2023-2024-cü tədris ilinin başlanğıcında birinci sinfə gedən şagirdlərin 15851 nəfəri 7 yaşında olub, onlardan 7638-i qız, 8213-ü isə oğlandır. Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Məlumat “Gürcüstanda uşaqlar və yeniyetmələr – 2023” başlığı ilə ötən ilin dekabr ayının sonunda yayımlanıb.
Məlumatda bildirilir ki, tədris ilinin başlanğıcında 39455 nəfər birinci sinif şagirdi 6 yaşında olub, onlardan 19287-si qız, 20168-i isə oğlandır.
Ümumilikdə isə 2023-2024-cü tədris ilində Gürcüstanın ümumtəhsil məktəblərində 634311 şagird təhsil alır ki, onlardan 305945-i qız, 328366-sı oğlandır. 1-ci sinifdə isə 55 806 şagird təhsil alır.
Adətən qanunla müəyyən edilmiş yaşda məktəbə daxil olan şagird məktəbi yetkin yaşda bitirir, lakin Milli Statistika Xidmətinin məlumatına əsasən, orta məktəblərdə 18 və daha yuxarı yaşda olan şagirdlər də təhsil alırlar.
Belə ki, cari tədris ilinin əvvəlində II sinifdə 1 nəfər 18 yaşlı şagird və 1 nəfər 21 və daha yuxarı yaşlı şagird təhsil alır; 1 nəfər 18 yaşlı və 2 nəfər 19 yaşlı şagird IV sinifdə təhsil alır. Həmçinin cari tədris ilinin əvvəlində yaşı 21 və yuxarı olan 1 nəfər II və 3 nəfər V sinif şagirdi olub.
Rəsmi məlumatlara görə, birinci sinif şagirdləri arasında yuxarı yaşlı şagirdlər də var: 15 yaş (2 şagird), 12 yaş (1 şagird), 11 yaş (9 şagird), 10 yaş (15 şagird), 9 yaş (74 şagird), 8 yaş (399 şagird).
Qeyd edək ki, Milli Statistika Xidməti məlumatların mənbəyi kimi Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyini qeyd edir.
Mənbə: edu.aris.ge