Azər bəyin yazısı məni çox təsirləndirdi. Sanki bütün gənclərin keçdiyi yolun aksiomasıdır. Aksioma isbat olunmayan teoremdir. Bu da o demək ki, çarəsiz bir iş... olub, olur, olacaq.

 

Mən Esmira Ələkbərli (Esra Borçalı) 3-cü sinifdən yazıram. İlk yazım 7-ci sinifdə “Axali Marneuli” qəzetində çap olunmuşdu. Onda “Dan Ulduzu” adlanan səhifə vardı. Ən kiçik yazar idim. Heç əlimdən tutub nəyin düz, nəyin səhv olduğunu deyən olmadı. Nə öyrəndim özüm öyrəndim. Yadımdadır, o vaxt məşhur olan “Gənclik” jurnalından Məmməd İsmayılın adından mənə məktub gəlmişdi.

 

Yazmışdılar ki, yaşınıza görə çox istedadlısınız, təsvirinizin bədii dəyəri mükəmməldir, amma uşaq mətbuatı sizə daha uyğundur. Bu hissə yadımdadır, poçtalyon məktubu məktəbə gətirdi, məktub böyük məktəb kollektivinin əlində gəzdi... Gözlədim məni tərifləyəcəklər, alqışlayacaqlar, tanınmış şair, tanınmış jurnal mənə rəy yollayıb. Bilirsiniz nə oldu? Bilmirəm öz aralarında nə danışdılar... Valideynimə demişdilər ki, qızın uşaq şeyləri yazmır, onu qoymayın çox kitab-zad oxusun. Beləcə nöqtəyə doğru getdim, anamın təkidiylə ədəbiyyatdan uzaqlaşıb tibbə yönəldim.

 

Yazdıqlarımı da gah gizlətdim, gah atdım, çünki həmişə bilirdim ki, yaxşı deyən olmayacaq. Əgər bu günə qədər yazılarımı toplasaydım külliyyat olardı. Bəzən həyatın elə zərbələri olur ki, heç nə sənə maraqlı olmur, o da qala, onsuz da çoxları üçün cızma-qara olan mənəvi paylaşım. Bu başqa mövzudur. Demək istəyirəm ki, uşaqlıqda o zərbələrlə böyüdüm, kimsə layiqincə qiymətləndirmədi. Düzü, mənə onların rəyi önəmli olmayıb deyə fərqində də olmamışam. Əsas sözüm odur ki, qiymətləndirməyi bacaran insanlar deyirlər ki, mənim qələmim qəlbə yatımlı, sadə və içdəndir... Səbəb bilirsiz nədir? Çünki yaza-yaza püxtələşdim. Yəni mən məktəbdə, universitetdə beləmi yazırdım? Yox. Yaşadıqca həyat təcrübəsi dəyərlilik yaratdı.

 

Demək istəyirəm ki, tarixdə həmişə atalar və oğullar problemi olub. Bu, tək taxt-tac davasıyla bitmir, ailədə söz keçərliyimiz cəmiyyətə varıb. Böyüklər həmişə bizi uşaq sandılar və deyəsən uşaqlar da böyüyüb acığını növbəti uşaqlardan, gənclərdən çıxdılar. Necə deyərlər, həyatın həndəsi silsiləsi...

 

İşə götürməyə hamı staj istəyir, ancaq heç kim düşünmür ki, işləməliyəm ki, stajım olsun. Heç vaxt təzə işə başlayan həkim, mühəndis, usta, lap elə katibə belə işinin öhdəsindən “böyüklərin” istədikləri mükəmməl şəkildə gələ bilməz. Bunun üçün illərin təcrübəsi gərəkdir.

 

Birinci kursda oxuyurdum. Azərbaycan Yazıçılar İttifaqında gənclərin yığıncağı vardı. Bakıda qonşumuz olan gənc bir yazar ailəsi (onda gənc nəsil sayılırdı, indi Azərbaycan ədəbiyyatında yaxşı tanınırlar) məni də o məclisə dəvət etdi. Mən tələbə yoldaşımla getdim. Orada şeirlər dinləndi, müzakirə olundu. Müxtəlif universitetlərdən, ədəbi-bədii sahədən xeyli gənclər vardı. Mən də orada “Kəndimiz” şeirimi dedim. Düzü, çox təriflədilər ki, ilk baxışda adı adi gəldi, amma gözümüz önündə bir film yarandı. O şeiri birinci kursda yazmışdım. Sonra dedilər filan qəzetdə, filan jurnalda getməlidir. Yəqin sonra da gənc, təcrübəsiz, birinci kurs uşağının yazısı kiməsə maraqlı olmadı, amma indi o şeiri çox yerdə həqiqətən film şeiri kimi tərifləyirlər. 40 yaşdan sonra o tərif mənə lazım deyil, çünki artıq öz ayağım üstündəyəm, kimlərinsə fikri lazım deyil, özüm analiz edə bilirəm. Əgər mənə o yaşda layiqli qiymət verib dəyərləndirsəydilər, bəlkə də yüzlərlə yazılarım itib batmazdı, doğrudan da külliyyat olardı.

 

Mən indi başa düşürəm o saray şairlərini. Nizamini Nizami edən nə və kim oldu? Əlbəttə, mühit və qiymətləndirmə. Yoxsa, Zəkinin nəvəsi, Yusifin oğlu, Məhəmmədin atası İlyas kimi yaşayıb gedərdi, necə ki, Həsənoğlu bir şeirlə gəlib bu günə çatdı. Nizami yazılana görə saray şairi olmayıb, amma yazılarına elə qonorarlar alırdı ki, onun nə maddi ehtiyacı vardı, nə də mənəvi. Çünki mənəvi qiymətlənirdi, əlbəttə, söhbət ithaf etdiyi poemalardan aldığı gəlirdən, kəndlərdən getmir. Yəni Nizamilər yazanda heç zəif yazmadımı, elə hamısı bu qədər dahiyanə idimi? Əlbəttə, yox. Zaman püxtələşdirdi. Məşhur bir deyim, lətifə var ki, bir gənc tanınmış bir şairə şeir aparır. Dinləyib deyir ki, bala, bunu saxla, məşhur olanda gətirərsən.

 

Sovet vaxtı yazıçıların yaradıcılıq evi vardı, kitabları dövlət çap edib zamanına görə də böyük qonorar verərmiş, elə yazıçı olmağa nə vardı ki. Yoxsa deyirlər, filan qədər xərc lazım ki, kitab çap etdirəsən, ən pisi də öz kitabını satmaq məcburiyyətində qalasan. Bax beləcə adam sınır, yazmaq istəmirsən, yazdlqlarını da özündən başqa dəyər verən olmayacaq deyə “itirib-batırırsan”.

 

Onu demək istəyirəm ki, nolar ki, gənclərə yaşına uyğun dəyər verilə, təcrübəsiz kimi, çıxdığı yolun enini-uzununu, enişini-yoxuşunu bilməz kimi, hələ nələr edəcəyini görməz kimi, onsuz da zaman onu ələyəcək, xəlbirləyəcək. Təbiətin təbii seçməsi kimi, bacaracaqsa, yaza biləcəksə, seviləcəksə qalacaq. Əks halda mühit onu onsuz da atacaq.

 

Böyüklər motivasiya versə nə gözəl olardı. Anam deyərdi ki, uşağı tərifləməklə əvilləndirməklə, irəli gətirmək olar.

 

Oğlumun bir yazısı getmişdi tanınmış bir saytda. Qorqudun 13 yaşı var, digərləri ondan çox böyük idilər. Seçimdə kimsə yaş faktorunu nəzərə almadı. Həqiqətən qələmi yaxşıdır, amma qırıldı. Nə qədər yönəldirəm, daha yazmır. Hərdən cızma-qarasını görürəm, onu da itirir, eynən anası kimi.

 

Bax buna görə gənclərə, azyaşlılara çox yer verin ki, gələcək üçün püxtələşsinlər. Görərsiniz, xeyli zaman sonra onlar necə gözəl yazacaqlar. İnanın, istedad, zəhmət yoxdursa, zaman özü onları siləcək.

 

İndi mənim ailəmdə fərqlidir. Təcrübədən yararlanıb uşaqlarıma hər şərait yaratmağa çalışıram, təəssüf ki, mühit o mühit deyil, ya bacarmırlar, ya anlamırlar, mütləq qısqanırlar, ən əsası da mane olurlar.

 

Bu problem tək yaradıcılıqda deyil. İstənilən sahədə qısqanclıq, paxıllıq var. Məsələn, mən tibbi-bioloji sahəni bitirdiyimə görə əvvəl Bakı şəhərində tibdə, sonra məktəbdə işlədim. Mən yeni iş günlərini xatırlayanda indi də içimdən acı bir sızıltı keçir. İnanın, bir insan görmədim ki, yaxınlaşıb xoş niyyətlə münasibət quraydı, əzməyə çalışdılar, tənəli baxırdılar, istəmirdilər öyrəndiyin yenilikləri tətbiq edəsən; nə öyrəndilər, nə də istehzadan, kinyədən qaldılar. Düşünmürdülər ki, bizim aramızda illərin yenilikləri var, mən də öyrənim, tətbiq edim, özüm də inkişaf edim. Bu günün təhsilində olan ən böyük problem. Mən müəlliməm, hansısa yeniliyi bilməyəndə utanmadan gənclərdən öyrənirəm, onlara təcrübəsizliyindən irəli gələn işimizdə olacaq, hələ qarşılaşacaqları çox nəzəri, həyati bacarıqları anladıram, yol göstərirəm, bir sözlə, xoş məramlı böyüklük edirəm. Ümid edirəm bir-birimizi anlayırıq. Bəlkə buna görə gənclərlə dostam, yaxşı anlaşıram, bəlkə özüm də gəncləşirəm. Bu anlayışımın səbəbi özümün çəkdiklərim olub. Məktəbimizdə divar qəzeti, məktəb səhifəsi təşkil etmişəm. Şagirdlər yazılar gətirirlər, hansı ki, çap olunmalı səviyyədə deyil. Mən onu qaydaya salıb əvvəl özünə göndərirəm, sonra onun yazısı kimi paylaşıram. İnanın, növbəti dəfə artıq xeyli fərqlənir.

 

Yəni qələmi sındırmaq tək ədəbiyyatda deyil, detektivlər qələmi sındırmağa həyatı dayandırmaq deyirlər. İnsanın ruhən sındırılmağı elə həyatının sınmağı kimi bir şeydir. Zamanında çalınmayan zəng kimi.

 

Bu arada “Yeni Yol” qəzeti, saytı təşkilatçılarına gənclərə, hətta məktəblilərə şərait yartdığına görə öz böyük təşəkkürümü bildirirəm. Yorulmayasınız! Dəyəriniz qiymətsizdir!

 

Esmira ƏLƏKBƏRLİ