Bu yaxınlarda internetdə avaralandığım zaman qarşıma “Sakinlər Qardabani meriyasının fəaliyyətindən razıdırmı?” başlıqlı bir video çıxdı. “Sakinlərin” suala cavabları məni də maraqlandırdığı üçün tez özümə bir yekə fincan çay süzüb, monitorun qarşısında yerimi rahatlayıb “play” işarəsinin üzərinə tıkladım. Düzü, videonun neçə dəqiqə davam etməsinə fikir verməmişdim, “sakinlər” sözünə arxalanıb videonun ən azı 9-10 dəqiqə davam etməsini gözləyirdim. 2 dəqiqə 46 saniyəlik videoda (sorğuda) cəmi 4 “sakin” (respondent) yerli medialardan birinin müxbirinin sualına cava verirdi və baxmayaraq ki, hesabdan zəifəm, riyaziyyatdan məktəb vaxtından zəhləm gedib (amma indiki ağlım olsaydı təkcə riyaziyyatı oxuyardım), nə qədər hesab-kitab etsəm də, rəsmi olaraq 81876-dan 4-ü çıxıb alınan fərqi 2,46-ya bölsəm də heç çür “Qardabani sakinləri” ifadəsinə sığışdıra bilmədim. Amma söhbətimiz bu deyil, sözhbətimiz “sakinlərin” müxbirə verdiyi cavabla, yəni “meriyanın fəaliyyətindən razıdılarmı” sualına verilən cavabla bağlıdır.
Mətləbə keçməmişdən qabaq bir haşiyə çıxım ki, məsələnin nə qədər ciddi olub-olmadığına özünüz qərar verəsiniz.
Tualetin nə olduğunu, necə olduğunu, hansı funksiyanı yerinə yetirdiyini hamımız yaxşı bilirik, buna görə də xırdalıqlara varmadan tualet haqqında bir neçə fakt qeyd etməklə kifayətlənəcəm.
İnternetdə olan mənbələrə inansaq, fransız sözü tualet 1681-ci ildə işlədilməyə başlayıb və qadınların bəzənməsi üçün güzgülü və qutulu kiçik stol; zahiri görkəm, yaraşıq, bəzək-düzək; səliqə-sahman, geyim mənalarını ifadə edib ki, buna bədii ədəbiyyatda da çox rast gəlinir. Dilimizdə ayaqyolu da işlədilir, amma biz bu yazıda “sakinlərin” cavablarına uyğun olaraq tualet sözünü işlədəcəyik.
İlk tualetin nə vaxt və harada yarandığına gəldikdə isə, yenə də internetdə olan mənbələrə inansaq, oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu yazılır. 5000 il yaşı olan stulabənzər tualetin qalıqları isə Şotlandiyada tapılıb. Eramızdan əvvəl 2100-cü ilə aid tualetə Misirdə, Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir, baxmayaraq ki, bu gün Hindistanda əhalinin 12 faizinin tualeti yoxdur.
İlk ictimai tualetlər isə Romada aşkarlanıb və eramızdan əvvəl 5-ci əsrə aid edilir. İnsanlar bu tualetlərə təkcə təbii ehtiyaclarını ödəmək üçün deyil, həm də oturmaq, söhbət eləmək, iş barəsində fikir mübadiləsi aparmaq üçün gedirlərmiş.
İlk tualetlərin oturacaqları daşdan imiş və bu daş oturacaqları qızdırmaq üçün xüsusi nökərlər var imiş ki, əvvəlcə özləri oturub tualeti isidirlərmiş, sonra ağalar oturub öz işlərini görürlərmiş. Bu tualetlərin xüsusi daş kanallarla çaya çıxışı olarmış və bu tualetlərdən təkcə varlılar istifadə edərmiş, qalan əhali isə hara gəldi...
İnsanlar təbii ehtiyaclarını ödəmək üçün həmçinin güvəclərdən (qorşoklardan) istifadə edirlərmiş. Yazılanlara inansaq, dolmuş güvəcləri hara gəldi boşaldırmışlar və buna görə də küçələrdən tutmuş evlərin, sarayların içinə qədər üfunət iyi hökm sürürmüş.
1837-ci ildə ingiltərəli çilingər Tomas Krepper kanalizasiyaya çıxışı olan müasir formalı unitazı və U-şəkilli kanalizasiya borusunu ixtira edib.
1909-cu ildə isə İspaniya şirkəti “Untas” oturacağı və su bakı olan tualetin istehsalına başlayıb. Unitaz sözü də məhz belə yaranıb.
Bir maraqlı faktı da qeyd edib mətləbə keçirəm. Deməli, 2001-ci ildə Asiya, Avropa və Şimali Amerikadan olan 17 milli tualet assosiasiyasının 200-dən çox nümayəndəsi Sinqapurda tualet problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirərək noyabrın 19-nu Dünya Tualet Günü elan edirlər və 2013-cü ildə BMT-nin Baş Assambleyası noyabrın 19-nun Dünya Tualet Günü kimi qeyd edilməsi haqqında qətnamə qəbul edir.
İndi gələk “Sakinlər Qardabani meriyasının fəaliyyətindən razıdırmı?” sualına “sakinlərin” verdiyi cavaba. Yuxarıda da qeyd etdim ki, müxbir cəmi-cümlətanı dörd nəfəri danışdırır və bu dörd nəfərdən üçü narazılığını bildirir. Nədən?.. Bəli, düz tapdınız: çayxanada tualetin olmamasından! Sən demə, Qardabani “sakinlərinin” (daha doğrusu üçcə nəfərin) bütün problemləri həll olunub, qalıb bircə tualet problemi. Sən demə, Qardabani “sakinləri” (daha doğrusu üçcə nəfər) meriyadan çayxanada tualetin olmamasına görə narazıdırlar təkcə. Başqa narazılıqları yoxdur. Çayxanada tualet olsa zəhmət çəkib ehtiyacını ödəmək üçün evə getməyə də gərək olmaz, elə səhər gəl, çaydan iç, tualetə get, çaydan iç, tualetə get, axşam da evə yatmağa gedərsən. Romantika!
Amma öz aramızdır, meriyanın yerinə olsaydım sözügedən çayxanaya tualet tikmək üçün icazə verərdim. Axı səndən nə gedir? Həm öz hesablarına tualet tikəcəklər, həm də ki, meriyanın canı narazı sakinlərdən dincələcək.
Bir də ki, sakinlərin bu narazılığı dünya tualet assosiasiyalarının qulağına çatsa məsələ böyüyəcək, meriyanın da başı beynəlxalq müstəvidə ağrıyacaq. Nəyə görə? Bir qoxulu tualetə görə! Bir də gördün sakinlər əllərində plakat Dünya Tualet Günü meriyanın qarşısında etiraz aksiyası keçirir.
Məncə, sakinlər tualet problemlərinin həlli üçün meriyaya yox, məhz tualet assosiasiyasına, BMT-yə müraciət etsələr məsələ həllini daha tez tapmış olar. Mənim fikrimcə də hər çayxanada, hər parkda, hər bazarda, hər küçədə, hər yeraltı keçiddə tualet olsa yaxşı olar, ən azından şəhərimiz üfunət qoxumaz. Bəs siz meriyanın fəaliyyətindən razısınızmı?
Azər MUSAOĞLU