Bərəkətli olsun!
Yəqin bu ifadəni hamımız eşitmişik və dəfələrlə demişik – hikmətini fərqinə varmadan adi dua kimi... Sən demə, bu bərəkət arxasında necə böyük hikmət varmış.
Mən ailələr tanıyıram, evə neçə yerdən gəlir gəlir, amma maddi ehtiyac içindədilər. Ailələr tanıyıram ki, cüzi gəlirlə çox sıradan dolana bilir. Həə, bütün bunların fövqündə dayanan bir qüvvə nələr demir...
Eşitdiklərim, oxuduqlarım, gördüklərimin məntiqi nəticəsi olaraq anladım ki, bizdən asılı olmayan bir idarəedicilik olmazı olar, oları olmaz edirmiş. İstəyirəm düşündüklərimi həyatı təcrübələrlə əsaslandırım.
Yəqin hamımız bilirik ki, canavar itlərlə eyni fizioloji xüsusiyyətlərə malikdir. Canavar da it kimi küçükləyir: ildə 2-3 dəfə 6-8 bala verə bilər. Canavarın balası heç kimə lazım deyil, mənimsənilmir, ovlanmır. Çoxdan “Qırmızı kitab”a düşüb, heç qorunmaq üçün də ovlanmır. Bəli, “Qırmızı kitab”a düşüb, çünki nəsli kəsilmək üzrədir, özü də parçalayıcı, vəhşi təbiət nümayəndəsidir.
İndi gələk qoyuna. Hansı ki, ildə bir və ya iki dəfə bala verir, əksər halda tək, istisna hallarda ekiz. Biz şərqlilər sevirik yağlı ət yeməklərini, o cümlədən kababları. Bunu nədən hazırlayırıq – əksər hallarda qoyun, quzu ətlərindən. Hələ qurbanları, niyyətləri də nəzərə alsaq, görün hər gün nə qədər qoyun-quzu kəsilir. İldə bir, lap olsun iki bala verməklə bu qədər tələbat ödənirsə, bəs demək olar ki, çöldə, düzdə, meşədə, hətta kənd ətraflarında belə məskunlaşan, küçükləyən və mənimsənilməyən canavar niyə dünyanı tutmur, qoyun isə azlığıyla bu qədər tələbat ödəyir?..
Həə, bax, dediyim bərəkət buymuş. Sən demə, qoyunun özüylə birlikdə bərəkəti də doğulur, amma it-qurd bərəkətsiz doğulur.
Belə insanlar da var: bərəkətli qazancı var; adam da var yellə gəlir, sellə gedir. Mənim məntiqi nəticəm mənə dedi ki, bərəkət verilmir, alınır. Bəlkə deyək kökündə halallıq var. Hə, bu da var.
Nənələr belə söyləyirdilər ki, bir gün zərgərlə arvadının mübahisəsi düşür. Kişi deyi ki, bütün bu qazancı mən qazanıram. Arvad isə deyir: Burada mənim də əməyin var. Kişi hirslənir: Sən evdə oturub neyləyirsən ki?.. Qadın sözünü kəsir və sabahdan adət tərbiyəsinə əks olaraq süd satanla nazlı danışdı, baqqala getdi çox danışdı, qonşuya getdi yalan danışdı, evdə oturdu nahaq danışdı... beləcə haqsız, mizansız, vicdansız bir həftə yaşadı. İşdən qanıqara gələn ər bikef-bikef deyindi: Belə də iş olar? Bir həftədir heç iş getmir. Çörəkpulu da çıxmır, mayadan xərcləyirəm. Arvad güldü: Bəs deyirdin sənin əməyin yoxdu?..
Kişinin təəccüblü baxışına bir həftənin nahaqqını, haramını anlatdı... Bax beləcə ər əmin oldu ki, ruzini, bərəkəti kişi tək qazanmır, ailənin birgə halallığı o bərəkəti yaradır.
Bəli, bərəkət verilmir, alınır. Öz təcrübəmdən gələn onlarla nümunə deyərəm. Halallığın açdığı qapılar, keçdiyi sədlər danılmazdır. Desəm halal adamlar tanıyırsınızmı? Deməyin tanıyıram. Bizim gördüyümüz görünən tərəfdir, görünməzi HAQQ bilir. Bu, mənim qənaətimdir, çünki bəzi “niyə”, “nədən oldu” suallarını araşdırarkən nəticəni əməldə gördüm. O əməllər yaratdı bərəkəti.
Həyatda heç nə səbəbsiz deyil, qazancımız nəticəmizdir. Hər acımızda dönüb geri baxsaq səbəbi tapa bilərik. Əgər baxa və nəticə çıxara bilsək. Təbiət də halallıqdan aldığımız BƏRƏKƏT yolumuzu işıqlandırır.
Allah bərəkətimizi versin demirəm, bəndə halalını – vicdanını itirməsin ki, bərəkətli ömür yaşasın.
Esmira ƏLƏKBƏRLİ