır. Onu Lange Jan da adlandırırlar. Qadın qülləsi kilsəsinin tikintisinə 1444-cü ildə başlanılıb. Gecikmiş qotik üslubda, qırmızı kərpicdən tikilmiş bina əzəməti ilə görənləri heyran edir. 1787-ci ildə baş vermiş partlayış nəticəsində kilsə böyük zərər görsə də, kilsə qülləsi salamat qalmışdır. Bu kilsənin ölkənin göbəyində, mərkəzində tikildiyi iddia edilir. Əslində bu iddia coğrafi dəlillərlə də təsdiqlənir. O üzdən ki, kilsənin ucaldıldığı Amersfort doğrudan da Niderlandın mərkəzində yerləşir. Bu mövqeyi ilə şəhər ölkənin digər yaşayış məskənləri, bölgələri arasında birləşdirici həlqə rolunu oynayır. Şəhərdə birləşən dəmir yol qovşağı, eləcə də buradan keçən avtomobil yolları onun bu rolunu daha da artırır. Qadın qülləsinin digər bir özəlliyi isə Niderland topoqrafiya xidmətinin ondan bir səmt bildirici kimi bu gün də istifadə etməsidir.

 

Amersfortu bəzən yarızarafat, yarıgerçək “qayalar şəhəri” də adlandırırlar. Bu adın yaranmasının maraqlı tarixçəsi də var və mən oxucunu belə bir ləzzətdən məhrum etmək istəmədiyimdən həmin əhvalatı təqdim edirəm. Deməli, 1661-ci ildə şəhər varlılarından biri olan Everard Meyster dostları ilə mərc gəlir ki, bataqlıqda gördüyü böyük qayanı çıxartdıracaq. Bu məqsədlə o kisəsinin ağzını açır, qayanı bataqlıqdan çıxaran 400 şəhərlini pivəyə və duzlu krekerə qonaq edəcəyini vəd edir. Nəhayət, doqquz tonluq qaya bataqlıqdan çıxarılır. Meyster sözünün üstündə duraraq 3000 gülden pul xərcləyib qonaqlıq verir. Mərci udmasına baxmayaraq, qonum-qonşu arasında onun bu hərəkəti axmalıq hesab edilir, şit zarafata çevrilir. Bütün bunlardan cana doyan Everard Meyster qayanı ya köhnə məkanına buraxmaq, ya da torpağa basdırmaq məcburiyyətində qalır. Bunun üçün onun yeni bir qonaqlıq verib-vermədiyi məlum deyil. Adı dillər əzbəri olan həmin qaya bir də 1903-cü ildə yada düşür və yer altından çıxarılır, xüsusi postament üzərinə qaldırılaraq insanlara təqdim olunur. Bundan sonra şəhərə dünyanın dörd bir yanından – Belçika, Şotlandiya, Kanada, Yuqoslaviya və b. ölkələrdən qaya parçaları gətirilərək əski qala divarlarının ətrafına düzülür. Bununla da Amersfort özünün “qayalar şəhəri” ləqəbini təsdiqləmiş olur. 

 

Şəhərin sakinləri və turistlər görməli yerləri kanallardan da seyr etmək imkanına malikdirlər. Kiçik bir motorlu qayıq kirayələyib əsas kanal boyunca Amersfortun dünəni ilə bu gününün sarmaş-dolaş olduğu mənzərələri görmək mümkündür. Quş uçuşundan şəhərə baxmaq istəyənlər isə rəngarəng hava şarlarında şəhərin təkrarsız görüntülərindən ləzzət ala bilərlər. Düzdür, hava şarlarına hər zaman minmək mümkün deyil. Bunun üçün havanın sakit və əlverişli olması lazımdır. Hava şarlarından əsasən yaz-yay aylarında yararlanmaq olar. Bundan əlavə, bu nəqliyyat vasitəsi hər kəsin cibinə görə deyil, yəni ona minib gəzmək üçün xeyli pulunun başından keçməlisən. Digər tərəfdən isə, hündürlük qorxusu – akrofobiyası olanların hava şarlarından istifadə etməsi məsləhət deyil. Nədən ki, nə olar, nə keçər.

 

Amersfortun tipik orta əsr şəhəri olduğu bəllidir. Əski şəhərin müdafiə divarlarının, bu günədək dağılmadan qalmış, qırmızı kərpicdən tikilmiş müxtəlif təyinatlı qüllələrinin varlığı deyilənləri təsdiqləyir. Şəhərdə orta yüzilliklərə məxsus tikililərin qorunması yüksək səviyyədədir. Məhz bu səbəbdəndir ki, bir neçə yüz yaşı olan, bu gün də istifadəyə yararlı binaların arasında dolaşmaq, əski küçələrdə gəzmək insanda mistik duyğular oyadır, ona özünü zaman maşınının keçmişə səyahət edən yolçusu hesab etmək üçün imkan yaradır.  Amersfort 1259-cu ildə şəhər statusu alsa da, onun haqqında yazılı qaynaqlarda bir neçə əsr qabaq məlumatlar verildiyini öyrənmək olar. Amersfort 2009-cu ildə özünün 750 illiyini təntənəli şəkildə qeyd edib. Şəhərin əski hissəsindən kənarda ucaldılan binalar onun müasir simasının biçimlənməsində xüsusi rol oynayır. Şəhərin bu cür böyüməsi, onun əhalisinin artımında da nəzərə çarpır.

 

Amersfortun tarixi məhləsində, türklərin çarşı adlandırdığı Langestrat küçəsində cəmlənmiş alış-veriş mərkəzlərinə yolu düşənlərin velosipedlərini yaxınlıqdakı meydanın ətrafında saxlamalarına, bir-birinə yaxın-yaxın sıralanmış velosipedlərin çoxluğuna, hərdən bu meydanda polis itlərinin sakinlərə və qonaqlara müxtəlif nömrələr göstərməsinə, atlı polis qızların meydan ətrafındakı küçələrdə şəstlə dolaşmalarına, görünüşü ilə əski teplovozlara bənzəyən, turistləri şəhər gəzintisinə dəvət edən alabəzək elektromobil-qatara, kanalda turistlər üçün tur təşkil edən qayıqlara gözucu nəzər salıb çarşıya ayaq basırsan.  

 

Müşahidə etdiyim bir məsələ barədə də məlumat vermək lazım olduğunu düşünürəm. Nədən ki, Niderlandda bu çox önəmli bir məsələdir. Alış-veriş yerlərinə baş çəkənlərin, sadəcə şəhər həyatının qaynarlığında gün keçirmək istəyənlərin sıxlığı Niderland insanına əlavə hərəkətlilik, canlılıq qazandırdığı velosipedlərdən istifadəni çətinləşdirir. Adi günlərdə çarşıdan velosiped sürmək üçün istifadə edildiyi halda, cümə axşamları və həftəsonları buna icazə verilmir. Buna əməl etməyənlərin cərimələnmə ehtimalı böyükdür. Velosipedçilər çarşıya girmək üçün velosipedlərini harayasa park etməlidirlər. Həmin vaxtlar velosipedlə çarşıdan keçmək istəyənlər velosipeddən enməli olur, çarşıdan çıxanadək onu yedəkləmək məcburiyyətində qalırlar.

 

Afiq MUXTAROĞLU

Niderland