Deyəsən, “texnologiyanın sürətli inkişafı” bizlərə aid deyil. Düzdür, ən son çıxan telefonu, planşeti, kompüteri və s. əldə etmək imkanımız olsa da; ən son çıxan telefonu, planşeti, kompüteri baha-baha birinci biz alsaq da, yenə də ən son çıxan telefonu, planşeti, kompüteri elə sonda, yəni qiymətləri düşəndə alanlardan geridə qalırıq ki, qalırıq.

 

İstəyirsən cibində iki ədəd ayfon 17 pro maks gəzdir, əgər o ayfon 17 pro maksla mesaj yazanda, status yazanda bir sadə cümlədə 17 pro maksimum dəfə səhv edirsənsə, telefonun bircə zəng edib-zənglərə cavab verməkdən və yediyin yeməklərin şəklini çəkib vatsap statusunda paylaşmaqdan başqa bir zada yaramırsa, adi imeyl göndərə bilmirsənsə, niyə bu qədər xərcə düşürsən ki? Kimdən irəlidə olmaq istəyirsən? Yaxşısı budur, xərcə düşmə, sən onsuz da “texnologiyanın sürətli inkişafı” ilə özünü, həyatını, həyətini, təhsilini, işini paralel inkişaf etdirənlərə çata bilməyəcəksən. Axı sən heç gözümüzə soxduğun ayfon 17 pro maksla imeyl göndərə bilmirsən. Sən, ümumiyyətlə, imeylin nə olduğunu bilmirsən. Gör nəyi qoyub, nəyi danışırıq, ay həzərat...

 

Yaxşı, ən son çıxan telefonu, planşeti, kompüteri, avtomobili alıb imeyl göndərə bilməyənləri başa düşdük, imkan var, pul var, lazım gələr lap adam tutub pulla imeyl göndərtdirərlər. Bəs imeyl göndərə bilməyən müəllimləri, tələbələri, şagirdləri nəyin ayağına yazaq?..

 

Ayıbdır, vallah, ayıbdır! Axı 16 ildir Gürcüstanda orta məktəblərdə birinci sinif şagirdlərinə və müəllimlərə pulsuz kompüterlər (netbuk) verilir. Axı ibtidai siniflərdən etibarən şagirdlərin rəqəmsal savadlılıq dərsləri ilə tanışlığı həyata keçirilir. Bu gün kompüter texnologiyaları fənni 1-ci sinifdən 10-cu sinfə qədər tam məcburi fənn kimi tədris olunur. Bu 10 il ərzində şagird imeyl göndərməyi öyrənə bilmirmi? Bəs bu fənni tədris edən müəllimlər bu 10 ildə şagirdlərə nə öyrədiblər?

 

İndi deyəcəklər yenə müəllimləri günahkar çıxardı. Bəs kimdir müqəssir? Təhsil Nazirliyi bütün şagirdləri və onların müəllimlərini kompüterlərlə təmin edir ki, bu texnologiya dövründə müəllimlər şagirdlərə kompüterdən istifadə etməyi, proqramlarda yazı yazmağı, kitab oxumağı, imeyl göndərməyi öyrətsinlər. Vallah, elə məktəblər var ki, müəllimin özü kompüterdən istifadə edə bilmir. Şagirdlər netbukları ilk dərs günü alıb aparıb evdə tullayırlar, dərsə aparmırlar, müəllim tələb etmir, dərs keçilmir, şagirdlərin əvəzinə valideynləri həmin netbuklarda yutubda seriala-zada baxırlar.

 

Ümumiyyətlə, bizdə bir neçə fənnə ciddi yanaşmırlar. Məsələn, təsviri və tətbiqi sənət, musiqi, şahmat, informasiya və kommunikasiya texnologiyaları. Bizdə bu fənlərin ortaq adı da var artıq: idman dərsi. Təsviri və tətbiqi sənət dərsidir – “uşaqlar, topu götürün gedin stadiona”. Musiqi dərsidir – “uşaqlar gedin stadionda top oynayın”. Şahmat dərsidir – “uşaqlar, gedin stadiona”. İnformasiya və kommunikasiya texnologiyaları dərsidir – “lap yaxşı, uşaqlar, stadiona və ya idman zalına!”

 

Bu fənlərə məktəblərdə ciddi yanaşılmadığına görə, tədris olunmadığına görə və ya ötəri, “quş qoymaq” xətrinə (üstündən) keçildiyinə görə şagirdlər də ciddi yanaşmırlar, valideynlər də ciddi yanaşmırlar və bu düşüncə artıq illərdir nəsildən-nəslə ötürülür – mən şagird olanda da belə idi, bu gün də belədir.

 

Əslində isə, məsələnin nə qədər ciddi olduğunu, bu fənlərin uşaqların gələcək həyatlarında nə qədər vacib olduğunu, onların zövqlərinin formalaşmasında, mədəniləşməsində, dünyagörüşlərinin genişlənməsində və zamanla şüurlu olaraq ayaqlaşmağı bacarmasında böyük rolunun olduğunu dərk etmirik.

 

Hörmətli müəllimlər, şagirdlərin biliyini şikəst etməyin, bütün fənlərə ciddi yanaşın və necə lazımdırsa elə də tədris edin, onlara texnologiyalarla işləməyi öyrədin, “word” proqramında yazı yazmağı öyrədin, yazdıqlarını imeyl vasitəsilə göndərməyi öyrədin; 9-10-cu sinif şagirdləri bilmirlər imeyl nədir, yazı imeyllə necə göndərilir; bilmirsinizsə özünüz də öyrənin. Ayfon 17 pro maksı cibində nənəm də gəzdirər. İmeyl göndərə bilən nəsil yetişdirin. Görünür bizdə texnologiyanın sürətli inkişafı yox, surətli inkişafı gedir. Ayıbdır, vallah, ayıbdır!

 

Azər Musaoğlu