Hər bir ölkənin gerbi, bayrağı, dili fərqli olduğu kimi insanların da həyata baxışı, geyim tərzi müxtəlifdir. Biz gənclərin düşüncələri də belədir. Bizim hər bir davranışımız bir-birindən çox fərqlənir. Əlbəttə ki, hər kəs üçün öz fikri, düşüncəsi daha önəmlidir. Amma biz gənclər yaşlı nəslin geyim tərzini, davranışlarını bəyənmirik. Həmçinin yaşlı nəsil də biz gənclərin fikirlərini öz yaşadıqları zəmanəyə görə dəyərləndirirlər. Amma dəyişən tək biz deyilik. Həftələr, aylar, illər keçdikcə hər şey dəyişir. Hər gün yeni bir şey inkişaf edir. Yeni model maşınlar, telefonlar, yeni geyim tərzləri yaradılır. Bir sözlə, insan yaşadığı mühitdə dəyişikliklər baş verdiyi üçün dəyişir.

 

Günümüzdə ən dəbdə olan geyimlər boş geyimlər, cırıq şalvarlar, gödək libaslar və s. geyimlərdir. Bu geyimləri bəzilərimiz çox sevərək, özümü rahat hiss etdiyimiz üçün geyinirik. Düzdür, bəzilərimiz sırf dəbdə olduğu üçün geyinir. Yəni bu bizim öz istəyimizdən asılıdır. Əgər istəməsək geyinmərik və bu dəbdə olan geyimlərin hər biri biz geyindiyimiz üçün dəbdədir. Məsələ təkcə geyimdə deyil. İstər telefon, istərsə də maşın olsun, fərq etmir. Nəticədə onları dəbli göstərən onun istifadəçiləri – biz insanlarıq.

 

Nənəm, babam həmişə deyirlər: “Bizim zamanımızda belə deyildi. Zamana çox dəyişib. Bizə anamız, atamız nə alırdılar, onu da geyinirdik. Heç bir söz deyə bilmirdik. Amma indi uşaq nə deyir, o da olur”. Bəzən nənə-babamın fikirlərinə qatılıram. Çünki çox vaxt biz gənclər xoşumuza gəlməyən, sırf dəbdə olduğu üçün aldığımız, aldırdığımız geyimlərin çoxunu geyinmirik də.

 

Qrup yoldaşlarımla gəzmək üçün planlar etmişdik. Biz az gəzdikdən sonra yeni açılmış mağazanı gördükdə maraqlanıb göz gəzdirmək üçün ora girdik. Hər şey çox gözəl, ən dəbdə olan bahalı geyimlər var idi. Hər şey çox möhtəşəm, rəngarəng görünsə də, diqqətimizi o geyimlərdən çox mağazadakı qızın anası ilə mübahisəsi çəkdi. Qızı biz universitetdən tanıyırdıq. Yaxınlaşıb salam vermək istədik. Amma anası ilə mübahisəsini gördükdə yaxınlaşa bilmədik. O artıq ali təhsil alır, deməli nələrisə dərk edə bilir. Ən azından biz belə düşünürdük. Və belə hərəkət edəcəyi heç ağlımıza belə gəlməzdi. Belə ki, qız vitrində gördüyü libası istəyirdi. Amma anası qızının xasiyyətini bildiyi üçün almamaqda qərarlı idi. Hər zaman qızı belə hərəkət edirmiş. Hər yeni satışa çıxan geyimləri alır, amma heç birini geyinmir. Çünki o, klassik geyimləri daha çox sevir. Onun geyiminə baxdıqda da bu, aydın görünürdü. O libası almaqda məqsədi isə ən yaxın rəfiqəsinin bu mağazanın yeni açıldığını və orada gördüyü həmin libası çox bəyəndiyini, onu alacağını deməsi olub. Yəni rəfiqəsi almasın deyə o qədər pulu boşu-boşuna xərclətmək üçün anasına demədiyi söz qalmadı: “Sən məni sevmirsən, məni övladlıq götürübsən, ona görə almırsan. Sənin kimi ana olmaqdansa heç olmasın. Bir libası almağa belə gücün çatmırsa, nə üçün yaşayırsan?! Get öl!” Anasına bu kimi qəlb qırıcı sözlər dedi.

 

Bir libas üçün dəyərmi qəlb qırmağa? Məncə, o yetkinlik yaşına çatmış olmasına baxmayaraq yenə də heç nəyi dərk edə bilmir. Əgər dərk etsəydi ki, mən düz etmirəm, o mənim ən yaxın rəfiqəmdir, axı mən necə ona inad, o almasın deyə gedib həmin libası almalıyam. Ən əsası da anasına belə davranması...

 

Atalarımızın da dediyi kimi: “Nə əkərsən, onu da biçərsən”. Sabah o da ana olacaq, o zaman uşağı onunla o bu gün anası ilə davrandığı kimi davransa, nə edəcək. Bəlkə də elə onda peşman olacaq. Amma gec olacaq. Nə olsun ki, anasıdır. Ana da can deyilmi. Anam hər zaman mənə belə deyir: “Çalış heç kimin qəlbini qırma. Sonra hər şey göründüyü kimi olan deyil. Məsələn, stəkanı əlindən yerə saldın və qırıldı. Gətirib hər bir parçasını birləşdirdin. Baxanda görürsən heç nə bilinmir, əvvəlki kimi görsənir. Amma o stəkana su tökdükdə  görürsən, artıq əvvəlki kimi deyil”.

 

Mən hər zaman çalışıram ki, anamın dediyi kimi, qəlb qırmayım, sonradan peşman olmayım. Çalışıram ki, mən də mağazadakı qız kimi bir libas və ya belə şeylər üçün qəlb qırmayım. Ən əsası da, valideynlərimə qarşı davranışlarımı, əslində kim olduğumu unutmayım. Hər şeyi gec olmamış zamanında etmək lazımdır. Axı sonrakı peşmançılıq fayda verməz.

 

Müəllif: Validə Fətullayeva