İstəyirəm hər şeyə xeyli uzaqdan başlayım. Yox, elə də xeyli deyil, 25-30 il əvvəldən, o əvvəldən ki, ömrümüzün uşaqlıq dönəmi vardı. Özü də böyük hərflərlə. O dövr doğrudan yaşanırdı. Uşaqlıq öz məsumluğu, saflığı ilə...

 

Yadıma gəlir, Novruzun adətlərinin, digər bayramların, xüsusi günlərin necə “məttdi” qeyd olması. İndi uşaqlar bilmirsən forsundanmı, yoxsa ərincəklikdənmi, çox maraqsızdırlar. Bizim dövrun uşaqları əsl uşaq kimi idilər, bir böyüyüb, bir kiçilməmişdilər. Birdən düşünürəm ki, uşaqları uşaqlıq etməyə özümüz qoymuruq. Səbəb: hazırlıq dediyiniz məktəbsonrası məktəb. İnanın, əksər valideynlər uşaqları məcburi hazırlıqlara yönəldir. Özü də, sanki, bu bir öhdəlikdir. Olmalıdır. Sanki hazırlığa getməyən uşaqlara da xalq belə məzəli baxır. Bu, uşaqları yüklədiyimiz birinci ağırlıq, bəs sonra?

 

İnsan anatomiyası yazır ki, hər kəsin ürəyi öz yumruğu boydadır. Deməli, uşaqlarımızın ürəyi öz balaca dumbuzları boydadır. O balaca ürəkdə nələr yoxdur? İnsanın yaşadığı ömrün bütün tutumu qədər uşaqların ürəyində arzulu zaman var.

 

Con Lokk uşaqları ağ kağız adlandırırdı. Dünyaya fərd kimi gələn uşaq yaşadığı ömrün yaşatdıqları ilə  şəxsiyyətə çevrilirlər. Bu zaman ən böyük rolu mühit oynayır.

 

Bəlkə də mənimlə razılaşmayacaqsınız, amma mən bu fərdiyyətdən şəxsiyyətə gedən yolda valideyni əsas götürürəm. Necə ki, ağacların aldığı formada bağbanın istəyi rol alır, əlbəttə, gen başqa istiqamətdə yol alır, amma sonra... Aristotel də deyibmiş ki, şəxsiyyəti mühit formalaşdırır.

 

Uşaq formalaşana qədər valideynin istiqaməti özünü göstərir. Yəqin hamımızın imkanı çatar uşaqları teatra aparmağa; gəzinti zamanı muzeyləri ziyarət etmək, amma bunu neçə valideyn edir. Bəli, məhz neçə? Dünyagörüşü park, bulvar və anttraksionlardan ibarət deyil axı. 13-15 yaşa qədər dünyagörüşü valideynin töhfələri ilə formalaşır. Nəhayət, uşaq özü bütün eşitdikləri, gördükləri və öz təfəkkürü ilə analiz edərək özünü yaradır.

 

İndi təsəvvür edək ki, bu özü yaranana qədər valideyn nə iş görür? Uşağı madiyyətlə təmin etmək, yedirtmək, geyindirmək, “telefon almaq”, istədiyi əyləncələri təşkil etmək valideyn öhdəliyi deyil. Mən belə fikirləşirəm ki, bu gün valideynlər öz işinə çox bəsit yanaşırlar. “Qazanılmış manat” hekayəsini uşaqlıqdan hamımız bilirik. Əli yana-yana ocaqdan qəpikləri yığan gənc öz zəhmətinin qədrini bildi və atıldığı həyatı qiymətləndirməyi bacardı. Ananın “dəymə, uşaqdır uşağım” düşüncəsinə atanın danəndəliyi nöqtə qoydu. Fikir verirsinizmi, ən məşhur adamlar o çətinliklərdən çıxan adamlar olublar. Həyatın bərkinə-boşuna düşən uşaqlar daha mükəmməl olurlar.

 

Valideynlər uşaqları robota çevirirlər. Səhər dərsə, günorta hazırlığa; axşam dərs öyrən... arada qalan boşluq isə uşağın internet dönəminə gedir. Bu, çox səhvdir.

 

Uşaqlar uşaqlığını yaşamırlar. Gəncliyə çatanda dönüb geri baxsalar dərs və hazırlıqlardan başqa heç nə görmürlər. Bu dünyagörüşü ilə hansı şəxsiyyət olar? Kitab oxumaq bir başqa aləmdir, həyat təcrübəsidir, yaşanmış həyatın az zamanda analizidir. Uşaqlar bu analizləri keçmirlər, müzakirələr etmirlər. Maraqlı filmlərə baxmırlar, filmlərdən, bədii əsərlərdən ibrətli nümunə götürmürlər. Bu isə gələcəyə pis nəticədir. İnsanın uşaqlıqda yaşadıqları onu formalaşdırır. Ən böyük əsərlər də, ən böyük kəşflər də uşaqlığın yönümündən asılıdır.

 

Əziz valideynlər, virtual dünyamızın bu keşməkeşində gəlin balalarımızı birlikdə bu mühit burulğanlarından çıxaraq. Əvvəla, zaman ayıraq, onsuz da gələcək zaman özü öz qayğıları ilə onu bizdən uzaqlaşdıracaq. Odur ki, 18 illik zamanı boşa xərcləməyək. O illərdə qazanılanlar sonrakı yaşlara xərclənir. Qazandıqları bizim ona verdiyimiz dünyagörüşüdür, təməldir. Hansı ki, həyatı boyu  bu təməldən bəhrələnəcək. 18-dən sonra istəsək də onları ətrafımıza çəkib yol göstərə bilməyəcəyik. Gəlin uşaqlarımızı uşaq kimi böyüdək. Onların istəkləri ilə, nazlarıyla oynayaq. Böyük pullar xərcləmədən böyük işlər etmək olar; istəyəndə dağa qalxaq, istəyəndə futbol oynayaq. Uşaqları dostluğa, doğruluğa, doğmalığa alışdıraq, bağlılıq aşılayaq, zəhmətə alışdıraq. Dərsini oxusun deyə “ye-oxu-yat” meşşanığına sürükləməyək.

 

Bir də ayılıb görəcəyik, uşaq məktəbi qurtardı, məzun da oldu, ailə də qurdu. Öz qazandığı dünyagörüşü ilə ailəsini idarə edəndə mən səndən hələ doymamışam deyə müdaxilə edə bilməyəcəyik. Uşaqlarımızla uşaqlıqda valideyn olaq, onları yönəldək. Bu, həyatın gərdişidir. Valideyndən aldığımızı yalnız övladlarımıza uşaqlıqda qaytara bilirik. Ona görə nəvəni çox istəyirlər; öz övladlarına verə bilmədiklərini nəvəyə vermək istəyirlər. Gəlin uşaqlarımızı elə böyüdək ki, itirilmiş zamanı nəvə üzərində qaytarmağa çalışmayaq. Uşaqlarımızın uşaqlığını nəvədə axtarmayaq.

 

Müəllif: Esmira Ələkbərli