GÜRCÜSTANIN TƏHSİL VƏ ELM NAZİRİNİN
SƏRƏNCAMI N79/ნ
2010-cu il 30 avqust, Tbilisi şəhəri
Şagirdin Davranış Kodeksinin təsdiqlənməsi barədə
“Ümumi təhsil haqqında” Gürcüstan qanununun 26-cı maddəsinin birinci bəndinin “შ1” altbəndinin, 281-ci maddəsinin 2-ci bəndinin “l1” altbəndi və “Gürcüstanın Təhsil və Elm Nazirliyinin əsasnaməsinin təsiqlənməsi haqqında” Gürcüstan hökumətinin 2004-cü il 21 may N37 sərəncamı ilə təsdiqlənmiş əsasnaməsinin 2-ci maddəsinin 2-ci bəndinin “პ.ი” altbəndi və 3-cü maddəsinin 2-ci bəndinin “მ” altbəndi əsasında sərəncam verirəm:
- Əlavəyə uyğun olaraq Şagirdin Davranış Kodeksi təsdiqlənsin.
- Sərəncam dərc edildikdən dərhal sonra qüvvəyə minsin.
D.Şaşkin
Əlavə
ŞAGİRDİN DAVRANIŞ KODEKSİ
Başlıq I
Ümumi müddəalar
Maddə 1. Tənzimləmə predmeti
- Şagirdin Davranış Kodeksi (sonra Davranış Kodeksi) şagirdin davranış qaydalarını tənzimləyir. Şagird həmin davranış qaydalarına məktəbdə dərs prosesi aparılan, eləcə də məktəb tərəfindən təşkil edilmiş tədbirlərdə iştirak edən zaman riayət edir.
- Davranış Kodeksi təhsil üçün şagirdin bilik əldə edəcəyi, bacarıqlarını və dəyərlərini formalaşdıracağı mühit və şəraitin yaradılmasına dəstək olur.
- Məktəb bütün müəllimləri, şagirdləri və valideynləri Davranış Kodeksi ilə tanış etmək öhdəliyi daşıyır.
- Məktəbin daxili nizamnaməsi Davranış Kodeksinə əsaslanmalıdır.
Maddə 2. Davranış Kodeksinin məqsədi
- Davranış Kodeksinin məqsədi şagirdin davranışının vahid qaydalarını tətbiq etməkdir.
- Davranış Kodeksi şagirdin öz hərəkətini idarə etməsinə, şagirdlərin nizam-intizama və qarşılıqlı hörmət bəsləməsinə, məktəbdə mehriban və təhlükəsiz təhsil mühitinin tətbiqinə dəstək olur.
Maddə 3. Tənzimləmə sahəsi
- Davranış Kodeksi Gürcüstan vətəndaşı, xarici ölkə vətəndaşı olan və vətəndaşlığı olmayan bütün məktəb şagirdlərinə aiddir.
- Məktəb rəhbərliyi, müəllimlər, məktəbdə işlə təmin olunmuş digər şəxslər və valideynlər Şagirdin Davranış Kodeksinin qorunmasına dəstək olurlar.
Başlıq II
Şagirdin davranış qaydaları
Maddə 4. Müəllimə və məktəbdə işləyən digər şəxslərə münasibət
- Şagird müəllim və məktəbdə işləyən digər şəxslərlə münasibətdə həmişə nəzakətlidir və onları hər hansı şəkildə təhqir etmir.
- Şagird məktəb direktorunun, müəllimin, məktəbdə işləyən digər şəxs və mandaturun qanuni göstərişlərinə tabe olur.
Maddə 5. Şagirdlərlə münasibət
Şagird digər şagirdlərlə nəzakətlə davranır, onlarla zorakılıq hədələrindən, böhtan və ya istehza xarakterli ifadələrdən çəkinir və onları hər hansı şəkildə təhqir etmir.
Maddə 6. Şagirdin geyim qaydası
Şagird məktəbə ümumtəhsil müəssisəsinə uyğun geyim və aksessuarlarla gəlir.
Maddə 7. Şagirdin məktəb ərazisində, dərs prosesi və məktəb tədbirləri zamanı davranışı
- Şagird dərsə və ya məktəbin təşkil etdiyi digər maarifləndirici tədbirlərə vaxtında gedir.
- Dərsdə olarkən şagirdin dərs prosesi üçün vacib olan əşyaları olur.
- Şagird başqalarının hüququnu tapdalamadan fikir və baxışlarını ifadə edir.
- Şagird dərs zamanı mobil telefondan və ya başqa texniki vasitədən qeyri-təhsil məqsədi ilə istifadə etmir.
- Şagird müəllimə və başqa şagirdlərə dərs prosesi aparılan zaman mane olmur.
- Şagird başqasının fikrinə və akademik işinə hörmətlə yanaşır, başqasının intellektual fəaliyyəti nəticəsində yaranan məhsulu özünə aid hesab etmir.
- Şagird dini və siyasi təbliğat aparmır.
- Şagird müəllimin icazəsi olmadan dərsi tərk etmir.
- Şagird özünün, başqa şəxslərin və məktəbin əmlakından muğayat olur və ona ziyan vurmur.
- Şagird məktəbdə və ətraf ərazidə təmizliyə riayət edir.
Maddə 8. Məktəbdə qadağan olunan əşyalar
Şagird məktəbə qeyd olunan əşyalarla gəlmir:
a) Tütün məhsulları;
b) Hər növ silah və ya silah kimi istifadə oluna biləcək küt əşyalar;
c) Alışqan və ya kibrit;
ç) Spirtli vasitələr;
d) Dərs prosesinə mane olacaq texniki vasitələr;
e) Dəyərli əşyalar və ya böyük miqdarda pul;
ə) Qumar oyunu üçün vasitələr;
f) Ədəbsizliyi təsvir edən əşyalar;
g) Narkotik vasitələr;
h) Partlayıcı və zəhərləyici maddələr;
x) Həkimin müvafiq icazəsi olmadan psixotrop maddələr.
Maddə 9. Davranış Kodeksinin pozulmasına görə məsuliyyət
Bu kodekslə müəyyən edilmiş davranış normalarının şagird tərəfindən pozulması Gürcüstanın “Ümumi təhsil haqqında” qanununda və məktəbin daxili qaydaları ilə nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb edilməsinə səbəb olur.
Gürcü dilindən tərcümə: A.Əliyeva