Gürcüstan hökumətinin qərarı ilə oktyabrın 27-si Milli Müəllim Günü olaraq qeyd olunacaq. Hökumət bu qərarı avqustun 30-da baş tutan iclasda qəbul edib.
Hökumət administrasiyasının yaydığı məlumatda qeyd olunub ki, ictimaiyyətdə müəllimlərin roluna diqqət yetirilməsi, onların qiymətləndirilməsi və müəllim peşəsinin əhəmiyyətinin daha da yüksəldilməsi üçün gürcü pedaqoq, Gürcüstanda elmi pedaqogikanın təsisçisi, publisist, uşaq yazıçısı və ictimai xadim İakob Qoqebaşvilinin doğum günündə – 27 oktyabrda Milli Müəllim Günü qeyd olunsun.
“Bu tarixlə əlaqədar hər il ictimaiyyət və təhsil sisteminin inkişafında verdiyi töhfəyə görə gənc müəllimlərə Milli Müəllim Mükafatı, xüsusi hazırlanmış döş nişanı və 10 000 lari pul mükafatı veriləcək”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, dünyanın 100-dən çox ölkəsində Beynəlxalq Müəllimlər Günü oktyabrın 5-də qeyd olunur.
Mənbə: edu.aris.ge