Mağazada işləməyə başlayandan sonra öyrəndim ki, hər ayın iyirmisi sosial yardım günü imiş. Daha doğrusu yardım üçün nəzərdə tutulan məbləğin kartlara köçürüldüyü gün imiş. İlk iş ayımda ayın iyirmisi işdən yalnız yarım saatlıq icazə almaq istəyirdim və bunu bir gün əvvəlcədən bildirmişdim. Dükanda mənə sabah sosial günü olduğu üçün bunun mümkün olmadığını demişdilər. Həmin gün bunun nə mənaya gəldiyini bilmirdim, amma sabahısı gün öyrəndim.

 

Deməli, sosial yardım günü, yəni ayın iyirmisində yardım üçün nəzərdə tutulmuş məbləğ kartlara köçürülən kimi və ya kartdan çıxarıldıqdan sonra insanlar nəfəslərini qida mağazalarında dərirlər. O dərəcə alış-veriş olur ki, işçilərin yediyi yemək mədəsinə çatmamış həzm olunur. Kassa qabağında növbənin ucu-bucağı olmur. İnsanlarda elə fikir yaranıb ki, həmin məbləği elə həmin gün xərcləmək lazımdır. Buna görə də lazımlı-lazımsız hər şey alırlar.

 

İndi, ola bilsin, bəziləri fikirləşsin ki, bu məsələyə toxunmaqda məqsədim nədir. Deməli, sosial yardım almamışdan qabaq bir sıra proseduru yerinə yetirmək lazımdır. Daha doğrusu, həqiqətən bu yardıma ehtiyacları olduğunu təsdiq etmək üçün dövlət müəyyən yoxlanış edib apardığı qeydlər nəticəsində məbləğin miqdarını müəyyən etməlidir. Daha sonra həmin şəxsin, hansı ki, yardım almaq üçün müraciət edib, lazımi sənədləri qaydaya salınır, pulun köçürülməsi üçün bank hesabı açılır. Amma işlər bütün bununla yekunlaşmır. Yardım alan şəxsin iqtisadi vəziyyətinin az da olsa yaxşılaşması zamanı aldığı yardımın kəsilməsi halı da baş verə bilər, bu şərtlə ki, fiziki və ya əqli qüsurlu olmasın. Bax bu sonuncu cümlədə mənim diqqət mərkəzinə çəkmək istədiyim məsələ başlayır.

 

Sosial yardım almaq istəyən şəxs, əgər hər hansı bir əlilliyi yoxdursa, o təqdirdə yardım ala bilər ki, evi, işi, maşını və s. olmasın və ya çox uşaqlı ailə olsun. Elə buna görə də bəzi insanlar (bunların əksəriyyəti bizim millətin nümayəndələridir) nə ev almaq istəyirlər, nə də hər hansı bir işdə işləyirlər. Hələ əksəriyyəti pulun miqdarı artsın deyə dünyaya çoxlu uşaq gətirir. Eləsi də var, evini, maşınını başqasının adına keçirib yardım üçün dövlətə müraciət edir ki, mənim ehtiyacım var. Bəzən də həmin işlə məşğul olan dövlət nümayəndəsi öz qohumuna daydaylıq edərək saxta sənəd hazırlayır. Yəni uzun sözün qısası, hamı həqiqətən ehtiyacı olduğu üçün yardım almır. O ehtiyacı olmayanlar həqiqətən ehtiyacı olanların haqqına girirlər. Özünüz fikirləşin, hər dövlətin büdcəsi məhduddur və buna görə də sosial yardım verərkən məbləği də məhdud şəkildə ödəyir və ola bilsin, bu məbləğ heç həqiqətən ehtiyacı olan şəxslərin tələblərini ödəmir, onlar üçün yetərli deyil. Bax budur haqqa girmək. Bəlkə o saxtakarlıq olmasa məbləğin miqdarı bir az artıq olardı.

 

Bu saxtakarlar hələ bir qorxurlar, hər addımlarını tərəddüdlə atırlar ki, birdən yardımları kəsilər. Ölkə xaricinə çıxmırlar, evlərinə hər hansı bir avadanlıq almırlar ki, yardım kəsiləcək. Çünki onlar özləri də yaxşı bilirlər hər şeyin saxta olduğunu. Buna görə də pulu təkcə mağazalarda xırda-xuruşa xərcləyirlər. Əslində bunların tək səbəbi onların müftə yeməyə alışıb tənbəlləşmələridir. Bəzi insanlar işləmədən, əziyyət, zəhmət çəkmədən pul qazanmaq istəyirlər. Bunun da yollarından biri, bax, bu yardım məsələsidir. Onlar sırf müftə pul üçün öz həyatlarını yaxşı vəziyyətə gətirmirlər. Eləsi var heç paltaryuyan maşın belə almayıb, paltarları əli ilə yuyur. Səbəbi – yardım kəsilməsin. Pul daha şirindir. Həmin insanlar bəlkə şəraitlərini yaxşılaşdırmaq üçün çalışsalar sosial yardımdan daha çox məbləğ qazanarlar. Amma yuxarıda da dediyim kimi, bu adamların həyatının zəhmətlə birləşməsi boş çoxluqdur. Danışdırsan hamısı ölkə iqtisadiyyatından şikayətçidir. Di gəl ki, heç biri onu canlandırmaq üçün çalışmır, əksinə, “donuzdan bir tük də qoparsan qənimətdir” deyib parazit həyat tərzi keçirirlər. Bu səbəbdən də kölgədə qalırlar, ağ günə çıxa bilmirlər. Mən demirəm yardım almaq ayıbdır. Çatdırmaq istədiyim budur ki, kiminsə haqqına girmədən, həqiqətən ehtiyacın olduğu halda, öz vəziyyətini düzəldənə qədər yardımdan yararlanmaq olar. Yoxsa, sən əli-ayağı sağlam, əqli problemsiz adamsansa niyə saxtakarlıq edirsən. Heç nə demirəm, Allah hamınızın yardımını kəssin!

Çiyalə OSMANOVA