Bütün dünya inkişaf etsə də bizim cəmiyyət hələ də müasirlikdən xəbərsizdir. Bir söz deyən kimi o dəqiqə başlayırlar: “Neçənci əsrdə yaşayırıq, müasir insanlarıq”. Amma sözün əsl mənasına gəldikdə, müasirlik nədir, mən müasir insanammı suallarını özlərinə vermirlər. Müasirliyi tək geyimdə, böyüklərə qarşı münasibətdə, texnologiyalarda, robotlarda və sairə və ilaxırda görürlər. Artıq “müasirlik” sözü köhnə dünyagörüşlü insanların dilindən düşməyən söz halına gəlibdir.
Ötən günlərdə baş verən bir mübahisə haqqında danışmaq istəyirəm. Səhər tezdən universitetə gedərkən avtobusu orta yaşlı bir qadın və nənə dayandırdı. Amma avtobusda sadəcə bir nəfərlik yer var idi. Qadın dedi ayaq üstdə duracam. Qadını tanıyan qız qalxıb yerini ona verdi. Aralarında belə bir dialoq oldu:
– Biy, ay bala, sən filankəsin qızı deyilsənmi?
– Hə, xala.
– Hara gedirsən, ay bala, belə tezdən? O gün sənin şəklini gördüm, kimsə yenə paylaşmışdı.
– Dərsə gedirəm. Hə, universitetlə əlaqəli tədbir var idi, ora qatılmışdım.
– Oxu, bala, yaxşı edirsən, oxumaq yaxşı şeydir...
Çox vaxt eşitdiyimiz cümlələr idi. Qız avtobusdan düşənə kimi hər şey normal qaydasında idi. Amma işin qəribə tərəfi isə ondadır ki, qız avtobusdan düşən kimi qadın başladı yanındakı nənə ilə danışmağa:
– Elə yaxşı uşaqdı. Amma ata-anası hara baxır, bilmirəm. Bütün günü internetdə bunun şəkillərini paylaşırlar (Tədbirlərdə çəkilən şəkillərdən söhbət gedir). Heç ata olan filankəssə demir ki, ay bala, sabah, biri gün ailə həyatı quracaqsan, ayıb deyilmi sənin şəkillərini paylaşırlar...
Başa düşə bilmirəm bu necə düşüncə tərzidir. Sanki pis bir iş görüb. Xaricdə insanlar Marsda yaşamağın xəyalını qurur, bizimkilər isə yenə də onun-bunun həyatı ilə maraqlanıb, ikiüzlülük etməyə davam edirlər. Hər kəs öz həyatı ilə maraqlanıb, öz ailəsinə daha çox vaxt ayırsa dünya daha çox gözəlləşəcəkdir. Amma deyəndə ki, uşaqlarınıza bir az vaxt ayırıb məşğul olmalısınız, həmin dəqiqə “boş vaxtımmı var, işləyirəm” deyirlər. Başqalarının həyatına burunlarını soxmaqdan boş vaxtları olmaz, əlbəttə.
Biz müasir deyilik, belə düşüncə tərzi olan insanlar müasir deyil. Amma müasir sözünü tez-tez istifadə etməyi sevirik. Müasir sözünü tez-tez demək əvəzinə, müasir olmağa çalışsaq daha gözəl olmazmı?
Məsələn, müəllim və yaxud universitet bitirən şəxslər haqqında danışarkən “çox müasir qadındı, kişidi” deyirlər. Onda bizdə sual yaranır: hər oxumuş insan müasir ola bilərmi? – Əlbəttə, xeyr! Elə müəllimlər, elə həkimlər, biznes sahibləri var onlarla oturub söhbət etdikdə öz-özünə başlayırsan deyinməyə: “Müəllimə bax, danışdıqları sözə bax. Çoxlarımız da bundan örnək götürürük”...
Bu yaxınlarda universitetdən qayıdarkən sevimli müəllimlərimdən biri ilə rastlaşdım və yol boyu söhbət etdik. Əvvəlcə hər şey normal qaydada gedirdi, sonrası mənimçün ürəkaçan olmadı. Bəlkə də belə düşünməyimə səbəb ilk dəfə bir müəllimdən belə sözlər eşitməyimdir. Çünki biz müəllimlərdən hər zaman OXUYUN sözünü eşitmişik. Mənə dediyi sözlər hələ də, necə deyirlər, nöqtəsinə, vergülünə kimi yadımdan çıxmayıb: “Qızım, nə vaxt getməyi fikirləşirsən. Daha universitetə də qəbul oldun. Evdəkilər də yazıqdı. Nişanlan, bir az da onlar çəksin xərcini”. Əvvəlcə səhv eşitdiyimi düşündüm. Çünki heç gözləmədiyim insandan eşitdiyim söz idi. Sonra yenə eyni cümləni təkrar etdi. Həmin dəqiqə heç nə deyə bilmədim. Dedim, bəlkə mən nəyisə səhv başa düşürəm. Bəlkə yaxşı mənada bir şey deməyə çalışıb. Sanki bütün sözlər ağlımdan silinmişdi...
Son vaxtlar çoxlarının düşüncəsi ilə razılaşmaq fobiyam halına gəlibdir. Bilmirəm bu mənim problemimdir, yoxsa hələ də köhnə düşüncəli insanların dəyişməməsidir. Belə bir cümlə oxumuşdum, tam dərk edə bilməmişdim, amma bu olanlardan sonra bunu yazan şəxsin nə demək istədiyini başa düşdüm: “Bəziləri nə yeyirlər, nə də yedizdirirlər”. Əgər parlaq gələcək, müasir cəmiyyət istəyiriksə, digərlərinin yolunda qaya olmayaq!
Validə FƏTULLAYEVA