Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz ali və peşə təhsil müəssisələrində abituriyentlərin qəbulu ilə bağlı məlumatları dərc edib.

 

YENİYOL.GE Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin yaydığı məlumata əsasən xəbər verir ki, müvafiq təhsil proqramı üzrə təhsil almaq hüququ qazanıb-qazanmadığını öyrənmək üçün imtahan verən şəxs online.naec.ge veb-səhifəsinə daxil olmalı və müvafiq xanada şəxsi nömrəsini və şifrəsini qeyd etməlidir.

 

Xatırladırıq ki, ali təhsil islahatı çərçivəsində cari ildə abituriyentlərə arzuladıqları sayda ali təhsil proqramları ilə yanaşı, peşə təhsili proqramlarını da seçmək imkanı verilmişdir.

 

Bununla yanaşı, dövlət tərəfindən təsis edilmiş ali və peşə təhsil müəssisələrində təhsil hüququ qazanmış abituriyentlərin tam maliyyələşdirilməsi dövlət tərəfindən təmin edilir.

 

2026-cı ildə Vahid Milli İmtahanların nəticələri əsasında ali və peşə təhsil müəssisələrində təhsil almaq hüququnu 34150 abituriyent qazanıb.

Bakalavr pilləsində 29481 abituriyent təhsil alacaq. Onlardan 17862 abituriyent dövlət ali təhsil müəssisələrinə, 11619 abituriyent isə özəl ali təhsil müəssisələrinə qəbul olunub.

Peşə təhsili proqramları üzrə təhsilini davam etdirmək hüququnu 3141 abituriyent qazanıb (1322-si dövlət peşə məktəbində, 1819-u özəl peşə məktəbində).

Gürcü dili hazırlıq proqramına 1528 imtahan verən şəxs qəbul olunub (dövlət ali təhsil müəssisəsində – 1495, özəl ali təhsil müəssisəsində – 33).

Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz abituriyentlərə xatırladır ki, müqavilə bağlamaq üçün mütləq təhsil hüququ qazandıqları ali təhsil müəssisəsi ilə əlaqə saxlasınlar.