Müəllimlər və müəllim olmaq istəyənlər fənn imtahanlarına hazırlaşırlar. Təbii ki, onlar arasında imtahanı ilk dəfə verənlər və təcrübəsi olmayanlar da var.

 

Müəllim kompetensiyasını yüksəltmək üçün imtahana gedirsinizsə ilk növbədə nəyi nəzərə almalısınız? Vacib olan nədir və nəyə daha çox vaxt sərf etməlisiniz?

 

İmtahan günü ən mühüm olan imtahan mərkəzinə vaxtında getməkdir, çünki qeydiyyat başa çatdıqdan sonra imtahana heç kim buraxılmır.

 

İmtahanın günü və saatı sizin imtahan kartınızda qeyd olunacaq. Əksər hallarda aplikantlar imtahan gününü və saatını səhv salırlar. Ona görə də, yaxşı olar ki, əvvəlcədən kartda yazılmış məlumatla diqqətlə tanış olasınız.

 

İmtahana gedəndə şəxsiyyət vəsiqənizi və imtahan kartınızı özünüzlə götürün. Çünki imtahana girmək üçün onları təqdim etmək vacib şərtdir.

 

Əgər imtahan mərkəzinə girənə kimi köməkçi material və ya lüğətə baxsanız, həmin əşyaları qeydiyyat zamanı özünüz təhvil verin. Həmçinin imtahan ərazisinə mobil telefon, kalkulyator, başqa elektron cihazlar və ya saat aparmayın. Çünki onların, hətta, söndürülmüş vəziyyətdə belə aşkarlanması halında imtahandan uzaqlaşdırılacaqsınız.

 

Kurator qaydaları izah edən zaman diqqətlə dinləyin və icazəsiz heç nə etməyin. İcazə verilməyənə qədər imtahan testi üzərində işləməyə də başlamayın.

 

Kuratorla birlikdə cavablar kağızına diqqətlə baxın. Çünki elə hallar olur ki, cavablar kağızı problemli olur. Bu zaman onu dəyişmək hüququnuz var. Cavablar kağızınızın qaydasında olduğuna əmin olduqdan sonra sektor sənədinə imza atın.

 

Test üzərində işləmək üçün vaxtı düzgün bölmək vacibdir. Əgər cavabını bilmədiyiniz və ya əmin olmadığınız sual olarsa, vaxt itirməyin, növbəti suala keçin. İmtahan vaxtı ərzində cavablandırmadığınız suala istədiyiniz qədər qayıda bilərsiniz. Ona görə, yaxşı olar ki, cavabını dəqiq bildiyiniz tapşırıqları yerinə yetirəsiniz.

 

İlk növbədə bildiyiniz cavabları yazmağınız baryeri aşmaq üçün neçə balınızın çatışmadığını hesablamağa və müəyyən etməyə, sonra isə yenidən testə qayıdıb işləməyə davam edə bilməyinizə kömək edəcək.

 

Açıq suallara, yalnız konkret nə soruşduqlarına cavab verin. Tapşırığı boş sözlərlə uzatmağınız sizə bal qazandırmayacaq, qısa, konkret və aydın şəkildə yazın.

 

Sualları cavabsız qoymayın. Yazılı tapşırıq zamanı çalışın nə tələb edirlər onu yazasınız. Heç bal qazanmamaqdansa az bal qazanmağınız daha yaxşıdır. Heç bir halda cavablar kağızını boş qoymayın.

 

Cavablar kağızını doldurmaq üçün yalnız mərkəzin və ya mərkəz tərəfindən icazə verilmiş qələmdən istifadə edin. Cavablar kağızında tapşırıqla əlaqəsi olmayan heç nə yazmayın (ad, nömrə, ünvan, qeyd, fiqur və s.).

 

İmtahan vaxtı başa çatan kimi test üzərində işləməyi dayandırın və cavablar kağızını kuratora təhvil verin.

 

İmtahan mərkəzindən çıxanda qeydiyyat zamanı qoyduğunuz əşyaları götürməyi unutmayın.

 

Mənbə: etaloni.ge