Söz azadlığı yaşadığımız demokratik cəmiyyətin vacib təməllərindən biri hesab olunur. Azad sözünü deyə bilmək, nəsə haqqında fikir bildirmək, tənqid etmək və fərqli baxışları açıq şəkildə ifadə etmək insanın ən əsas hüquqlarından biridir. Bu, həm də cəmiyyətin inkişafı üçün şərtdir. Söz azadlığı insanı susdurmaq üçün yox, qulaq asıb öz fikrini bölüşmək üçün mövcuddur. Əsl söz azadlığı başqasının ləyaqətini tapdalamaq deyil.
Lakin yaşadığımız dövrdə bu anlayış bir az mürəkkəb bir formadadır və bir çoxu söz azadlığını fikir zorakılığı ilə səhv salır. Bəli, fikir bildirmək məsuliyyət tələb edir. Bir çoxu bilməlidir ki, azad söz etik çərçivədən çıxanda artıq azadlıq yox, zərər olur.
Sosial şəbəkələr hər kəsə söz haqqı verir. Amma bəzən bu azadlıq məsuliyyətsiz şəkildə istifadə olunur. Hər bir istifadəçi qarşısındakını rahatlıqla təhqir edə bilir, alçaldır, böhtan atır, nalayiq sözlər deyir. Niyə belə etdiyini soruşanda isə söz azadlığı deyib kənara çəkilir. Axı bu, söz azadlığı deyil. Bu, sosial şəbəkə linçi, yaxud da psixoloji zorakılıqdır.
Sosial şəbəkə linçi bir şəxsin və ya qrupun fikrinə, yaxud davranışına görə minlərlə insan tərəfindən eyni anda hücuma məruz qalmasıdır. Bu hücumlarda hədə-qorxu, şəxsi həyatın ifşası, hətta ailə üzvlərinə zərər yetirmək ismarıcları da müşayiət olunur. Linç edən kütlə özünü “ədalətin səsi” kimi təqdim edir. Ancaq bütün bunların ədalətlə heç bir əlaqəsinin olmadığı kimi, həm hüquq, həm də etika sərhədlərini aşır.
Bundan əlavə, sosial şəbəkələrin alqoritmləri emosional və qalmaqallı mövzuları qabağa gətirdiyi üçün linç mədəniyyəti sürətlə yayılır. Hər kəs başqasına istədiyini demək, öz həyatındakı probleminin aqressiyasını, çatışmayanlarını, qısası, bütün neqativlərini tanımadığı birinin üstünə tökmək haqqını özündə görür. Bir az qabağa gedən, həyatda nələrisə bacarmış, uğurlu insanlar daha çox bu zorakılığa məruz qalırlar. Çünki bunları istəyib, əldə edə bilməyən insanlarda qısqanclıq yaranır. Sosial şəbəkə linçi belə başlayır və linç başladan hər cür söz deməkdə özünü haqlı sayır.
Problemin kökündə məsuliyyətsizlik dayanır. İnsanlar real həyatda deməyə cəsarət edə bilmədikləri sözləri virtualda rahatlıqla ifadə edirlər. Bu cür insanlar el arasında “klaviatura pələngi” adlanır. “Klaviatura pələngləri” fərqli fikir bildirənləri təhqir və hədə-qorxu ilə susmağa məcbur edirlər, ya da psixoloji təzyiq göstərirlər. Beləcə, təzyiq görən tab gətirməyərək cəmiyyətdən təcrid olur.
Təəssüf ki, linç edən kütlə də, “klaviatura pələngləri” də etdiklərinin nəticəsi, törətdiyi fəsadlar barədə heç düşünmürlər. Cəmiyyətdən təcrid olunanlar, eləcə də sosial şəbəkə linçinə məruz qalanlar psixoloji sarsıntı keçirir və bir müddət sonra o şəxslər intihara meyilli olurlar. Dünya üzrə sosial şəbəkə linçi ilə əlaqələndirilən minlərlə intihar hadisəsi qeydə alınıb. Elmi araşdırmalar yeniyetmələr və gənclər arasında intihar riskinin 60 %-ə qədərini bununla əlaqələndirirlər. ABŞ-da təkcə linçlərlə bağlı 2021-2025-ci illər arasında ən azı 38 yeniyetmənin intiharı rəsmi şəkildə təsdiqlənib. Avropa və Böyük Britaniya üzrə aparılan araşdırmalar isə onu göstərir ki, intihar edən gənclərin təxminən 20-30 %-i ölümündən əvvəl ağır sosial şəbəkə linçi və psixoloji zorakılığa məruz qalıb.
Problem bütün bu rəqəmlərdən daha dərindir. Linç çox vaxt insanı səssiz və çıxışsız vəziyyətə salır. Artıq insanlar linçə məruz qalmamaq üçün düşüncələrini gizlədir, cəmiyyət isə səsizliyə doğru sürüklənir. Fikir bildirmək hüququ başqasını alçaltmaq, susdurmaq və ya psixoloji olaraq məhv etmək haqqı demək deyil. Sağlam cəmiyyət üçün azadlıqla yanaşı etik düşüncə, hüquqi çərçivə və empatiya mədəniyyəti də formalaşmalıdır. Sosial şəbəkələr mühakimə meydanı deyil, dialoq platforması olmalıdır. Əks halda, söz azadlığını qorumaq istəyərkən onu öz əllərimizlə boğan bir linç mədəniyyəti yaratmış olarıq.
Cəmiyyət olaraq biz tənqid etməyi linçlə, fikir ayrılığını düşmənçiliklə səhv saldıqca, söz azadlığının ruhunu da itiririk. Söz azadlığı nəzarətsiz bir güc deyil, vicdanla istifadə olunmalı bir haqqdır. Bu haqq cəmiyyəti irəli aparmalı, insanları qorxuya salmamalıdır. Unutmayaq ki, söz azadlığı insanları susdurmaq üçün deyil, başa düşmək üçündür. Azad söz yaşatmalıdır, məhv etməməlidir.
Afaq Azər