Yığvalınız qara gəlməsin, qulağımız nələr eşidəcək, İlahi. Ev makleri görmüşəm, maşın makleri görmüşəm, torpaq alqı-satqısı ilə məşğul olan makler görmüşəm, amma evləndirmək üçün işi düzüb-qoşan makler eşitməmişdim. Həm də elə-belə yox, düz 1000 lariyə başa gəlir. Bəli, səhv eşitmədiniz, artıq bu sahənin də maklerləri çıxıb ortaya.

 

Keçən gün xalalarımla oturub söhbət edirdik. Həmişəki kimi mövzu gəlib çatdı evliliyə. Xalam birdən başladı:

 

–  Ay bala, nə olar bu uşağı da evləndirin, yazıqdır (Uşaq dediyinin də 40 yaşı var). Qoy qardaşınız da ailə-uşaq sahibi olsun.

 

– Vallah, xala, özün bilirsən, mən də zor-bəla ilə qız axtarıb tapdım. Heç kim belə yaraşığa ərə gəlmək istəmirdi. Axırda qohum-əqrəbaya üz tutub yalvardım ki, qızınızı mənə verin, məni baş-göz edin, yazığam.

 

Xalam ah çəkdi:

 

– Ehh, ay bala, qohumda qız qaldı ki, indi hamı qayınatasından-qayınanasından uzaq, tək yaşamaq istəyir.

 

– Xala, o artıq sənin problemindir – dedim.

 

Elə bu məqamda söhbət daha da qızışdı, qonşu da gəlib bizə qoşuldu. Uzun müddətdən sonra söhbətə daxil olub başladı xalama yol göstərməyə. Axırda da dedi:

 

– Kəndimizdə bir makler var, bu işlərə baxır.

 

Əvvəl elə bildik zarafat edir, nə qədər güldük. Amma baxdıq ki, bu gülmür, ciddi-ciddi danışır. Dedi:

 

– Vallah, gülməyin, həqiqətdir. Özü də 1000 lari alır.

 

Bu söhbət məni də maraqlandırdı. Dedim bu yazıdan sonra o makleri tapıb yaxından tanımaq lazımdır.

 

Söhbət əsnasında yadıma bir hadisə düşdü. Bunu gülmək üçün yox, sadəcə olmuş hadisədir deyə yazıram:

 

O vaxt kənddə bir az qüsurlu bir gənc var idi. Buna qız axtarırlar, amma heç kim qızını vermir. Haraya gedirlərsə, rədd cavabı alırlar. Axırda ümidlərini kəsməyib üz tuturlar xaricə və nəhayət, oradan bir qız tapırlar. Sonra oğlana kostyum-şalvar geyindirirlər, qalstuk taxırlar, müxtəlif pozalarda şəkillər çəkdirirlər. Şəkillərə baxanda zalım oğlu elə bil Kənan İmirzəlioğludur, vallah. Şəkilləri qız tərəfə göndərib deyirlər:

 

– Oğlumuz oxumuş, tərbiyəli oğlandır, sadəcə hələ işləmir. Toydan sonra işə başlayacaq.

 

Beləcə qızı razı salıb alırlar. Zaman keçir, toy günü gəlib çatır. Toyda, Allah var, bəy özünü çox ağır aparır. Arada qəribə hərəkətlər etsə də qohumlar deyir:

 

– Bəy həyəcanlıdır, ona görə belədir.

 

Nə isə... Toy qurtarır, gəlinlə bəyi otağa yola salırlar. Hamı elə bilir hər şey qaydasındadır. Amma bəy otağa girən kimi birdən dəyişir, qışqırıq qopur, qışqıra-qışqıra qaçır anasının yanına ki:

 

 – Bu kimdir? Mən bununla yatmaram, mən səninlə yatacam...

 

Beləliklə, hamının gizlətməyə çalışdığı həqiqət bir anda üzə çıxır. Qız tərəfi şoka düşür, tərəflər arasında söz-söhbət başlayır. Aləm bir-birinə dəyir, hərə bir tərəfdən danışır, ortada şəkil göndərən günahkar axtarılır (Görən bunu da maklermi düzüb-qoşub?) Uzun sözün qısası, gəlin səhəri gün atasının evinə qayıdır. Amma işin ən qəribə tərəfi odur ki, bu hadisədən qazanan yenə oğlan tərəfi olur. Niyə? – Çünki onlar artıq nəməri yığmışdılar...

 

Nə isə, indi bu hadisəni xatırlayanda düşünürəm, görəsən bu “evləndirmə maklerləri” də belə işlər görür, yoxsa doğrudan düzgün “koordinatlar” ötürürlər? Yəqin ki, o qonşunun dediyi yalan olar.

 

Əziz subaylar, siz yenə də işinizi maklerə buraxmayın. Ehtiyatlı olun...

 

Binəli İslamoğlu