Böyük əmimin arvadı özünəməxsus xırdalıqlara xas idi. Onun qadınlıq taktikalarını qohumlar bəyənməsə də, mən uşaq ağlımla həmişə dəstəkləyirdim. Düşünürdüm ki, Bajım belə edirsə, deməli belə olmalıdır (Böyük qardaşın arvadı olduğundan atamgilin dili ilə biz uşaqlar da ona “bajı” deyirdik).
Bajının ailə sirri, qapalılığı, möhkəmliyi, hər adamı ailə içinə buraxmamaq kimi ailə qaydaları var idi. Məsələn, biz bir həyətdə yaşasaq da onun arxa otaqlarını heç görməmişdik, evinin zirzəmisindən heç qardaşları da xəbərdar deyildi və s. Qohumlar onu qapalı, qara fikirli qəbul edirdilər.
Əmimin nəvəsi olmuşdu. Mən hər gün dərsdən gələndə mütləq balaca qızla oynayar, dərs yükünün yorğunluğunu onunla çıxarardım. Anamınsa bundan çox acığı gəlirdi. Dəfələrlə məni xəbərdar edirdi:
– Bax onun xoşu gəlmir, tez-tez gedəsən-gələsən. Bir gün qovulacan. Məni pis eləmə. Sən üç-dörd saat saxlamaqla köməkçimi olacan. Kimə deyirsən... balaca qıza o qədər bağlanmışdım ki, ayrıla bilmirdim.
Özüm də bilirdim, mən gəlinin otağına gəlib-getdikcə qaynana narahat olurdu. Gəlinin yataq otağındakı güzgünün önündə balaca mücrüdə qızılları var idi. Mücrü Şərq nağıllarındakı qızıl küpünə oxşar idi. O mücrü xoşuma gəlirdi, hərdən əlimə alıb özümü şah dövründə hiss edirdim. Bir gün gəlin pıçıltı ilə mənə təklikdə dedi:
– Açıb-bükə də bilmirəm. Brilyant dəstin üzüyü itib, iki gündür axtarıram, tapmıram. Evi ələk-vələk elədim, yoxdur.
Aman Allah!!!
Dünya başıma fırlandı.
– Vallah mən götürməmişəm, – dedim, səsim titrədi, ağladım, – evdən eşitsələr məni öldürərlər.
Gəlin:
– Ayıb deyilmi, heç elə şey ağlıma da gəlmir. Sabah gəl uşağı saxla, evin içini çölə töküm. Bəlkə harasa düşə.
Sovetin dağılan vaxtı idi, mağazalarda boşluq idi, əmioğlum deyib ki, gözüm axtarır, müdirlərə də tapşırmışam tək qaş üzük, alıb yerinə qoyaq heç anam bilməsin.
Səhəri gün gəlin payız sazağında evin xalça-palazını çölə tökdü. Divi-bucağı gəzdi... tapılmadı. Mən əvvəl tez-tez soruşsam da, sonra utandım. Bu gizli itki ilə əzablı günlər yaşadım. Gəlinin gözü hər yeri axtarırdı, mən də xəcalətdən ölürdüm ki, cəzamdır, anamın sözünə baxaydım kaş.
Əmioğlum Qazax polisində işləyirdi, ailəsi isə sərhəd yaxınlığında kənddə yaşayırdı. O, günaşırı kəndə gəlirdi. Evə zəng edib yoldaşını xəbərdar eləmişdi ki, prokuror oğlunun toyuna çağırıb, hazır olarsan, gəlib aparacam.
Adətimiz üzrə mən uşağı saxladım, gəlin geyinib-gecindi. Onlar hazırlaşıb maşına oturmaq istəyəndə, qaynana:
– A bala, o nədi taxıbsan. El basa-basa gedirsən, deməzlərmi bu kapitan arvadı niyə qızıllanmayıb.
Əmioğlu köməyə çatdı:
– Eh ay ana, sən deyirsən dəə... hamı da bilir ki, mən ala bilərəm.
– Yox a bala, adamı geyiminə görə qarşılayırlar. Get o dəsti tax.
Gəlin pilləkanları elə yazıq qalxırdı ki, mən həyacandan əsirdim. Əmioğlu həyətdə var-gəl edirdi. Böyük ehtimalla hər üçümüz olacaq barədə düşünürdük.
Əmioğlu acıqla yoldaşını səslədi ki, tez gəl, gecikirik. Nəhayət gəlin pilləkanda göründü.
Qaynana:
– Baxım hansı üzükləri taxdın?
Gəlin:
– Firuzə üzük bəsdir, sırğa brilliant taxdım.
– Yox, niyə ki, mən Sibir dəsti almışam sənə, get onu tax. Orada hamı bəzəkli olacaq, sən niyə taxmayasan?
Gəlin dilini sürdü, vəziyyətdən əmioğlu çıxış axtardı.
– Of ay ma, gecikirik, onunmu hayıdır. Reklama ha getmirik.
Ana qürur və sanballa yaxınlaşdı:
– A bala, iki aydır mən sənin arvadının qızılını götürmüşəm. Biz atanla o pulu qəpik-qəpik yığdıq. Ən bahalı, böyük karatlı Sibir dəsti aldıq. Amma o nə edir? Qızıl dar günə yardım zinətidir. Onu belə hörmətsiz etməkmi olar. Heç qadının saxlancları da ortalıqdamı, ayaq altındamı olar? Yox bala, belə arvad ola bilməzsən. Saxlancın olsun, evində örtüyün olsun, onu özündən başqa kimsə bilməsin.
İki aydır sənin xəbərin yox ki, bir ev qiymətində olan zinətin itib. Bu axırıncı səhvin olsun.
Gəlin tənqiddən başını aşağı saldı, əmioğlu gözünü qıyıb tənəli gülümsəyirdi, mənimsə sevincimin həddi-hüdudu yox idi, axı böyük bir yük altdan çıxmışdım. Günlərdir çəkdiyim əzabın müqayisəsi yox idi.
Məktəbli ikən eşitdiyim o ibrət dərsini bugünkü dərk edəcək səviyyədə olmasam da illər sonra yaddaşımı vərəqlədikcə necə ağıllı, danəndə məsləhət olduğunu dərk etdim.
Bizim böyüklərin təcrübələrinə arxalanası o qədər belə ibrətamiz əhvalatlar var ki.
Esmira ƏLƏKBƏRLİ