Biz burnumuz girməyən yerə başımızı soxmaqdan ötrü ölürük. Klaviatura arxasında oturub yetənə yetir, yetməyənə daş atırıq. İstənilən mövzuya girişirik, məsləhət veririk, tənqid edirik, “fikir” bildiririk, qınayırıq, söyürük, tərifləyirik...
Mən başa düşmürəm, axı insan necə hər gün kimlərəsə, nələrəsə “fikir” bildirə, şərh yaza bilər?.. Bu adam yatmırmı, normal insan kimi səhər oyanıb tualetə getmirmi, əl-üzünü yuyub səhər yeməyi yemirmi, qəzetdən-kitabdan oxumurmu, mağazaya getmirmi, yemək hazırlamırmı, nahar etmirmi, şam yeməyi yemirmi, qab yumurmu, paltar ütüləmirmi, çimmirmi, uşaqları ilə məşğul olmurmu, işləmirmi, qonum-qonşu ilə kəlimə kəsmirmi, əlini ağdan-qaraya vurmurmu ki, nə vaxt baxırsan bunun feysbuk profili yaşıl yanır, onlayndır; nə vaxt feysbuka girirsən kiməsə yazdığı şərh qarşına çıxır. Hələ mən instaqramı, tiktoku demirəm. Paralel olaraq orada da onlayn olur. Vallah, billah, qıraqdan baxana doğrudan da elə gəlir ki, bu insanlar yatmırlar, yemirlər-içmirlər, çəkiliblər bir otağa, kompüterin qarşısında və ya telefon əllərində sosial şəbəkələrdə avaralanırlar, ona-buna ağıl verir, fikir bildirir, tənqid edir, söyüş söyürlər...
Yaxşı, başa düşürük, texnologiya dövrüdür, sosial şəbəkələr həyatımızın bir hissəsini təşkil edir, kommunikasiya, informasiya axını və sair və ilaxır... Şərhmi, rəymi yazırsan – yaz, fikirmi bildirirsən – bildir, tənqidmi edirsən – et, tərifləyirsənmi – təriflə, amma heç olmasa burnunu bildiyin, başın çıxdığı, təcrübən olduğu mövzulara sox, day burnun girməyən yerə başını niyə soxursan?! Vallah, billah, kənardan çox pis görsənir. Özünü klaviatura arxasında ağıllı göstərə bilərsən ey, amma tanıyanlar onsuz da bilirlər axı içinin otunu-suyunu, nə yuvanın quşu olduğunu.
Adamlar var sosial şəbəkələrdə hamıya mənəviyyat dərsi keçir, dindən-dondan danışır, amma özü mənəviyyatsızın yekəsidir, özü dinin “d”sına belə əməl etmir. Adamlar var gecə-gündüz milli dəyərlərdən, vətənin hər qarışının müqəddəsliyindən yazmaqdan barmaqları qabar olub, niyəsə gecə-gündüz mənsubu olduğu eyni millətin nümayəndələrinə milli kimliyini sübut etməyə çalışır, amma ortada pul, qazanc, şəxsi mənafe olduqda dönüb olur kosmopolit, gəzməyə qürbət ölkə yaxşı olur. Adamlar var dilimizin “keşiyini çəkir”, başqalarının yazılarında ərəb, rus sözlərini axtarıb tapır, irad tutur, milli təhsili tərifləyir, uşaqlarını qeyri-azərbaycandilli məktəblərə qoyanları qınayır, amma özü uşaqları ilə evdə rusca danışır, uşaqlarını xarici dilli məktəblərə qoyur, ali təhsil almaları üçün Avropaya, Amerikaya göndərir və sair. Siyahını artırmaq da olar. O ki deyirlər ha, kimin nəyi çatışmır daha çox ondan danışır, əcəb edib deyirlər. O danışanları yaxından tanıyanda, kulisarxasına baxanda görürsən ki, doğrudan da elə imiş.
Belələri öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarırlar. Mən hələ də başa düşə bilmirəm, bu gecə-gündüz sosial şəbəkələrə buruntaqlanmış qızların, oğlanların, kişilərin, qadınların, ağsaqqalların, ağbirçəklərin həqiqətənmi başqa işləri-gücləri yoxdur. Bu qədər boş vaxt onlarda haradandır axı?..
Burnunun girmədiyi yerə başını soxanlar, öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaranlar sosial şəbəkələrin olmadığı zamanlarda da var idi. Amma day bu qədər də deyildi. Qohumda, qonşuda bir-ikisinə rast gəlirdin, ayaqüstü yola verirdin gedirdi. İndi, Allah göstərməsin, internet vasitəsilə adamın düz yataq otağına, mətbəxinə, hamamına, iş yerinə, istirahət etdiyi yerə qədər doluşublar, sayları artıb. Əllərinin altında klaviatura və ya smartfon startda durub güdürlər ki, görək kim nə yazacaq, kim necə şəkil paylaşacaq – şərh yazaq, məsləhət verək, tənqid edək, “fikir” bildirək, qınayaq, rişxənd edək, gülək, ələ salaq, tərifləyək, söyək, linç edək... Vallah, bu sosial şəbəkəni lap sosial şəbədəyə çeviriblər.
Azər MUSAOĞLU